VHP Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı bəyanat yaydı

“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacaq”

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginliklə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycanın Zəfər Savaşına başlamasının iki ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi.  Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir.

Erməni hərbi birləşmələri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Eyni zamanda son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin eyni  istiqamətində təxribatları, Azərbaycan Ordusunun mövqelərinin mütəmadi  atəşə tutulması müşahidə olunub. Hərbi qulluqçularımızın, o cümlədən ərazidə infrastruktur işləri aparan mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və suverenliyimizə qarşı mümkün hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu  qəti cavab tədbirləri görüb.

Vətəndaş Həmrəyliyi Partiyası Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Vətən uğrunda savaşda  birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir. VHP eyni zamanda bəyan edir ki, ermənilərin beynəlxalq hüququ pozduğunu  və götürdüyü öhdəlikləri yerinə yetirmədiyini sakitcə seyr edən beynəlxalq ictimaiyyətin indiki halda Azərbaycana qarşı haqsız mövqeyi təssüf doğurur. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib, bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşür”.

Müstəqil.az

Share: