Qəhrəmanların əmanətinə ehtiram – Şərafəddin İLKİN yazdı

Qəhrəmanların əmanətinə ehtiram – Şərafəddin İLKİN yazdı

“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılması, onların ailələrinə və müharibə iştirakçılarına mənəvi, sosial və hüquqi dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən layihələr sırasında “Dənizçi şəhid ailələri ilə iş” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində növbəti görüş uğurla təşkil olunub.
Layihənin əsas məqsədi şəhid dənizçi ailələrinə və müharibə iştirakçılarına sosial, hüquqi və mənəvi dəstəyin göstərilməsi, onların maarifləndirilməsi, eləcə də dövlətimizin və dənizçilik sahəsində fəaliyyət göstərən qurumların həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumatlandırılmasıdır.
Keçirilən görüşdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, televiziya layihələri rəhbəri Şərafəddin İlkin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) rəhbər şəxsləri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini daim uca tutduğunu, onların ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısının ardıcıl və davamlı xarakter daşıdığını vurğulayıblar. Bildirilib ki, bu kimi görüşlər şəhid ailələrinin və qazilərimizin cəmiyyətlə daha sıx inteqrasiyasına, onların mənəvi dəstəklə əhatə olunmasına və dövlət-vətəndaş həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Layihə rəhbəri Faiq Balabəyli çıxışında qeyd edib ki, “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər ardıcıl şəkildə davam etdirilir. Onun sözlərinə görə, görüşlər zamanı iştirakçıların hüquqi, sosial və mədəni maarifləndirilməsi istiqamətində mütəxəssislərin və ekspertlərin çıxışları təşkil olunur, dövlətimizin həyata keçirdiyi sosial siyasət, mövcud dəstək mexanizmləri və yeni imkanlar barədə ətraflı məlumat verilir.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda layihə çərçivəsində şəhid ailələrinə və qazilərə müxtəlif hədiyyələr təqdim olunub. Bu addım onlara göstərilən diqqət və ehtiramın növbəti ifadəsi olmaqla yanaşı, cəmiyyətimizin qəhrəman ailələrinə verdiyi mənəvi dəyərin bariz nümunəsi kimi qiymətləndirilib.
Şəhid ailələri və qazilər göstərilən qayğıya görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu kimi layihələrin davamlı şəkildə həyata keçirilməsinin həm mənəvi dəstək, həm də ictimai həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd edək ki, “Dənizçi şəhid ailələri ilə iş” layihəsinin icrası 2026-cı il 1 iyul–30 avqust tarixlərini əhatə edir. Layihə çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları üçün sosial, hüquqi və maarifləndirici istiqamətdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi cəmiyyətimizdə milli həmrəyliyin möhkəmləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının ictimai dəstəklə tamamlanması və onların sosial rifahına töhfə verməkdir.

Share: