ƏLVİDA NATAŞA! – rus qızları dünyanın gözündən düşür

Uzun illərdir şərqlilər başda olmaqla istənilən əcnəbi kişilər üçün rus qızı ən böyük arzulardan olub. Rus qızı – əcnəbilərin gözündə ideal qadındır: kişinin xarici görünüşünü dərd etməyən, ona istədiyi rahatlığı, gözəlliyi, yatağı vəd edən xəyallar ötəsi könül yoldaşıdır.

Azərbaycan kişisi başda olmaqla hansı kişini dilləndirsən “Rus qızı səmimidir, gözütoxdur, ürəyitəmizdir, baxımlıdır, ərini narahat etməsin deyə yayda ayağına yun corab geyər” və s. səbəb (yaxud bəhanələrlə) niyə bu millətin qadınlarına maraq göstərməsinə açıqlıq gətirər. Doğrudan da belədirmi? Rus qadının məmnunluğu, fədakarlığı, süni itəatkarlığı altında nə gizlənir? Bu barədə daha ətraflı bəhs edək. Amma hər şeydən öncə qeyd edim ki, rus qadını artıq dünya üzrə dəbdən düşməyə başlayıb. Başqa sözlə, meymun gözünü açıb. “Meymun” sözünə o qədər də qıcıq olmayın, sözgəlişi bir məsəldir, həm də axı özünüz əsrlərdir “Kişi meymundan bir az qəşəng oldu, bəs edər” deyimi ilə baş əti yeməklə məşğulsunuz. İndiyədək inandığınız nağılın sonu gəldi, almalar sizdən.

Rus qadın və evlilik

Rus qadın üçün evlilik bir hədəfdir. Cəsarətlə qadınlara deyirəm: hünəriniz var Rusiyada, hətta ən ziyalı təbəqə arasında deyin ki, 35 yaşım var, amma hələ ərə getməmişəm, uşağım yoxdur. Karyeranın hansı zirvəsində olursanız-olun, siz onlar üçün bir qadın kimi heçsiniz. Çünki rus təfəkkürünə görə, yaxşı qadın mütləq vaxtında ərə getməli və uşaq sahibi olmalıdır. Ərə getmək onlarda bir sənət növüdür. Vacib deyil bu evlilik uzunmüddətli və ya uğurlu olacaq, əsas odur ərdə olasınız. Bu, onlar üçün ən böyük qadınsal qəhrəmanlıqdır. Deyəcəksiniz ki, bizdə də belədir, tələsməyin. Azərbaycan qızı da ər dərdindədir, amma bir ömürlük. Lakin rus qızı yetkin yaşa çatar-çatmaz ər dərdinə düşür, kim olur-olsun. Xoşu gəlməyəcəksə və ya daha yaxşısını tapacaqsa, onsuz da ayrılacaq. Rus üçün ər ömür yoldaşı deyil, hədəfdir. Ona arzuladığı evliliyi verəcək hədəf. Feminist avropalı və ya təsirəməruz şərqli qız ərin yaxşısını gözləyə-gözləyə neçə qatarı yola salır. Ancaq rus qızı qatarın arxasınca baxmağı deyil, onun sərnişini, daha yaxşısı qatarın maşinisti olmağı istəyər. Rusa ər yox, nikah lazımdır. Ərə gedənə qədər hər fədakarlığa hazırdır, kişidən kibrit çöpü belə istəməz. Yəni görüşünə gedərkən yol kənarından dərdiyiniz çobanyastığı çiçəklərinə belə gülümsər. Ta ki, kişini rəsmən ələ keçirənə qədər. Ondan sonra gəlsin xəz paltolar, qızıl-brilyantlar… Yəni sevgili kimi bəlkə də qaneedicidir, kişinin pulu cibində qalacaq. Amma bu münasibətin ömrü qısa olacaq, çünki onun hədəfi nikahdır.

Evlilik baş tutdumu? İndi “Aldanmış kəvakib”in sonrakı həyatına baxın. Rus qadının qazandığı pul onun yalnız özünə aiddir, kişi ordan bir qəpik də götürə bilməz. Amma kişinin qazandığı pul ümumidir. Bütün maddi yük kişinin çiynindədir, üstəlik bu yük əməlli-başlı çiyin çökürdəndir. Rus qadın ailəni özü idarə edər, amma görünüş olaraq ər-arvad şəkli deyil, ata-qız tablosu yaradar. Kişi valideyn, qadın isə köməksiz, zəif uşaqdır. Onun atanın puluna, gücünə, məsuliyyətinə, qayğısına ehtiyacı var. Bu bəlkə də rus kişisini qane edər, amma avropalı belə oyunlara gəlmək istəmir. Bunu isə təəssüf ki, tilova düşəndən sonra anlayır.

Rus qadını qəddardır

Rus qadın yaratdığı fədakar obraza özü də inanır. Xüsusən də yuxarıda qeyd olunduğu kimi kişini hər halı ilə qəbul edər, onun qulluğunda durar, ona istədiyi şəraiti yaradar. O, əyyaş, tiran, qısqanc və s. kişi tiplərinə ona görə dözür ki, kənardan “Yazıq qadın daha bundan artıq neyləsin ki?” – deyə fikirlər formalaşsın. Guya bu evliliyin mələyi o, şeytanı isə kişidir. Və sabah daha münasib kişi taparaq buynuzqoyma mərasiminə başlayanda heç kəs onu qınamasın. Yeni kişi tapılanda isə elə əvvəlkinin evində yerləşdirəcək. Ərin buna qədər öz əli ilə qurub-yaratdığı nə varsa avtomatik təzə kişiyə keçəcək, üstəlik “köhnə ay”a mənəvi əzablar da bir tərəfdən. Amma bu millətin qadınları illərdir eyni siyasi xətt yürüdəndə ağıllarına da gəlmirdi ki, əvvəl-axır hiylələri açılacaq. Üstəlik avropalı kişi rus deyil, hər şeyi sinəyə çəksin. Onun əlində ali qanunlar var, haqqı olanı geri ala bilir. İndi hamı qafqazlı və ya anadolu kişisi kimi yem olmaz ki… Odur ki, hal-hazırda alman, ingilis, fransız kişilərinə rus həyat yoldaşı deyəndə başlarını tutub qaçırlar.

Rus qadını – “qəhrəman ana”dır

Rus ananın əlində ən böyük silah övladdır. Bu, bizim də gəlinlərə xas olan cəhətdir. Bir şey olan kimi, “uşaqları da götürüb gedərəm atamın xarabasına!” – deyə ultimatum verirlər. Amma rus xəbərdarlıq etmir, heç yana da getmir. Sadəcə kişini qovur, təzə ata tapır. Heç bir qanun da əri həmin qapıdan içəri sala bilmir. Axı o anadır. Teleaparıcı Malaxovun verilişlərindən birində 3 azyaşlı uşağını aşnasına döydürən, ac saxlayan qadının uşaqlarını axırda elə özünə də verdilər. Dedilər ki, uşağa anadan yaxşı baxan olmaz. Ər də inləyə-inləyə kənardan baxası oldu.

Rus ana uşağını öz atasına belə qıymır. Artıq dünyanın hər yerində uşağın yedirilməsindən, altını dəyişməsindən tutmuş gənc atalar da kömək edirlər. Amma rus “kişi nə bilir uşağa baxmaq nədir” bəhanəsi ilə atanı övladına yaxın qoymur. Səbəb heç də fədakar analıq deyil, səbəb uşağın ataya çox bağlanmamasıdır ki, sabah lazım olanda bu “silah”ı ataya qarşı çevirə bilsin. “Atalıq məzuniyyəti” kimi yeni qanun onu dəhşətə gətirir. Məzuniyyətə ancaq ana gedə bilər. Üstəlik uşaq ta ibtidai sinfi bitirənə qədər. Həm də bu müddətdə ikinci uşağı doğub məzuniyyəti növbəti oniiliyə qədər uzatmaq olar. Rus anlayışında yalnız “analıq” sözü var. “Atalıq” isə olsa-olsa bu prosesdə iştirakdır. Onun əsas işi evə pul gətirmək olur.

İşin ən qəribə tərəfi də odur ki, rus qadını özündə heç bir dəyişiklik etmək istəmir. Təfəkküründə, həyata baxışında, əks cinsə münasibətində olan bu tövrü əsrlərdir ona genlə keçir. Anası da, nənəsi də, ənkə nənəsi də belə olub. O niyə köhnə bazara təzə nırx qoymalıdır ki?! Ən əsası rus qadını özünü dünyanın ən yaxşısı, ən gözəli, ən ağıllısı hesab edir. İllərdir elə bu yanaşma onun qollarına güc, hərəkətlərinə özgüvənlik verdiyi üçün işinə yarayıb – tovlamaq işinə. Amma artıq onun dövranı keçir, qatarın sükanını başqa millətlər ələ almaqdadır. Xoş, rus qızının yeniləcəyinə inanmağım da gəlmir, nə edib-nə etməyib imperatriça olmağı yenidən bacara bilər.

Şəfiqə ŞƏFA

Share: