Nəcibə İLKİN – 65
Ədəbiyyat və jurnalistika sözə məsuliyyətlə yanaşan insanların ömür yoludur. Bu yolda qazanılan ən böyük uğur təkcə kitablar, qəzetlər və mükafatlar deyil, həm də oxucu sevgisi, qələm nüfuzu və cəmiyyətə verilən mənəvi töhfələrdir. Şair, publisist, jurnalist, redaktor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəcibə İlkin də uzun illərdir öz yaradıcılığı və fəaliyyəti ilə bu dəyərlərə sədaqətlə xidmət edən qələm adamlarındandır.
Nəcibə xanımla tanışlığımız da uzun illərə söykənir. Müxtəlif ədəbi tədbirlərdə, poeziya gecələrində, kitab təqdimatlarında, mətbuatla bağlı görüşlərdə dəfələrlə bir araya gəlmişik. İllər keçdikcə bu tanışlıq qarşılıqlı hörmətə, səmimiyyətə və dostluğa çevrilib. Hər görüşümüzdə zarafatla ona “adaş” deyirəm. Eyni təxəllüsü daşımağımız həmişə aramızda xoş bir zarafat mövzusu olub. O da bunu həmişə təbəssümlə qarşılayır. Düşünürəm ki, insanları yaxınlaşdıran təkcə eyni peşə deyil, həm də eyni dəyərlərə bağlılıqdır. Məhz buna görə də bu gün onun yubileyi münasibətilə yazdığım bu sətirlər mənim üçün adi bir təbrik deyil, qələm dostuma ünvanlanan ürək sözlərimdir.
Nəcibə İlkinin ömür yolu zəhmətin, axtarışın və sözə sədaqətin nümunəsidir. Tərtərin Sarov kəndində dünyaya göz açan Nəcibə xanım hələ məktəb illərindən poeziyaya maraq göstərmiş, ilk şeirlərini də həmin illərdə yazmağa başlamışdır. Həyat onu müxtəlif peşələrdən keçirsə də, qəlbinin səsi onu həmişə sözə, poeziyaya və mətbuata gətirib. Əmtəəşünaslıq və iqtisadiyyat sahəsində təhsil alsa da, sonradan filologiyanı seçməsi də təsadüfi deyildi. Çünki onun əsl dünyası söz dünyası idi.
1980-ci illərdən başlayaraq müxtəlif qəzet və jurnallarda dərc olunan şeirləri və publisistik yazıları Nəcibə İlkini oxuculara tanıtdı. “Zaman”, “Kaspi”, “Respublika”, “Ədalət”, “Demokratiya”, “İcmal” qəzetlərində, “Vəfa”, “Sözün işığı”, “Qoşa ulduz” və digər jurnallarda çap olunan yazıları onun yaradıcılıq imkanlarını geniş auditoriyaya təqdim etdi. Ardınca işıq üzü görən “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya”, daha sonra isə “Ömrün söz yağışı” kitabları müəllifin poeziya aləmində özünəməxsus yerini möhkəmləndirdi.
Nəcibə xanımın yaradıcılığı haqqında düşünəndə ilk ağlıma gələn söz səmimiyyət olur. O, hisslərini bəzəkli ifadələrin arxasında gizlətmir. Onun misralarında süni pafosdan çox, yaşanmış duyğular var. Elə buna görə də oxucu onun şeirlərində özünü tapır.
Şairənin yaradıcılığında ana dili mövzusu xüsusi yer tutur. “Ana dilim, Azəri dilim” şeirində dilimizə olan məhəbbət sadəcə poetik tərənnüm deyil, həm də milli kimliyimizə sədaqətin ifadəsidir. Füzulidən Nizamiyə, Dədə Qorquddan Üzeyir bəyə qədər uzanan mənəvi xətt onun şeirində bütöv Azərbaycanın obrazını yaradır. Bu şeir müəllifin Vətənə, tariximizə və milli dəyərlərimizə necə böyük sevgi ilə yanaşdığını göstərən ən gözəl nümunələrdəndir.
“Niyə sevəmmədik bir-birimizi?” şeiri isə Nəcibə İlkin lirikasının ən təsirli nümunələrindəndir. Bu şeirdə ayrılığın ağrısı, insan taleyinin kövrəkliyi, zamanın geri qaytarmadığı hisslər böyük səmimiyyətlə ifadə olunub. Bu şeiri oxuyarkən hər kəs öz həyatından bir parçanı xatırlayır. Məhz buna görə də bu poeziya oxucu ilə danışmağı bacarır.
Son illərdə Nəcibə xanımın yaradıcılığında Vətən mövzusu daha da ön plana çıxıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı şeirlərdə qalib Azərbaycanın sevinci, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və xalqımızın milli birliyi böyük qürur hissi ilə tərənnüm olunur. “Gözün aydın olsun, Azərbaycanım”, “Yaşasın birliyimiz”, “Mən Turana gedən yolam” kimi şeirlərində müəllif həm qələbəmizi vəsf edir, həm də gələcəyə olan inamını, Azərbaycan-Türkiyə qardaşlığını və türk dünyasının birliyini poetik dillə ifadə edir.
Nəcibə İlkin təkcə şair deyil. O, həm də peşəkar jurnalist, publisist və redaktordur. Uzun illərdir təsisçisi və baş redaktoru olduğu “Azad Qələm” qəzeti və “Ali Ziya” jurnalı vasitəsilə Azərbaycan mətbuatına və ədəbi mühitinə mühüm töhfələr verir. Gənc müəlliflərin tanıdılması, söz adamlarının bir araya gətirilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işlər xüsusi qeyd olunmalıdır.
Onun fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirilib. “Qızıl Qələm”, “Xan qızı Natəvan”, “Vicdanlı qələm”, “Peşəkar jurnalist” kimi mükafatlar, diplomlar və fəxri adlar bu zəhmətin bəhrəsidir. Amma mən hesab edirəm ki, insanın ən böyük mükafatı oxucularının sevgisi, dostlarının hörməti və həmkarlarının etimadıdır. Nəcibə xanım da bu sevgini və etimadı illər boyu öz zəhməti ilə qazanıb.
Nəcibə xanımı yaxından tanıyan biri kimi deyə bilərəm ki, o, həyatda da yaradıcılığındakı qədər səmimidir. Hər zaman mehriban, qayğıkeş, diqqətli və dostluğa dəyər verən insandır. Mənim üçün onun ən gözəl xüsusiyyətlərindən biri də insanlarla ünsiyyətdə sadəliyini qorumasıdır. Hansı tədbirdə rastlaşsaq, söhbətimiz sanki yarımçıq qalmış bir söhbətin davamı olur. Ədəbiyyatdan danışırıq, mətbuatdan danışırıq, yeni kitablardan, yeni müəlliflərdən danışırıq. Bu ünsiyyət illər keçdikcə daha da doğmalaşıb.
Etiraf edim ki, hər dəfə “adaş” deyə müraciət edəndə özüm də gülümsəyirəm. Çünki bu söz artıq bizim dostluğumuzun rəmzinə çevrilib. Düşünürəm ki, insan ömründə qazandığı ən gözəl sərvətlərdən biri də məhz belə səmimi münasibətlərdir. Ədəbiyyat bizi tanış etdi, söz bizi dostlaşdırdı.
Əziz Nəcibə xanım!
Ömrünün gözəl bir yubileyini qeyd edirsiniz. Arxaya boylananda zəngin yaradıcılıq yolu, nəşr olunmuş kitablar, yüzlərlə şeir, publisistik yazılar, qəzet və jurnal nömrələri, saysız-hesabsız oxucular və sizi sevən insanlar görünür. Bunların hər biri böyük zəhmətin, fədakarlığın və sözə sədaqətin nəticəsidir.
Sizə ilk növbədə möhkəm cansağlığı arzulayıram. Qoy ömrünüz sağlam, ailəniz xoşbəxt, övladlarınızın, nəvələrinizin sevinci daim yanınızda olsun. Yaradıcılıq eşqiniz heç vaxt tükənməsin. Yazacağınız yeni şeirlər də əvvəlkilər kimi insanların ürəyinə yol tapsın.
Arzu edirəm ki, qələminiz həmişə həqiqətin, xeyirxahlığın, Vətən sevgisinin və insanlığın keşiyində dayansın. Yazdıqlarınız yeni nəsillərə də örnək olsun. Çünki söz yaşayırsa, müəllifi də yaşayır.
Və nəhayət…
Əziz adaşım, illərdir davam edən səmimi münasibətimizə görə sizə təşəkkür edirəm. Mən bu dostluğu həmişə dəyərləndirmişəm və inanıram ki, bundan sonra da eyni doğmalıqla davam edəcək. Həyatınıza baxanda görürəm ki, qazandığınız ən böyük uğurlardan biri də insanların qəlbində özünüzə yer qazanmağı bacarmağınızdır. Bu isə hər kəsə nəsib olmur.
Doğum gününüz və gözəl yubileyiniz mübarək olsun!
Qoy ömrünüzün bundan sonrakı illəri də yazdığınız misralar kimi işıqlı, mənalı və bərəkətli olsun. Uca Yaradan sizi qorusun, ailənizə xoş günlər, qələminizə ilham, ürəyinizə sevinc bəxş etsin.
Dərin hörmət və sevgilərlə,

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.




















