“Zülmət gecənin baxdığı həsrətdi məhəbbət”-şair ŞAHİN FAZİLİN AYSEL SƏFƏRLİNİN qəzəlinə yazdığı təxmis

Bildiyimiz kimi 17 mart şairə Aysel XANLARQIZI SƏFƏRLİNİN  “Yoxluğunun cazibə qüvvəsi”adlı ikinci  şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirildi.

Bu maraqlı və gözəl məclisdə  bir çox ziyalılar,dəyərli insanlar iştirak etdilər.

Aysel Səfərlinin müəllimi olmuş professor Şahin Fazil də tədbirdə öz hədiyyəsi ilə çıxış etdi.

Müstəqil.Az şairə Aysel Xanlarqızı Səfərlinin “Məhəbbət” qəzəlinə Professor,şair Şahin Fazilin yazdığı təxmisi təqdim edir:

Zənn eyləməsinlər quru söhbətdi məhəbbət,
Ülfətdi,ləyaqətdi,sədaqətdi məhəbbət.
Şair deməsin heç də əziyyətdi məhəbbət,
“Başdan-başa həsrət dolu möhnətdi məhəbbət,
Leylayə nəsihət,həmi töhmətdi məhəbbət.”

Rəbb Adəmi,Həvvanı yönəldib yerə doğru,
Göydə yaranan eşq gəlib bizlərə doğru.
Gah dağa çıxıb,gah düşüb düzlərə doğru,
“Çıxmaq diləyib ağ günə,gündüzlərə doğru,
Zülmət gecənin baxdığı həsrətdi məhəbbət.”

Əğyarı gərək daima aşiq dana,çünki,
Əğyar baxır çox tərəfə,çox yana,çünki,
Bilmir ki,məhəbbət girə bilməz dona,çünki,
“Diz çökmədədi hər sevən aşiq ona,çünki,
Allahın əta etdiyi nemətdi məhəbbət.”

Xoşbəxt o adamdır ki,fəqət bir yarı vardır,
Bir sadiq olan,eşqi bütöv dildarı vardır.
Eşqin yolu zənn eyləməyək düz və hamardır,
“Hicranla vüsalın necə çırpınması vardır,
Bu yolda usanmaz kəsə qismətdi məhəbbət.”

Ömrün boyu Şahin, elədin eşqə meyil sən,
Dövrün qoca bir aşiqisən,tazə deyilsən.
Eşq içrə əzəldən də təzad var,bunu bil sən,
“Hicran acıdır,amma şirindir çəkə bilsən,
Ayseldə dözüm,həm də mətanətdi məhəbbət.”

La imagen puede contener: 1 persona, de pie, traje e interior
La imagen puede contener: 2 personas, personas de pie

Share: