80 illik ömrün sözə, millətə və vətənə həsr olunmuş salnaməsi

80 illik ömrün sözə, millətə və vətənə həsr olunmuş salnaməsi

Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların adı çəkiləndə təkcə bir şair, bir yazıçı yada düşmür. O adların arxasında bütöv bir dövr, milli yaddaş, xalqın ağrısı və mübarizəsi dayanır. Haqqında bəhs etmək istədiyim bnöyük şair, vətənpərvər insan Sabir Rüstəmxanlı məhz belə sənətkarlardandır. O,  sözə münasibətdə  yalnız poeziyada, yazdığı əsərlərdə vasutə  kimi yox, millətin taleyini yaşadan, çatdıran yanaşan qələm adamıdır.

Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycan insanının daxili dünyasını, milli ruhunu və tarixi yaddaşını özündə yaşadır., bu hqada yüzlərlə yazılar yazılıb və yazılmaqdadır. Onun şeirlərində yalnız duyğu deyil, həm də bir xalqın keçdiyi yol, çəkdiyi ağrılar və gələcəyə olan inam var. Oxucu onun misralarında bəzən vətən həsrətini, bəzən ana dilinə sevgini, bəzən də parçalanmış yurdun nisgilini görür.
Hər kəsə məlumdur ki, şairin “Ömür kitabı” Azərbaycan ədəbi düşüncəsində xüsusi yer tutan əsərlərdən biridir. Bu əsər təkcə kitab kimi deyil, bir dövrün milli oyanış çağırışı kimi yadda qaldı. Minlərlə insan həmin kitabda özünü, öz tarixini və milli kimliyini tapdı. O illərdə xalqın içində böyüyən azadlıq düşüncəsinin mənəvi dayaqlarından biri də məhz Sabir Rüstəmxanlının sözləri idi.
Şairin “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Zaman məndən keçir” kimi kitabları illər keçsə də, aktuallığını itirmir. Çünki onun yaradıcılığında zaman dəyişsə də dəyişməyən dəyərlər — vətən, dil, torpaq və insan sevgisi yaşayır.
Sabir Rüstəmxanlı nəsr yaradıcılığına nəzər saldıqca poeziyasəndan heç də az sevilməyəcəyinə əmin olursan.. “Cavad xan”, “Göy Tanrı”, “Difai fədailəri”, “Sunami”, “Xətai yurdu”, “Atamın ruhu” kimi əsərlərində tarixə sadəcə hadisələr toplusu kimi yox, milli taleyin aynası kimi yanaşır. Onun qəhrəmanları yalnız obraz deyil, milli xarakterin daşıyıcılarıdır.
Ədəbi fəaliyyətlə yanaşı, Sabir Rüstəmxanlı Azərbaycan ictimai-siyasi həyatında da mühüm rol oynayıb. Milli mətbuatın formalaşması, istiqlal düşüncəsinin yayılması və dövlətçilik ideyalarının müdafiəsində onun xidmətləri xüsusi qeyd olunur. Müstəqillik illərinin ən mürəkkəb dövrlərində belə o, həm ziyalı, həm də vətəndaş mövqeyini qorumağı bacarıb.
Uzun illər parlamentdə fəaliyyəti, siyasi təşkilatlanma prosesində iştirakı və milli məsələlərdə sərgilədiyi prinsipial mövqe onun ictimai nüfuzunu daha da artırıb. Amma bütün bunların fonunda Sabir Rüstəmxanlı hər zaman ilk növbədə şair olaraq qalıb. Çünki onun düşüncəsinin mərkəzində həmişə söz dayanıb.
Bu günlərdə 80 yaşını qeyd edən Sabir Rüstəmxanlı təkcə yubileyini yaşayan bir sənətkar deyil. O, bütöv bir nəslin yaddaşında yaşayan, Azərbaycan ədəbiyyatının milli ruhunu qoruyan böyük söz adamıdır.
Səksən illik ömrün arxasında minlərlə misra, onlarla əsər, böyük mübarizə yolu və xalq sevgisi dayanır. Azərbaycan oxucusu isə onu yalnız kitablarının müəllifi kimi yox, milli düşüncənin, azadlıq ruhunun və söz ləyaqətinin daşıyıcısı kimi qəbul edir.
Sabir Rüstəmxanlıya sağlam ömür, yeni yaradıcılıq uğurları və daim oxucu sevgisi arzulayırıq. Çünki belə imzalar yalnız bir dövrə yox, gələcək nəsillərə də işıq verir.

Tural Balabəyli

Share: