1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

Hər il 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması ana dilimizə göstərilən dövlət qayğısının, milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətin təzahürüdür. Bu əlamətdar gün Azərbaycan dilinin inkişafı, saflığının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticələrindən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyinin, mənəvi dünyasının və mədəniyyətinin ayrılmaz hissəsidir. Hər bir millətin özünəməxsusluğunu qoruyan əsas amillərdən biri onun ana dilidir. Dilin zəifləməsi və ya sıradan çıxması milli kimliyin də təhlükə altına düşməsi deməkdir. Azərbaycan dili minilliklər boyu formalaşaraq zəngin söz ehtiyatı, poetik ifadə imkanları və ahəngdarlığı ilə dünya dilləri sırasında özünəməxsus yer tutmuşdur. Böyük Azərbaycan şair və yazıçıları – Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və digər görkəmli şəxsiyyətlər ana dilimizin zənginliyini öz əsərlərində nümayiş etdirmiş, onun inkişafına böyük töhfələr vermişlər. Azərbaycan dili öz melodikliyi, ifadə zənginliyi və poetik imkanları ilə seçilir. Məhz buna görə də müxtəlif xalqların nümayəndələri Azərbaycan dilinin ahəngdarlığını yüksək qiymətləndirirlər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi və onun tətbiqi ilə bağlı ardıcıl hüquqi baza formalaşdırıldı. Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafını Azərbaycanın dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. O, Azərbaycan dilinin yalnız dövlət idarəçiliyində deyil, cəmiyyətin bütün sahələrində geniş tətbiq olunmasını vacib sayırdı. Ulu Öndər deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Bu fikirlər ana dilinə sevginin, dövlət dilinə hörmətin və milli kimliyin qorunmasının nə qədər vacib olduğunu göstərir.

Azərbaycan dilinin inkişafı və latın qrafikalı əlifbaya keçidin uğurla başa çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Ümummilli Lider Heydər Əliyev 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu qərar müstəqil Azərbaycanın milli-mədəni inkişaf tarixində mühüm hadisə olmaqla yanaşı, ana dilinə dövlət səviyyəsində göstərilən diqqətin parlaq nümunəsinə çevrildi. Latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ölkəmizin dünya informasiya məkanına inteqrasiyasını sürətləndirdi, təhsil sisteminin, elmin və informasiya texnologiyalarının inkişafına mühüm töhfə verdi.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, internet resurslarının geniş yayılması və xarici dillərin təsiri bütün dünya xalqları kimi Azərbaycan dili qarşısında da müəyyən çağırışlar yaradır. Xarici sözlərin lazımsız istifadəsi, sosial şəbəkələrdə yazı mədəniyyətinin zəifləməsi, dil normalarının pozulması ana dilimizin saflığına mənfi təsir göstərən amillərdəndir. Buna görə də Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin ümumi vəzifəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirərək vurğulamışdır: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”. Bu çağırış hər bir vətəndaşa ana dilinin qorunması istiqamətində böyük məsuliyyət qoyur.

Azərbaycan dilinin gələcəyi ilk növbədə gənc nəslin bu dilə münasibətindən asılıdır. Məktəblərdə, ali təhsil müəssisələrində, ailədə və cəmiyyətdə ana dilinə sevgi hissinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Gənclər Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını bilməli, zəngin söz ehtiyatından düzgün istifadə etməli, sosial şəbəkələrdə və yazışmalarda dil qaydalarına riayət etməli, klassik və müasir Azərbaycan ədəbiyyatını mütaliə etməli və ana dilində düzgün və səlis danışmağa çalışmalıdırlar. Bu istiqamətdə ailənin, məktəbin, ali təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin və mədəniyyət müəssisələrinin üzərinə böyük vəzifələr düşür.

Azərbaycan dili bu gün dövlət idarəçiliyində, qanunvericilikdə, məhkəmə sistemində, təhsildə, elmdə, diplomatiyada, mədəniyyətdə və beynəlxalq münasibətlərdə uğurla istifadə olunur. Dövlət dilinin nüfuzunun artırılması müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinin mühüm göstəricilərindən biridir. Ana dilimizin inkişafı istiqamətində qəbul edilən dövlət proqramları, terminologiyanın təkmilləşdirilməsi, elektron lüğətlərin hazırlanması, Azərbaycan dilində elmi və bədii ədəbiyyatın nəşri bu sahədə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər bir azərbaycanlı üçün milli qürur və mənəvi məsuliyyət günüdür. Ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşı, milli kimliyi, mədəni irsi və dövlətçiliyimizin əsas sütunudur. Bu müqəddəs irsi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizin inkişafı ilə bağlı söylədikləri dəyərli fikirlər hər bir azərbaycanlı üçün yol göstəricisi olmalıdır. Azərbaycan dili yaşadıqca xalqımızın milli ruhu, dövlətçiliyimiz və mədəniyyətimiz də yaşayacaq. Ana dilimizi qorumaq isə yalnız bu günün deyil, gələcəyimizin də ən mühüm təminatıdır.

 

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Share: