Zaman içindəki zaman

Dayandur Sevgin

 Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Alagöz” romanı haqqında düşüncələr

 

“Ulduz” jurnalı 2022-ci ilin yanvar sayının Dərgidə kitab” rublikasında yazıçı-publisist Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” adlı romanını təqdim edib. Müstəqil.Az roman haqda yazını yayınlyır.

Təqdim olunan əsər, əslində, zaman içində zaman, dövr içində dövr, eləcə də tarix içində tarix kimi oxunur. əsərin nağıl içində nağıl, yuxu içində yuxu effekti daha çox diqqətçəkicidir. Əsərdə təqdim olunan hər bir personaj bütün yaşantıları ilə elmi, tarixi, ədəbi-bədii, sənədli mənbədən oxucuya yetərincə tanış olan obrazların tale ortaqlarıdır. Əsər boyunca mif gerçəkliyi, keçmiş çağdaşlığı, xatirələr reallığı addım-addım izləyir. Məlum olaylar bir-birinin fonunda qaynayıb-qarışır, kində barış, barışda axirət, axirətdə yaradılışa inam fürsəti sərgilənir. Təsvir olunan hər olay özünün yeni, gözlənilməz, qəribə hadisələrilə təsvir olunur. Ən maraqlısı isə odur ki, bu qəribəlik, gözlənilməzlik toranlığında hər kəs məhz ona lazım olanı, illər boyu axtardığını tapır. Müəllif  bu tapıntının qeyri-ixtiyari yaşantısını son dərəcə inandırıcı, eyni zamanda səmimi ştrixlərlə təsvir edir. Bu təsvirlə tanışlıq, belə bir duyğusal təqdimat oxucuyla müəllif arasında pünhan bir könüldaşlıq körpüsü salır.

Bədii mətn, cəlbedici üslub diqqəti əlbəəl çəkir: “Batmaqda olan günəş ətəyini yığırdı ki, bu an qəribə hadisə baş verdi. Sonuncu gün şuası Qoşa Qarın zirvəsində yox olmadı, genişlənib yola çevrildi, üzü sonsuzluğa uzandıqca  uzandı, sonu görünməz oldu.

– Aha, tapdım, özüdür, – Qoca qeyri-ixtiyari, həm də sevincək pıçıldadı. – Mələklərin yoludur…”

Kənardan heç kəsin eşitmədiyinə əmin olub, palazın üstündəki Qoşa Qarın zirvəsinə qalxan cığırı göstərib:

– Mələklərin yoludur, – demişdi. Oğrunca anlatmışdı ki, onlar elə indi də Qoşa Qara enirlər, məqsədləri şeytanlarla insanların əməllərini öyrənməkdir.

Həmin o sirli söhbət zamanı mələklərin Vəlinin başına necə bir oyunlar açdıqlarını da babası usduf-usduf anlatmışdı Qocaya. Mələklər çox istəmişdilər ki, binəva Vəlinin qəlbini təkəbbürdən təmizləsinlər, bacarmamışdılar. Döşüşə iynə taxıb tutduğu, istəməyə-istəməyə özünə arvad etdiyi sarışın Hal qadının (mələyin) havasına uçunduğu günlərində heç gözləmədiyi halda öz əlilə öz ömrünə balta çalmışdı Vəli; ağlına gəlməmişdi ki, tilsimi qırmağın yolunu öz cinsindən olanlar anladıblar Hal qadına. O tilsimi toy gecəsi öz əllərilə açmışdı Vəli. Hal qız bir göz qırpımında qeyb olmuşdu. Ancaq xəyalı dəmadəm təhdid etmişdi Vəlini… Ta ağlını itirib, səfil halda ölənə kimi! Ölüsünü belə dinc buraxmamışdı. Təhdid etmişdi bütün nəslini. Dünyaya gələsi körpələrini belə. Heç nəyi bağışlamamışdı. Heç kəsinə rəhm eləməmişdi. Qəzəbi səngiməmişdi. O qəzəbin bir iti, amansız ucu sel axınına düşən quzusunu xilas etmək istərkən özü də qurbanlığa çevrilən ipəkqəlbli, məsum, körpəcə Məsimi tutmuşdu. O qəzəbin bir amansız ucu əziz qardaşı, körpəcə Məsimin qəbriylə vidalaşdığı anda canavar zəhminə dönüb gözəl Güllünün huşunu başından aparmışdı. Güllə yarasına dönüb dayısının tapşırığı dalınca tələsən gənc Həmidin, bəxtsiz Həmidin köksündə açılmışdı… Vəsiyyətini tamamlaya, sözünü bitirə bilməmişdi Həmid, Qocaya baxa-baxa, gülümsəyə-gülümsəyə Qocanın qolları arasında can vermişdi Həmid. O qəzəbin, nifrinin, əbədi qarğışın bir ucu da qonşu yaylaqlarda insan ətinə dəyən canavar dişinə dönüb Məsimin, onun sevimli quzusunun, canını Məsim üçün qıyan Ballı adlı inəyə sancılacaqdı. O qəzəbin bir ucu el ağsaqqalı İmaməli kişinin günahsız yerə həbs edilmiş qardaşını tutacaqdı. Bəraət alıb evlərinə döndüyü gün heç gözləmədiyi halda tikə-tik  doğranacaq, qəbr evinə torbada daşınacaqdı.

Olacaqdı bütün bunlar; vəfalı Qanıqın boğazına zəncir şəklində, buynuzları yenicə çıxmağa başlayan Qaragöz adlı dananın ayaqlarına kəndir şəklində dolanacaqdı, maşına dönüb yol üstündə ona çarpılacaqdı həmin qəzəb, kin, nifrət.

Ən böyük ağrının dalğası isə dağ vüqarlı, polad iradəli İmaməli kişini tutacaqdı; ötən əsrin 30-cu illəri gələcəkdi. Kolxozlaşdırma adı altında el içində söz sahib olan kişilərin tifaqını dağıdacaqdılar. Sorğu-sualsız güllələnənlər, Sibirə gedər-gəlməzinə yola salınanlar olacaqdı. “Nökərlər” bəy üzünə ağ olacaqdılar. Pambıqla başlar kəsiləcəkdi. Həmin o məlum qəzəbin, kinin bir ucu da gəlib dirənəcəkdi el ağsaqqalı İmaməlinin küərəyinə. Oğul itkisinə, mal-dövlət itkisinə tab gətirən dağ boyda kişi vüqarının yerlə bir edilməsinə dözməyəcəkdi, məcid ağzına qara qıfıl vurulmasına tablaşmayacaqdı. Üsyan edəcəkdi. Təkbaşına çarpışacaq, nicat yolu arayacaqdı. Gah canavar, gah sel, gah qızıl qurşun, gah zəncir, gah sicim, qara ilan, maşın, xəncər olub doğmalarının taleyini izləyən kinin, qəzəbin, allahsızlığın üstünə təkbaşına yürüyəcəkdi. Bütün doğmaları ilə arasına Araz ayrılığı düşəcəkdi. Arvadlar xısın-xısın ağlaşacaqdılar, kişilər getdikcə suyu azalan Ana çaya tərəf hirsli-hirsli baxacaqdılar, heç kim danışmayacaqdı. Danışıb nə deyə bilərdilər ki?!

Bədii ədəbiyyatdan, ekrandan hər kəsə tanış olan Kərbəlayi İsmayıl taleyi yaşayacaqdı İmaməli kişi; qardaşı bolşevik, komsomol gədələrinin qurbanına çevriləcəkdi, oğlunu sel aparacaqdı, qızı qardaş dərdinə dözməyib sağalmaz dərdə tutulacaqdı… Hamsına dözəcəkdi. Vüqarını diri saxlamaq, mənliyini, ləyaqətini tapdatmamaq naminə küfrə, allahsızlığa qarşı son sözünü qətiyyətlə deyəcəkdi.

Bir də hər kəsin lap uşaqlıq illərindən yaşadığı nağıllar aləmi var bu maraqlı romanın. Elə bil əsər boyunca Hasana nənəsi Yetər arvad danışmır, hər bir oxucunun yaddaşından süzülüb gəlir bu hekayət: “Çoxdan, lap çoxdan, hələ adamlar dünyaya gəlməyəndə Günün Ay adlı qızı var imiş. Bir dəfə Ay çox acıbmış, anası tez xəmir yoğurur ki, çörək bişirsin, o da doyunca yesin. Aclığa dözə bilməyən Ay hər addımda anasının ayağına dolaşır. Gün hirslənir və xəmirli əli ilə onun sifətinə bir şillə çəkir…”

Hər dəfə nənəsi nağılın bu yerinə çatanda Hasan fikirləşir ki, görəsən, bu şillə olmasaydı, Ay yerə çoxmu işıq saçardı? Nənəsi bir dəfə ona demişdi ki, Ay da adam kimidir. “Ona çox baxsan, acıqlanar gözlərini kor eləyər… Nənəsi heç vaxt Aya baxmazdı, hər dəfə Ay görəndə yaşmanardı. Səbəbini dəfələrlə nənəsindən soruşmaq istəməmişdi, nəyə görəsə sonraya saxlamışdı. Amma gərək soruşaydı…”

Soruşmamışdı… Əvəzində şər vaxtı beqəfil yoxa çıxdığı günün yuxusunu danışmışdı nənəsinə. Sən demə, həmin gün onu Qurd ölən yerə sarı saçlı, özü də sapsarı olan bir qız aparıbmış. “Yuxusu gələndə o, hörüyünün birini daşın üstünə sərib Hasan üçün döşək düzəldibmiş, o birini də açıb onun üstünə yorğan əvəzi səribmiş. Qanıq da oradaymış. Hasanın başının üstündə keşik çəkirmiş, arada da dağ havasından qızarmış yanaqlarını yalayırmış…”

Eşitdikləri təşvişə salmışdı nənəni. Onu qarşıda gözləyən bəla, itki dünyanı gözündə qaralmışdı. Bilirdi axı nəslini, kənd-kəsəyini, bütün doğmalarını təhdid edən həmin sarı saçlı, özü də sapsarı olan bir qızın kim olduğunu… Yeni bir bəlanın baş verəcəyi anındaca əyan olmuşdu dünyagörmüş nənəyə. Elə bundan qorxmuşdu yazıq arvad. Ona görə də vaxt itirmədən, anındaca üzünü hansısa bir boşluğa, dibsiz qaranlığa tutub nifrinlər yağdırmışdı xəyali sarı saçlının, sarı üzlünün qarasınca: “Yenə əl çəkmirsən! İndi nə istəyirsən bizdən, ay ləçər? “Hə, Vəli bəsin olmadı, anası bəsin olmadı, oğlu bəsin olmadı? Hasanı verməyəcəyəm sənə, yox, verməyəcəyəm!”

Ən əziz, doğma insanlara yazılmış, amma heç vaxt ünvanına çatmamış məktublar kimi oxunur “Qanıq, Hasan, bir də Alagöz” əsəri. Oxuduqca hiss edirsən ki, sən demə, “həyat özü ədəbiyyatın inikasıymış”. Qulaqlarına qeybdən səs gəlir:

– Ehey, insan övladı, uca-uca məkanlardan yanına gəlmişəm.

– Sən kimsən? – deyə soruşursan.

– Görmürsən, mələyəm, deyir…

Heyrətlənirsən:

– Mələkmi?!

Xəyalına Güllünün dodaqlarını Qocanın qulağına dirəyib halsız, taqətsiz, ümidsiz halda dediyi sözlər gəlir: “Məni yalqız buraxma, qurban olum, sənsiz ölərəm. Söz verirsən məni tək qoymayacaqsan?”

Başını qaldırıb o qayibanə mələkdən soruşmaq istəyirsən: “Səndəmi eşitdin o ümidsiz yalavrışı? Yoxsa sən də Ballının, Qaragözün, Vəlinin, Dəli düyənin, Həmidin, o birilərin həyatını qaraldan sarı saçlı, sarışın qızın dünyasından gələnlərdənsən?”

Cavabı diksindirir səni:

– Yeni peyğəmbərin əvvəlkilər kimi insan övladı gətirməyəcək dünyaya, mələklərin arasından göndəriləcək. Onda siz də bizim kimi yaşayacaqsınız – müharibənin nə olduğunu unudacaqsınız, qan tökülməyəcək, dünya malında gözünüz olmayacaq. Nifrət, intiqam, məkr, paxıllıq qəlbinizdən uzaq olacaq”.

“Amin” demək istəyirsən. Amma davamında eşitdiklərin heyrətə gətirir səni. O aləmdə sevgisiz bir həyatın yaşandığı xəbəri ümidlərini çilikləyir. O aləmdə dünyaya övlad gətirmək, dərdini çəkmək ehtiyacı yoxdur. O aləmdə gah kişiyə, gah da qadına dönürlər…

Təntimiş halda bütün düşüncələrin, istəklərin, arzuların üçün tövbə etmək istəyirsən. İstəyirsən ki, elə insan olub yaşayasan. Heç kəsin canına, mal-mülkünə bais olmayasan. Telli qarının nifrininə tuş gəlməyəsən.

Bütün əsər boyu hadisələrin gedişini ağrılı bir təəssüf, nigarançılıq duyğusu izləyir. Talesizlik, ömrün yarı yolda qalan köks ötürməsi kimi oxunur bu hekayət. Lay-lay, qat-qat açılır zamanın, dövrün insan həyatından keçən unudulmaz təəssüratları. Zəncirini  qırıb öz azadlığı, dosta sədaqəti naminə həyatını təhlükəyə atan Qanıq belə oxucuya doğmadan doğma olur. Əlacsızlıq sayəsində dəyər-dəyməzinə satılan Qaragözün ayaqlarını bir-birinə çatan kəndirin, onu vuran maşının ağrısı candan keçir. İlk balasını dünyaya yenicə gətirən, onu qorumaq naminə ölüm-dirim savaşına çıxan Ala düyənin təpərini canında hiss edirsən. Balaca, yetim quzusunu öz canının bir parçası hesab edən, onu xilas etmək naminə canından keçən körpə Məsimin nakam həyatı, sevgisini özüylə bərabər axirət dünyasına aparan Həmidin yarımçıq arzuları və s. həyatının bir parçasına dönür. “Bu səri-çeşmənin əzəldən bulanması” həqiqəti ruhunu sıxır. İmaməli kişinin hər addımbaşı əlinə su tökməyə yaramayan, qapısının “iti” olmuş qulxislətli bolşevik əlaltıları tərəfindən təqib edilməsinin təəssüfünü yaşayırsan. Xalq şairi Bəxtiyar Vahabzadənin “Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm” misralarının məntiqincə düşünür, düşünürsən… Ömür dediklərinin kükrəyib-daşmasının son ucundakı uğursuzluqlar ruhunu sarır. “Bəzən açılmamış gül bağban gedir” ağrısı yaşayırsan. İllər ayrılığından sonra əlində bir dəstə gül tutub hava limanında İstanbuldan gələsi təyyarənin yolunu gözləyən Hasanın düşüncələri boyunca tərəddüd edirsən ki, görəsən illər ayrılığından sonra Güllü onu tanıyacaqmı?”

Eyni zamanda bilirsən ki, nə Hasan həminki Hasandı, nə də Güllü həmin Güllü. Adlar eynidi… Nəsillər dəyişib. Ancaq xatirələrin, yaşanan olayların ağrısı, nisgili eynilə qalıb. Zaman irəlilədikcə illərin o üzündə ətrafı bürüyən qan qoxusunu duyursan. Bircə onun içində dönüb Hasan olursan. Çay stəkanını dodaqlarına yaxınlaşdırdıqca içdiyinin təptəzə qan olduğunu hiss edirsən. Ya elə Qocaya dönürsən. Ətrafında nə varsa, çəkilib gedir, sənsə ölə bilmirsən. Eynilə Qoca kimi düşünürsən. Elə bilirsən Allah səni unudub, əzrayılı dalınca göndərmək yadından çıxıb. Eynilə Qoca kimi ölüm mələyi üçün darıxır, dırıxırsan… Bir də Güllünü başdan-ayağa ağ paltarda görürsən. Arpa çayının o üzündə dayanıb məlul-məlul sənə baxır. Qalxmaq, ona çatmaq istəyirsən. Amma bacarmırsan, gələn səsi eşitmirsən. Bilmirsən ki, Güllünün əynindəki ağ libas gəlinlik paltarıdı, yoxsa axirət dünyasının kəfəni?..

Akademik Nizami Cəfərov “Jurnalistin ədəbi debütü” adlı məqaləsində haqlı olaraq qeyd edir ki, Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanının bədii strukturu, əslində, mürəkkəb olduğu kimi, süjeti də çoxşaxəlidir. “Ancaq görmək çətin deyil ki, bütün hadisələr sanki şüadır, bir nöqtədən yayılır… Və bu mistik-mifoloji nöqtəsi həyat dediyimiz təzahürün istinad nöqtəsi kimi təsəvvür (və təsvir) etməyə çalışan yazıçı həmin təzahürün (həyatın”), demək olar ki, bütün surətlərini – mələkləri, insanları, cinləri, heyvanları Qoşa Qar həndəvərində yerləşdirir. Elə bu müqəddəs məkanın kəramətindəndir ki, it özünün canavar, inək isə maral mənşəyinə qayıdıb, təbiətin təkamül harmoniyası pozulduğuna, ona aşırı istehlakçı münasibət göstərildiyinə görə insan məhşər ayağına çəkilir”.

N.Cəfərovun bu məntiqli fikirləri əslində hər bir ədəbiyyat araşdırıcısının, eləcə də oxucunun qənaətləri ilə üst-üstə düşür ki, Əflatun müəllimin obrazları adama təhkiyənin təsirindən daha azad təsiri bağışlayır, bu obrazlar mətnə hazır şəkildə, yəni texnoloji olaraq şərtlənmədən, müstəqil ideyalar kimi daxil olurlar. Beləliklə, Əflatun Amaşov ədəbiyyata “həm yeni bədii antroponimaya, həm də yeni bədii toponimiya gətirir ki, bunlar” bir tərəfdən qədimliyin, digər tərəfdən müəllifin etnoqrafik yaddaşının hər cəhətdən “mütəşəkkilliyinin faktıdır…”

Share: