Tellərdə dillənən o, müqəddəs səs,
Sən sənət mülkünə gətirdin nəfəs.
Qəlbində yurd salan o, nəcib həvəs,
Lənkəran elinin vüqarı, ustad!
Milli kökə bağlı, nəsillərə ad,
Ömrün hər anıyla yaşayır bu san.
Keçib sınaqlardan gələn hər saat,
Zamanın fövqündə ucalır insan.
Nəcib bir əməlin izidir addım,
Haqqın tapındığı düzüdür addım,
Tarixin silinməz sözüdür addım,
Ömrün hər anıyla yaşayır bu ad.
Hər bir yurdun mənəvi xəritəsi onun coğrafi hüdudları ilə deyil, yetişdirdiyi, cəmiyyətə qazandırdığı kübar və işıqlı şəxsiyyətlərin mənəvi ucalığı ilə ölçülür. Cənubun dilbər guşəsi, Xəzərin mirvarisi Lənkəran torpağı bəşəriyyətə və Azərbaycan mədəniyyətinə çox sayda görkəmli simalar bəxş etmişdir. Bu uca sənət və mədəniyyət salnaməsində özünəməxsus dəsti-xətti, aristokrat xarakteri, kübarlığı və nəcibliyi ilə seçilən ustad sənətkar, ömrünü milli musiqimizin incisi olan tar sənətinə həsr etmiş tanınmış pedaqoq İbrahim Qəzənfər oğlu Nəsirli məhz belə unudulmaz simalardandır. O, sadəcə bir musiqiçi, bir müəllim deyil, o, kökünə, nəslinə, milli dəyərlərinə dərindən bağlı olan, əsl təmizqanlı, kübar Azərbaycan ziyalısının canlı timsalıdır.
Nəsirli İbrahim Qəzənfər oğlu 1950-ci ildə Lənkəran şəhərində ziyalı, köklü bir ailədə dünyaya göz açmışdır. İlk təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alan İbrahim müəllimin qəlbindəki sənət sevgisi onu musiqinin ecazkar dünyasına çəkmişdir. Sənətə olan sonsuz sevgisi və istedadı onu 1983-cü ildə Lənkəran Musiqi Texnikumunu bitirməyə sövq etmiş, bu illər ərzində tar alətinin sirlərinə dərindən yiyələnmişdir.Müşfiqi sehrinə salan tar, İbrahim muəllimmin də ruhunun ifadəçisi, həyatının mənası və cəmiyyətə ötürmək istədiyi mənəvi işığın rəmzi olmuşdur.
İbrahim Nəsirlinin pedaqoji fəaliyyəti bütöv bir nəslin musiqi zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. O, 1980-1988-ci illərdə Lənkəran şəhər mədəniyyət evində tar ixtisası üzrə fəaliyyətə başlayaraq ilk gənclik enerjisini sənətin təbliğinə həsr etmişdir. Daha sonra, 1988-2000-ci illərdə C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində, 2000-2017-ci illərdə isə H.Rzayeva adına Lənkəran şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Uzun illər çalışdığı 2 nömrəli Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri və məktəbin həmkarlar ittifaqının sədri kimi məsuliyyətli və şərəfli vəzifələri daşımış, kollektivin və rəhbərliyin dərin rəğbətini qazanmışdır.
Onun tədris prinsipləri təkcə notları öyrətməkdən ibarət olmamışdır; o, tələbələrinə musiqinin fəlsəfəsini, tarın milli ruhunu və ən əsası, mədəni insan olmağın sirlərini aşılamışdır. Məhz bunun nəticəsidir ki, İbrahim müəllimin yetirmələri bu gün respublikanın ən ali musiqi müəssisələrində Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almış, məzun olmuş və ölkəmizin mədəniyyət cəbhəsində uğurla addımlayırlar. Dövlət İmtahan Mərkəzinin musiqi ixtisası üzrə qabiliyyət imtahanı komissiyasının üzvü kimi onun obyektivliyi və peşəkarlığı gənc istedadların düzgün istiqamətləndirilməsində mühüm meyar olmuşdur.
Sən tarı dindirdin ruhun səsiylə,
Bəslədin gəncliyi can həvəsiylə.
O,nəcib, o,məğrur xasiyətinlə,
Sənət zirvəsində bir iz qoymusan,
Könüllər mülkündə əziz olmusan.
İbrahim Nəsirli təkcə sinif otaqlarında deyil, Lənkəranın bütün mədəni, ictimai-siyasi həyatında, mötəbər dövlət tədbirlərində və konsertlərində fəal peşakar kimi,ön sırada olmuşdur. Dəfələrlə təşkil edilən solo konsertləri regional və respublika televiziya kanallarında işıqlandırılmış, onun sənəti geniş kütlələr tərəfindən rəğbətlə qarşılanmışdır. ARB-Cənub televiziya kanalında yayımlanan məşhur “Cənub ulduzu” televiziya müsabiqəsinin münsiflər heyətinin rəhbəri kimi o, gənc nəsillərə ata qayğısı və ustad xeyir-duası vermişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş tədbirlərdə şagirdlərinin yüksək səviyyəli çıxışlarına və rayonun ictimai həyatındakı xidmətlərinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm şöbəsi, eləcə də Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən çoxsaylı fəxri fərmanlar və diplomlarla təltif edilmişdir. Onun çoxillik səmərəli fəaliyyətinin ən uca zirvələrindən biri isə 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yüksek dövlət mükafatına, “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülməsi olmuşdur.
Onun iki zirvəli dünyasınfa musiqi və idman
İbrahim müəllimin daxili dünyasının zənginliyindən xəbər verir.O,sübut edir ki,onun zəkası,təkcə musiqi ilə məhdudlaşmır. O, həmçinin düşündürücü strategiya oyunu olan stolüstü idmanın dama növündə böyük uğurlara imza atmışdır. Respublika səviyyəli yarışlarda dəfələrlə çempionluq taxtına ucalan ustad, idman ustalığına namizəd adını qazanmışdır. Bu detal onun analitik təfəkkürünün, səbrinin və daxili nizam-intizamının göstəricisidir. Musiqinin sərbəst emosiyası ilə damanın riyazi dəqiqliyi onun şəxsiyyətində möhtəşəm bir harmoniya təşkil etmişdir.
Nümunəvi ailə başçısı İbrahim müəllimin həyatının ən böyük əsəri, şübhəsiz ki, qurub yaratdığı örnək ailə modelidir. Həyat yoldaşı Esmira xanım zərifliyi, kübarlığı və xanımlığı ilə seçilən, ömür-gün yoldaşına hər addımda dəstək olan nəcib bir Azərbaycan xanımıdır. Bu müqəddəs ocaqdan cəmiyyətimiz üçün çox dəyərli, savadlı və vətənpərvər iki övlad yetişmişdir. Qızı Vəfa xanım bu gün Lənkəranda Həzi Aslanovun Ev-Muzeyinin direktoru olaraq tariximizin və qəhrəmanlıq irsimizin qorunmasında böyük xidmətlər göstərir. Oğlu Vüsal müəllim isə Lənkəran Dövlət Universitetinin baş müəllimi kimi gənc nəslin təhsilində atasının yolunu şərəflə davam etdirmiş, ziyalı adını uca tutmuşdur. Bu ailə Lənkəranda təmizliyin, ləyaqətin və ziyalılığın etalonu hesab olunur.
İbrahim müəllim elə bir insandır ki, onun haqqında danışarkən ruhun dincəlir. Onun həlimliyi, nəcibliyi, hər kəsə qarşı göstərdiyi xüsusi diqqət və mədəniyyət onu müasirlərindən fərqləndirən əsas cəhətlərdir. O, əsl kökünə, nəslinə sadiq, daxilən zadəgan olan aristokrat şəxsiyyətdir. Yaxınlaşmaqda olan doğum günü ərəfəsində bu böyük ustadı, gözəl ailə başçısını ürəkdən təbrik edir, ona cansağlığı, tükənməz ailə sevinci və mənəvi ucalıq arzulayıram. Yaxşı ki varsınız, mədəniyyətimizin unudulmaz İbrahim müəllimi!
Lənkəran Dövlət Uiversitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadir qızı Məcidova






















