“Zəfər nəğməsi-Şuşa” kitabının təqdimatı keçirildi

Uşaq yazıçısı Sevinc Nuruqızının müəllifi olduğu “Zəfər nəğməsi- Şuşa” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat 198 saylı orta məktəbdə baş tutub.

Tədbirdə şagirdlərin ifasında “Zəfər nəğməsi Şuşa” kitabından seçmələr səsləndirilib. “Dağlar qoynunda zəfər” povestindən səhnələşdirilmiş bir hissə nümayiş etdirilib. 7-ci sinif şagirdlərinin ifasında öz ilk səhnə təcəssümünü görən əsər Vətən müharibəsinin kulminasiyası olan Şuşa uğrunda qəhrəmanlıq göstərən döyüşçülərin döyüşdən əvvəl söhbətlərini, onların arzu və xəyallarını, Şuşa uğrunda savaşın mühüm məqamlarını əks etdirib.

Tədbirdə yazıçı Sevinc Nuruqızı uşaqların suallarını cavablandırıb, kitab üzərində iş prosesindən ətraflı danışıb və yaşadığı zəfər sevincini kiçik oxucularla bölüşüb.

Qeyd edək ki, “Üç alma” nəşriyyatında işıq üzü görüb.

Share: