Nəğməkar xalqın bəstəkar qızı – ZƏMİNƏ TARİYEL QIZI – Hafiz Mirzə yazır

Nəğməkar xalqın bəstəkar qızı – ZƏMİNƏ TARİYEL QIZI – Hafiz Mirzə yazır

Lənkəran Azərbaycanın Xəzər dənizi ilə Talış dağları arasında yerləşən, subtropik iqlimi, zəngin meşələri, məhsuldar torpaqları ilə seçilən və özünün digər təbii-coğrafi özəllikləri ilə fərqlənən ünikal gözəlliklər diyarıdır.

Sıldırım dağlıq, qayalıq və daş-kəssəklə əhatə olunmuş ərazilərin sakinləri təbiətin sərtliyi ilə doğmalaşarlar. Lənkəran kimi yumuşaq təbiətli ərazilərin sakinləri isə xarakter etibarı ilə sakit, üzüyola, həyatsevər, mehriban və zəhmətkeş olurlar. Onlar münbit torpaqla əlləşməkdən, əkib-becərməkdən həzz alırlar. Bolluq onlar üçün firavanlığı, gözəl, maraqlı, həzz dolu həyatı təmin edir. Bu səbəbdən də Lənkəran insanının rahat evi, isti ocağı, dadlı yeməkləri və xoş əhval-ruhiyyəsi onun vizual təqdimatı və tale qismətidir. “Sevinmək, gülmək, xoş sözlər danışmaq və mahnı oxumaq lənkəranlı üçün fitrət işidir” deyə bilərik. Bunu dəqiq ifadə etmək üçün Lənkəran əsilli onlarca aktyorun, müğənninin, bəstəkarın adını çəkmək olar. Amma pis olan odur ki, Lənkəranda tarixən də, indi də piar işi, özünütəbliğ, reklam və tərifat maraqları çox aşağı səviyyədə olub.Yoxsa bu diyar ölkəyə onlarca daha digər müğənni və bəstəkar təqdim edilərdi. Tanınanların bir çoxu artıq klassikə çevrilib. Böyük bəstəkar Əbdül-müslüm Maqomayev heç nahaq yerə müəllimliyə, fəal etnoqraflığa və bəstəkarlığa Lənkərandan başlamamışdı. Əkinçilik peşəsi burada insanlar arasında kollektivçilik hissini formalaşdırmışdır. Birlikdə toplanan insanlar istirahət üçün oturduqda hökmən süfrə açacaq, qalxıb iş görməyə başladıqda isə hökmən birgə nəğmə oxuyacaqlar. Bu da bir qaydadır. Xüsusən çəltikçilik Lənkəranda çoxlu xalq nəğmələrinin yaranmasına və formalaşmasına səbəb olmuşdur. Əvvəllər hətta hər kəndin öz nəğmələri var idi. Dahi Müslüm Maqomayev onun bu qədər çox nəğmə toplamasına təəccüblənən şagirdinə “…dəryada balıq qurtarmadığı kimi, talışda da nəğmə bitən deyil” demişdi.
Dadlı mətbəxi, xüsusən ləvəngisi dillər əzbəri olduğu qədər də əslində Lənkəran nəğməkar diyardır. Bəli, bu barədə çox az yazılıb. Qeyd etiyim kimi, lənkəranlılar fitrətən malik olduqlarını çox qabartmağı, şişirtməyi, göstərməyi, özünü gözə soxmağı heç sevmirlər. Məsələn, Lənkəranda hər bir müğənni həm də özünün onlarca bəstəsi olan həvəskar bəstəkardır. Adlarını qeyd edim: Cavad Rəcəbov, Qurban Nəzərov, Cavid Lənkəranlı, Elnur Valeh, Rəhim Hüseynov, Zaur Babayev, Elgün Əlizadə və digər müğənnilər bir toy qədər ifa edə biləcəkləri gözəl mahnıların müəllifləridir.
Bu mənada bu diyarın yetirməsi olan Firəngiz Əlizadənin indi Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə yüksəlməsi tam qanunauyğunluq sayıla bilər. Ancaq bizim əsas məqsədimiz heç də musiqi sahəsində bir bölgəni hədsiz tərifləmək, fərqləndirmək, qabartmaq deyil. Zatən ölkəmizin digər bölgələri də özünün gözəl keyfiyyətləri ilə fərqlənir, sevilir, amma heç digər diyarlarımız da əslində layiq olduğu qədər geniş təbliğ olunmur.
Bəlkə də buna görədir ki, əksər lənkəranlıların həm də potensial şair və bəstəkar olduğu bir diyarda ayrıca peşəkar bəstəkarların yetişməsi bəzən gözlənildiyindən çox az olur və ya çox az tanınır. Nümunə olaraq Muğanı qeyd edək. Əslində muğamın Vətəni qədim muğlar diyarı olan Muğandır. Amma sonrakı dövrdə muğam Qarabağ üçün daha çox xarakterik bir kəramət növü kimi tanınmışdır. Bu mənada Lənkəranı “ləvəngi” yurdundan daha çox nəğməkar insanlar diyarı kimi tanımağımız daha doğru olardı. Amma həyat öz qeyri-adilikləri və ziddiyətləri ilə daha maraqlıdır, daha gözəldir.
Düşünürəm ki, bundan sonra deyəcəyim fikirlər üçün giriş olaraq bu qədər geniş təfərrüat kifayətdir.
Bir bəstəkar xanım barədə danışacağam!
Əslində büsbütün potensial bəstəkar olan camaatın peşəkar bəstəkarı ola bilmək bir ayrı və çox üstün bir məziyyətdir. Zəminə Tariyel qızı Əliyeva da məhz bu cür əla¬hid¬də istedad sahibi olan şəxslərdən – bəstəkarlardandır. Lənkəranda onu tanımayan çox az ziyalı tapmaq olar. Əgər kimsə tanımırsa, onu ziyalı hesab etməyə tələsməyək. Ölkə paytaxtında yaşasaydı, yəni yara-dıcılıq və musiqi mühitinin içərisində failiyyət göstərsəydi, tanıyanı daha çox olacaqdı – təbiidir. Təbii olmayan odur ki, bizdə hər şey paytaxt kriteriyaları ilə ölçülür və paytaxtın əmsalı həmişə daha yüksək qəbul olunur. Əslində isə əyalətdə yaşayaraq yaradıcılıq inciləri yaradılmasının koeffissienti (əmsalı) daha yüksək götürülməlidir.
Ölkə əhalisi və daha geniş musiqi ictimaiyyəti üçün kimdir Zəminə Tariyel qızı?
Zəminə Tariyel qızı Əliyeva 15 aprel 1970-ci il tarixdə Lənkəran rayonunun Şıxakəran kəndində, məşhur kamança ifaçısı Tariyel Əliyevin ailəsində anadan olmuşdur. Zahirən və daxilən büsbütün musiqidən ibarət olan, səsi də, davranışı da kaman səsini xatırladan rəhmətlik Tariyel müəllimin övladı da sadə məntiqə görə məhz musiqi xadimi olmalı idi. Lənkəranda keçirilən böyük musiqi tədbirləri, xüsusən muğam gecələri Tariyel müəllimsiz ötüşməzdi. Lənkəranın el şənliklərinə, ailə mərasimlərinə dəvət alan məşhur muğam ifaçıları Tariyel Əliyev var ikən, buraya özlərilə kamança ifaçısı gətirmirdilər. Hərçənd ki, onun müşahiyyəti ilə özü istədiyi kimi sərbəst oxumaq da hər xanəndənin hünəri deyildi. Tariyel müəllim çox tələbkar və muğamın çox gözəl bilicisi idi; kimsə onunla mübahisə edə bilməzdi.
Tariyel müəllim evdə qızı Zəminəyə qarşı da çox tələbkar idi. Bunun nəticəsi olaraq Zəminə mükəmməl formalaşdı, musiqini bütün varlığı ilə sevdi. O hələ uşaq yaşlarında olanda evlərində çoxlu tanınmış incəsənət xadimlərini görmüşdü. Xalq artisti Teymur Mustafayev, xalq artisti Canəli Əkbərov, xalq artisti, tarzən Əhməd Bakıxnov və onun 1931- ci ildə Lənkəranda yaratdığı xalq çalğı alətləri ansamblın üzvləri evlərinin ən əziz qonaqları idi. Onlar burada müxtəlif mədəni-kütləvi tədbir və toylar üçün məşqlər edirdilər. Uşaqlıqdan Zəminənin qulaqları Azərbaycan xalq mahnılarını, muğamları, Azərbaycan xalq rənglərini, ritmik muğamları eşidirdi. Onun böyük musiqiyə sevgisi məhz bu səbəbdən daha güclü formalaşır, dərinləşirdi.
Zəminə ibtidai musiqi təhsilinin əvvəlcə evdə atasından aldı.
1985-ci ildə Zəminə Şıxakəran kənd orta məktəbinin VIII sinifini bitirdi. Orta məktəbdə oxumaqla yanaşı 1979-cu ildən C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbində də ibtidai musiqi təhsili alırdı. Burada oxuyarkən musiqi nəzəriyyəsi üzrə İradə Məlikovadan, Sevil müəllimədən, fortepiano üzrə isə Lilya Ağayevadan dərs aldı. 1985-ci ildə həm də bu məktəbin “fortepiano” ixtisası üzrə VI sinifini başa vurdu. O zaman məktəbin direktoru əməkdar mədəniyyət işçisi Nəriman Quliyev idi. Nəriman müəllim Zəminənin fitri istedadına heyran qalmışdı. Onu həm müəllimlərinə, həm də atasına tapşırır, bu qızın böyük musiqi xadimi olacağını dönə-dönə bildirirdi. Atası Tariyel Əliyev də həmin məktəbdə kamança üzrə dərs deyirdi.
1985-ci ildə Zəminə Lənkəran musiqi texnikumuna daxil oldu. 4 il burada orta ixtisas təhsili aldlqdan sonra 1989-cu ildə texnikumu “Musiqi Nəzəriyyəsi” ixtisası üzrə əla qiymətlərlə bitirdi. Elə həmən ildə də o, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına “Musiqişünaslıq” ixtisası üzrə daxil oldu. 1994-cü ildə ixtisası üzrə konservatoriyanı uğurla başa vurdu.
Konservatoriyada o, musiqişünas, professor, sənətşünaslıq namizədi Solmaz Qasımovadan, professor, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyevadan, professor Xanlar Məlikovdan, Üzeyir Hacıbəylinin tələbəsi olmuş, folklorşünas alim, sənətşünaslıq namizədi professor Məmmədsaleh İsmayılovdan, Azərbaycan Xaq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovdan, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, dosent Şəhla Həsənovadan, musiqi tənqidçisi, professor Zümrüd Dadaşzadədən, Sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, Şöhrət ordenli Fərəh Əliyevadan və digər dəyərli müəllimlərdən musiqi barədə peşəkar bilgilər aldı. Diplom işi “Lənkəranda keçmiş toy mərasimləri” adlı mövzu idi. Komissiya onun işini əla qiymətləndirdi. Diplom rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, dosent Şəhla Həsənova idi.
Konservatoriyada oxumaqla yanaşı o, 1989-1992-ci illərdə Lənkəran Şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində “Musiqi Nəzəriyyəsi” şöbəsində məllim və şöbə müdrü vəzifəsində işləmişdi. 1992-ci ildə Lənkəran musiqi texnikumunda (indiki Lənkəran Dövlət Unuversitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində) “Musiqi Nəzəriyyəsi” ixtisası üzrə müəllim və “Musiqi nəzəriyyəsi və Xor dirijorluq” ixtisası üzrə fənn komissiya sədri vəzifəsində çalışdı. 2009-cu ildə ixtisaslı kadırların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətimə görə Təhsil Naziri Misir Mərdanov, 2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecin direktoru və İcra başçısı tərəfindən fəxri fərmanlarla təltif olundu. 2008-ci ildə ölkədə ilk dəfə Azərbaycan Qadınlar Qurultayı keçirilirdi. Zəminə Əliyeva Lənkəran şəhərinin öndə gedən ziyalı və zəhmətkeş xanımlarından ibarət 40 nəfərlik qurultay nümayəndəsi seçildi. Bu nümunəvi xanımlar sırasında musiqi sahəsini təmsil edən yeganə qadın Zəminə Tariyel qızı Əliyeva idi.
Onu artıq həm də bəstəkar xanım olaraq dəyərləndirir, sənətinə yüksək qiymət verirdilər. Yerli müğənnilər onun bəstələrinə müraciət edir, repertuarlarına Zəminə Tariyelqızının mahnılarını həvəslə salırdılar. Amma o daha çox klassik janrda əsərlər yazmağa çalışır, peşəkar bəstəkarlığa meyillənirdi.
2001-ci ildə Zəminə xanım Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sonra isə İttifaqın Lənkəran təşkilatının məsul katibi vəzifəsinə seçildi.
1997, 1998, 1999 və 2000 ci illərdə Əməkdar müəllim Fikrət Kərimlinin rəhbərlik etdiyi Lənkəran Musiqi Texnikumunda və Lənkəran Dövlət Universitetində onun yaradıcılıq gecələri keçirildi. Bu çox böyük mədəniyyət hadisəsi idi. Onun yaradıcılıq gecələri Cənub televiziyası vasitəsilə efirə verildi, tamaşaçıların böyük marağına səbəb oldu. Amma Zəminə hələ özünü əsl peşəkar bəstəkar hesab etmirdi. Peşəkar bəstəkar olmaq üçün bəstəkarlıq təhsili almalı idi. Bu səbəbdən 2006-cı ildə yenidən Azərbaycan Milli Konservatoriyasına daxil oldu, 2009-cu ildə oranı “ Bəstəkarlıq” fakultəsi üzrə müvəfəqiyyətlə bitirdi. Onun ixtisas üzrə müəllimi Cəlal Abbasov idi. Cəlal Abbasov Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi olmaqla yanaşı həm də dünya şöhrətli bəstəkar Qara Qarayevin tələbəsi olmuşdu. O, musiqinin Qara Qarayevdən öyrəndiyi sirlərini böyük həvəslə Zəminəyə öyrətməyə çalışmışdı. Zəminə Əliyevanın diplom işi Xalq çalğı alətləri orkestri üçün 4 hissəli “Lənkəran lövhələri” süitası idi. Onun bu əsəri Dövlət imtahan komissiyasının sədri görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov və digər üzvlər tərəfindən çox yüksək qiymətləndirildi. Süita əməkdar incəsənət xadimi, xalq artisti, professor, Şöhrət ordenli Ağaverdi Paşayevin dirijorluğu ilə və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri tərəfindən ifa olundu.
Zəminə xanım tələbəlik illərində də bir sıra əsərlər yazmışdı. O eyni zamanda məqalələr və çıxışlarla mətbuat və Dövlət tədbirlərində, yerli televiziyada çıxışlar edirdi.
Musiqişünas kimi yazdığı məqalələr xüsusi ilə yüksək dəyərləndirilirdi. Onun “Lənkəranda keçmiş toy mərasimləri” (Lənkəran qəzeti 09.12.1998); “Lənkərandan yazırlar” (Musiqi dünyası jurnalı 3-4.2001); “Ustad simfonist” (Azərbaycan qəzeti 10.04.2003); “ Zamanın fövqündə duran sənətkar” (Sənətkar jurnalı 2009.№2); Azərbaycan qadını jurnalı №10.11.1998.səh 98-də dərc olunurdu.
Bəstəkarlıq fəaliyyəti də yeni vüsət almışdı. O, Vaqif Hüseynovun, Məsud Dövranın, Ağamir Cavadın, Nüsrət Kəsəmənlinin, Xəlil Rzanın, Xalidə Vaqifqızının, Xatirə Xatunun və digər şairlərin sözlərinə onlarca mahnı yazmışdı. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “Elnur Talıbovun xatirəsinə” həsr etdiyi mahnı-klip (Sözləri Xalidə Vaqifqızına aiddir) dinləyicilər və musiqişünaslar tərəfindən yüksək qiymətləndirildi. Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Vətən oğlu” və “Azərbaycan” xor əsərləri də yüksək peşəkarlıqla yazılmışdı. Onun fortepiano üçün 13 prelüdya (2006), bir neçə xalq mahnı işləmələri, “Bahar duyğuları” adlı romans, Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşasının yazdığı musiqi, Fortepiano və skripka üçün 3 hissəli sonata (2008) xüsusi böyük istedad məhsulu idi. Sonuncu əsər 02 dekabr 2011-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına konsert salonunda- kamera konsertində səslənmişdi. Fortepiano üçün 8 variasiya (2007), Xalq çalğı alətləri orkestri üçün 4 hissəli “Lənkəran lövhələri” süitası (2009) onun şah əsərlərindən hesab olunur. Bu əsər 30 aprel 2010-cu ildə Ü.Hacıbəylinin 125 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertdə səslənmişdi.
Amma onun failiyyəti təkcə musiqi müəllimi olması tamamlanmır. Zəminə xanım musiqişünas- bəstəkar, ifaçı və pedaqoqdur. 100-ə yaхın maһnının, оnlarla rоmansın, valsın müəl-lifidir. Hazırda o, Lənkəran Dövlət Unuversitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin musiqi şöbəsini muəllimi olan Zəminə Tariyel qızı bölgənin ən mükəmməl musiqişünaslarından və bəstəkarlarından biri hesab olunur. Yerli müğənni-bəstəkarlar Zəminə xanımın iştirak etdiyi məclislərdə öz mahnılarını təqdim etməyi məqbul hesab etmir, ondan çəkinirlər. Musiqi barəsində hər hansı bir sual yarandıqda ÇatGPT-ə müraciət etməyə ehtiyac qalmır – bir ünvan var: Zəminə Tariyel qızı!.
Onun bəstələdiyi mahnıları Lənkəranda ən populyar müğənnilər, o cümlədən xalq artisti Flora Kərimova ifa etmişdir. Lənkəranda çох vaхt ictimai tədbirlərdə bədii һissənin təşkili işləri оna һəvalə еdilir.
Ruhu musiqi dalğalarında süzən bu gözəl xanımın qəlbi humanist duyğularla doludur. Belə ki, o həm də mükəmməl heyvansevərdir. Öz şəxsi vəsaiti hesabına hər gün onlarca sahibsiz iti və pişikləri qidalandırır, ehtiyac yarandıqda onları veterinar həkimə aparır, özünün şəxsən müalicə etdiyi faktlar da az deyil. Hyvanların parlaq musiqi duyumunun olmadığına təəssüf edir; onlar üçün gözəl mahnılar bəstələyərdi.
Musiqisevərlərin heyranlıq hədəfinə çevrildiyi halda Zəminə Əliyeva ən gözəl mahnılarını hələ bəstələmədiyini bildirir. Yox, bu heç də təvazökarlıq ifadəsi deyil. Tək-tənha olduqda o əsərləri özü üçün ifa edir. O əsərlərdə minilliklərdən gələn bir xalqın həssas musiqi ruhu dolaşır. Not əlifbası, aktava səsləri o musiqiləri ifadə etməkdə acizdir. O musiqilər çalmaq, dinləmək, duymaq üçün deyil. O musiqilərə dalmaq, onun dalğalarında uçmaq, süzmək üçün sinəndə Vətən boyda sevgi yaşatmağı bacarmaq lazımdır – eynən bəstəkar Zəminə Tariyelqızı kimi!

Hafiz MİRZƏ

P.S. Aprelin 15-i Zəminə Tariyelqızının doğum günüdür! Gözəl insan, həssas xanım, böyük bəstəkar, mükəmməl pedaqoq Zəminə Əliyevanı bu münasibətlə təbrik edirik! Bu dünyada onun da öz missiyası var və o missiya gözəl musiqi səslərilə ifadə olunur.

Share: