Sən demə adamlar bir yana, hələ, Ölüm də ölürmüş atamdan ötrü.

 

 

Məzahir HÜSEYNZADƏ

 

EHTİYAC

Ağsaqqal şilləsi gərəkdi mənə,

Dəyə qulağımdan, deyəm ki, varam.

Ay ata, nisgilin ürəkdi mənə,

Nisgilin olmasa yaşayammaram.

 

Bu qəmə çatılıb ürəyim yanar,

Dönər od-ocağın gözünə indi.

Ay ata, bir şillə vurammayanlar,

Şillə vuran tutur özünə indi.

 

Torpağı bölünən, torpaq bölən də,

İndi qalib kimi görür özünü.

Bir şapalaq fırla, sevinim mən də,

Şillən beş qitəyə bölsün üzümü.

 

Qığılcım bəxş eylə sönən gözlərə,

Mənim odsuz qalan qara sacım var.

Ehtiyacım yoxdu usta sözlərə

Ata şilləsinə ehtiyacım var.

 

GERİYƏ BAXANDA 

Ruzigar başıma qar ələyib, qar,

Dözümdən yapışıb sal dayanmışam.

Məni axtaranda tapmağa nə var,

Dərdimin dalında daldalanmışam.

 

Daş üstə daş qoyub ucaltdım göyə,

Yollara  bircə daş diyirləmədim.

Evimiz var idi baş girləməyə,

İşimdə, gücümdə baş girləmədim.

 

Gözümün içində duran dünənim,

Nisgildən qalmadı, qəmdən qalmadı.

Taleyin tufanı çalxadı məni,

Əlimin tutalğac yeri qalmadı.

 

Başımın üstündə şimşək çaxanda,

Mən imdad  dilədim, bircə dözümdən.

Çiynimə taleyin yükü çıxanda,

Tələbəliyim də düşdü gözümdən.

 

Darlıq eləyirdi papaq da mənə,

Ac kölgəm sürünüb yer yalayırdı.

Qənim kəsilmişdi yarpaq da mənə,

Düşəndə başımdan qapazlayırdı.

 

Tərslik eyləyirdi sərt illərimiz,

Elə bu xislətlə öyünürdülər.

Möhtacı olduğum şitillərimiz,

Arxayın-arxayın böyüyürdülər.

 

Kədərin bircəsi, ərki idim mən,

Nə desəm edirdi,

Hamısı çin-çin.

Döyülə-döyülə bərkiyirdim mən,

Döyülə-döyülə sınmamaq üçün.

 

ATALAR ÖLMÜR

Bir qəfil şıdırğı yağışa düşdüm,

Qopdu hıçqırığı kədər selinin.

Ölümün adını çox eşitmişdim,

Bu dəfə üzünü gördüm ölümün.

 

Bir ulduz axırdı ömrün göyündə,

Elə bil soğulub tükənirdi qan.

Dünyanın ən ağır yükü çiynimdə,

Yollar əyilirdi ağırlığımdan.

 

O qədər  dolmuşdu, göllənmişdi ki,

Qəm-kədər sarıdan gözlər tox idi.

Göz yaşı yollara çilənmişdi ki,

Qəbristan yolunun tozu yox idi.

 

Mən idim sevinci ölən, üzülən,

Bu da qəm küləyi,

Kədərin ətri,

Göz yaşım deyildi axan, süzülən,

Gözüm tökülürdü atamdan ötrü.

 

Kövrək xasiyyəti pilədən-pilə,

Can qurban edərdi adamdan ötrü.

Sən demə adamlar bir yana, hələ,

Ölüm də ölürmüş atamdan ötrü.

 

Nisgilim misrama, sözümə  sığmır,

Harda göməşidi sevincim, nəşəm?!

Kiçik şəkillərin gözümə sığmır,

Ay ata,

Şəklini böyütdürmüşəm.

 

Səkkiz qat torpağa enibdi kökü,

Torpağa belə kök atan ölməyib.

Ölüm  ürəyimə girib görsün ki,

Atalar ölməyir,

Atam ölməyib.

 

YETMİŞ YETİR

Başım üstdə bulud ağlar, gün gülər,

Qaşım üstdə əlim döndü günlüyə.

Ağ gün üçün gəlir qara günlülər,

Qoy gəlsinlər, mən də qara günlüyəm.

 

İzlərimi dolaşdırdı yol daşı,

Bu büdrəmə ayrı şeydi sən demə.

Əsəbimlə qəzəbim qan qardaşı,

Yüyürdülər qollarımın səmtinə.

 

Su içində iynə gəzdim, aradım,

Tapammadım, inadım nə fağırmış.

Dünən acı söz dediyim arvadım,

Bu günümə pətək balı yığırmış.

 

Qaçhaqaçlı günlər uddu yarışda,

Bu qələbə rəqib verən acıqdı.

Qayğılarım başdan aşdı bu yaşda,

Əliboşlar qapısını açıbdı.

 

Dözümlüyəm, arxayınam yaşıma.

Nələr gəlir, nələr keçir içimdən,

Ağrımayım,

Yığışarlar başıma,

Ayırmayım uşaqları işindən.

 

Yüyürən qış iş biləndir, əllidir.

Görüşümə boxçasında qar gəlir,

Əlli ildir pencək ölçüm “50”dir.

İşim çoxdu, “70” yaşım dar gəlir.

 

Gəlir gəlsin, darlıq mənlə qoşadır,

Bu ömrümdə adi haldır, qaydadır

Mən sıfıra yetim deyə başladım,

Mən sıfırdan başlamadım həyatı.

 

ALIM      

Bir yorğun ayrılıq gəldi indicə,

Butası solğundan butamı alım?!

Şirinlik üzülüb, indi mən necə

Bu acı vüsaldan, o, tamı alım?!

 

Kiməsə söz dedi, sözgəlişidi,

Boylanır, boylanmır bu öz işidi.

Mənə elə gəlir əsdi, üşüdü

Onu kül altında odamı alım?!

 

Uçan dağ onundur, əlçim də mənim,

Sevgi qısa gəldi ölçümdə mənim.

Bir yuva qurmuşdu içimdə mənim,

İxtiyarım yoxdur, o, damı alım.

 

…Olub keçənləri, danışdın harada,

Dərdini sərini bölüşdün harada.

Sən batmışdın harda, ölmüşdün harada,

Heç olmasa biraz sədanı alım.

 

Bir ümid qalmadı gələn sabaha,

Bu ucuz talehin sədası baha.

Qadanı alıblar, qadası, daha,

Daha qadan yoxdur, qadanı alım?!

 

 

HAYQIR

Bəxtiyar Vahabzadəyə

Yol alıb dolanbac yola çıxasan,

Dinclik sən biləni qiyamətindi.

Ölüb o dünyaya getmək çox asan,

Ölüb bu dünyada qalmaq çətindi.

 

Qolaylı daşların yönü dizinə,

Yolunda caynaqlı qəzamı durur?!

Yarpaqlar şillətək dəyir üzünə,

«Gülüstan» bağını xəzanmı vurur?

 

Ovcundan qalxanda «Köklər, budaqlar»,

Yarpaqlar danışdı «Latın dili»ndə.

Ucada durana bəzi alçaqlar,

Ucadan dərs deyir haqqın dilində.

 

«Ən ağır yük imiş sən demə qeyrət»,

Ölçə bilən hanı külçə misranı.

Kəllə təbliğçinin kəlməsi qələt,

Altında qıvrılar bircə misranın.

 

Qeyrət paltarını soyunub, nədir,

Haqq donu geyinən siyasi lütlər.

Xırdalar sıxırsa,

Müvəqqətidir

Böyük həqiqəti siyasiliklə.

 

Ustası kim oldu balta sapının,

Baltalar göz dikib qeyrət qatına.

Bir vaxt azadlığın ağır topunun,

Axı, sən də vurdun od, barıtına.

 

Dərd səpən dərdləri yığdın səsinə,

Hələ sinədədir nərəsi sözün.

Hayqır, od səngiyir,

Od dənizinə

Səpilsin dönməzlik kürüsü sözün…

 

 

O KİŞİ

Nəriman Həsənzadəyə

Çiyni tab gətirməz altında qəmin,

İşə gözlərində qəm gölü gələr.

Daha papağını yan qoymaq üçün,

Nə ürəyi gələr, nə əli gələr.

 

Fikir qaşlarını qaynaq edibdi,

Daha az görünür daraqlı teli.

İndi necə desin vəfat edibdi,

“Sevirəm”deməyə gəlmirdi dili.

 

Evdə başıkəsik bir durna kimi,

Suyu sıpqarılan bir səhəng qalıb.

Qanı qaralıbdı,”ağarıb günü”,

Ən çoxu yadında qara rəng qalıb.

 

İndi xatirədi ütüyə kimi,

Bu ütü qırışlar çəkir alında.

Siqareti çəkir kötüyə kimi,

Diksinir, dodağı qarsalananda.

 

Ölümü görəndə böyüyüb gözü,

Boyuna əbədi həsrət ölçülüb.

Bir az da saralıb,soluxub üzü,

Başını qoyduğu yastıq kiçilib.

 

Alışar gizlicə,yanar gizlicə,

Yanıb qurtarmağı eyninə gəlməz.

SARAsı gözünə gələr həmişə,

Hayıf, bircə dəfə evinə gəlməz.

 

ANAMIN SON QAYĞILARI

Yaxşı ki,görmədi bu halı anam,

Alovum səngiyib,küldə qorammı?

Yüngül söhbətlərdən aralı anam,

Deyərdi,ölümə yaraşırammı?

 

Qəlbinin toxluğu gözündən daşar,

Deyərdi kasıb ol,çörəkli ol sən.

Deyərdi ki,armud ürəyə oxşar,

Çox ək ağacını,ürəkli ol sən.

 

Qadağa qoymuşdu naləyə, küyə,

Sıxıb dodağını səssiz danışdı.

Çiynim ağırlıqdan ağrıyar deyə,

Anam bilə-bilə arıqlamışdı.

 

İpək saçlarımda dərd düyə-düyə,

Xına yox,saçına çəkmişdi qarı.

Şəklimi topraqda toz basar deyə,

Yumdu gözlərini göz qapaqları.

 

BAL ARILARIM

Mənim balalarım

Bal arılarım.

Siz addım atanda gözüm «yeriyər»,

Baxışım torpağa çəkilər tarım.

Üstünüz gecələr açılsa əgər,

Gözümdən açılar göz qapaqlarım.

 

Bir başıpapaqlı mən idim onda

Çiçəyi çırtladı tənha çağımın.

İndi evimizin asılqanında

Üç papaq qonşusu var papağımın.

 

Əliniz  telimdə sığala qənim,

Dümağ əlinizdən rəng aldı saçım.

Təbəssüm toplayır üzümə mənim

Toppuş üzünüzdə gəzən baxışım.

 

Bilirəm, hələ küt kəsir ağlınız,

Dünya gözünüzə təzə yığılır.

Sizin səs-küyünüz, çal-çağırınız,

Mənim əsəbimin yavanlığıdır.

 

Nəyə qıymadınız, nəyə qıydınız?!

«Saf-çürük» etdiniz olub-qalanı.

Köhnə qab-qacağı qırmasaydınız,

Alası deyildik dəbdə olanı.

 

Dərdiyim nursunuz ömrün göyündən,

Siz olan torpaqdı arxam, dayağım.

Elə asılırsız əl-ətəyimdən,

Bir az da torpağa batır ayağım.

Mənim balalarım –

Bal arılarım…

 

ALIM   

Bir yorğun ayrılıq gəldi indicə,

Butası solğundan butamı alım?!

Şirinlik üzülüb, indi mən necə

Bu acı vüsaldan, o, tamı alım?!

 

Kiməsə söz dedi, sözgəlişidi,

Boylanır, boylanmır bu öz işidi.

Mənə elə gəlir əsdi, üşüdü

Onu kül altında odamı alım?!

 

Uçan dağ onundur, əlçim də mənim,

Sevgi qısa gəldi ölçümdə mənim.

Bir yuva qurmuşdu içimdə mənim,

İxtiyarım yoxdur, o, damı alım.

 

…Olub keçənləri, danışdın harada,

Dərdini sərini bölüşdün harada.

Sən batmışdın harda, ölmüşdün harada,

Heç olmasa biraz sədanı alım.

 

Bir ümid qalmadı gələn sabaha,

Bu ucuz talehin sədası baha.

Qadanı alıblar, qadası, daha,

Daha qadan yoxdur, qadanı alım?!

 

NƏ YAXŞI

Nə yaxşı, qarşıma çıxdın, nə yaxşı,

Yolları mənsizmi görmüşdün belə…

Bəhanə eyləyib sürüşkən qışı,

Kimiydi, qoluna girmişdin belə.

 

Qar yağdı, bir gizlin yalan ağardı,

Ağardı yalançı sevirəm sözün.

Qar yağdı, bu dünya yaman ağardı,

Guya ki, bu qardan qamaşdı gözün.

 

Qorxdum baxışlarım yollarda dona,

Heyf gözlərimə, bu nə qubardı.

Sən torpaq olsaydın,..

Əgər mən səma,

Həmin gün aləmə alov yağardı.

 

O çinar neyləyər yoluna çıxsa,

Başında buludlar qaşını çatıb.

Yaxşı ki, torpağa bağlıdır, yoxsa,

Səni ayaqlardı bir addım atıb.

 

Əlvida deyirəm, soruşma niyə,

Ona bax, çinar da gizlətmir kini.

Sənin buz qəlbini görk olsun deyə,

Asıb budağından sırsıra kimi.

 

Bu yolda bir istək dönübdür buza,

Bu qarda kimsəsiz qaldı məhəbbət.

Sən o gün sürüşüb yıxılmadınsa,

Mənim ürəyimdən yıxıldın, fəqət…

 

SALAM YAZI MASAM

Salam, unutduğum, ay yazı masaam,

Qayğılar apardı sənə mehimi.

Qəmin sazağından ayazımasam,

Qələm açan deyil sirri-sehrimi.

 

Sərtliyim əzilib, dönmüşəm muma.

Bir dünya dözümüm qalıbbir çərək.

Ağ vərəq üstündə açdığım şumda,

Bilmirəm yamyaşıl nə göyərəcək.

 

Yarpaq dövrələyib yerdə budağı,

Küləyin qovduğu əklili gördüm.

Qızıl medalyondu payız yarpağı,

İçində baharın şəklini gördüm.

 

Çoxları döşümə sıxdı döşünü,

Sürüdü sağ-sola sənədlərimi.

Sınaqdan keçirib neçə kişini,

Sınaq gətirmişəm sənə qəlbimi.

 

Dəmir çarıq geyib Kəpəzə qalxdım,

Laçında yiyəsiz bir səs qalıbdı.

Qanlı Qarabağa qıraqdan baxdım,

Orda «Şikəstə»miz şikəst qalıbdı.

 

Dərdimə-sərimə qatdığım qələm,

Gah zilə, gah bəmə çəkdi səsimi.

Sağ əlim dünyadır,

Tutduğum qələm

Əyilməz oxudur yer kürəsinin.

 

QAÇQIN, EVİN MÜBARƏK

Səmada cərgəyə durna düzəlir,

Qarğı barıların səfi sökülür.

Kimsə qarğılardan zurna düzəldir,

Bəmdən ələyəcək nə qədər sirri,

Bəm zilə dönər.

 

Yönünü bu cənnət guşəyə salıb,

Sükutla keçdilər dünənin üstdən.

Qanlı ürəyini şüşəyə salıb,

Lampatək asdılar sinənin üstdən.

Nur selə dönər.

 

İş ki belə gedir, belə hərlənir,

Unutqan hər şeyi unuda bilər.

Şuşa havasından udan erməni,

Həyatda ən şirin səs uda bilər,

«Bülbül»ə dönər.

 

Qara bulud olub yağmağınızla,

Sular şaqqıldayıb axmayacaqsa,

Kirli çadırlardan çıxmağınızla,

Adınız təmizə çıxmayacaqsa,

Su lilə dönər.

 

Ərşə dayanıbdı o şirin anlar,

Əl yetməz, yüz çağır bayatı, ağı.

Çadır şəərində ana olanlar,

Neynər Qarabağda nənə olmağı,

Tel külə dönər.

 

Milyon Qarabağ var, milyon qaçqın da,

Daha neynirsiniz bir Qarabağı.

Desək ki, ey qılınc, tez ol, qaç qından,

Xilasa gedirik PİR Qarabağı,

EL SELƏ dönər.

 

SEVİNC

Qəm içimdən sökdü məni,

Söküləni hör, ay sevinc!

Bəxti yeyinə yeyinsən –

Bir məni də gör, ay sevinc!

 

Küsməyimizi danımmı,

Barışmağa inanımmı?!

Sən dinimi, imanımı

Çox qırıbsan, qır, ay sevinc!

 

Həsrət bizə ara tutub,

Qəm gözümə qara tutub.

Qara teli  qara tutub,

Qar ələdin, qar, ay sevinc!

 

Boyun sınar üzüm gülsə,

Suyun donar odum gəlsə,

Niyə mənim adım gəlsə,

Kor olursan, kor, ay sevinc!

 

 

Share: