Tanrı ona bioloji olmasa da, xeyli ruh bacı-qardaşları nəsib edib.

Tanrı ona bioloji olmasa da, xeyli ruh bacı-qardaşları nəsib edib.

Deyir ki:- “Jurnalistikaya gəlişim təsadüfi deyil. Babam Nəsib Əfəndiyev yazıçı, atam Vasif Nəsiboğlu isə türkoloq olub. Atam həm də hekayələr, povestlər yazırdı.

Belə bir ailədə böyüyən adam başqa seçim edə bilməzdi. Mütləq yazı yazmalı, özümü yazıda tapmalı idim. Orta məktəbi qızıl medalla başa vurdum. Atam kimi şərqşünas olmağa qərar vermişdim. Özümə əmin idim. Sənədlərimi universitetə təqdim edəndə komissiyanın sədri atama siyahı göstərdi. Fakültədəki 25 yerin demək olar ki, hamısı tutulmuşdu – rüşvətlə, tapşırıqla girənlərin siyahısı əvvəlcədən bəlli idi. Dedilər, qızın lap əla da yazsa, keçə bilməyəcək, yerimiz yoxdur. Ağlayıb sızlasam da axır ki, məni fikrimdən daşındırdılar. Valideynlərim məni sənədlərimi filologiya fakültəsinə təqdim etməyə məcbur etdilər. Mənsə müəllim olmaq heç istəmirdim. Jurnalistikaya daha çox həvəsim vardı. Oraya qəbul olmaq üçünsə iki il iş stajı lazım idi. Amma alın yazısı deyilən bir məfum var. Bəxtimdən həmin il jurnalistika fakültəsinə 25 nəfərdən 23-ü qəbul olunduğu üçün iki yer boş qalmışdı. O iki yerin birinə mən, digərinə Mirşahin Ağayev qəbul olundu…”
…Ailənin yeganə övladı olub. Naz içində ərköyün böyüsə də, həm də bunun əziyyətini çəkib. Odur ki, qardaş-bacısının olmamasını həyatında bir boşluq kimi dəyərləndirir. Təkliyin acısını çox yaşayıb, xiffət çəkib ki, niyə təkdir? Fəqət, Tanrı ona bioloji olmasa da, xeyli ruh bacı-qardaşları nəsib edib. Bəlkə də kimsəsiz qalmaq qorxusu onu ətrafına daha çox bağlayıb. Dostcanlıdır, dosları üçün canını da verməyə hazırdır. Bu da məhz tək qalmaq qorxusu ilə bağlıdır…
“1992-ci ildə “Azadlıq” qəzetində işləməyə başladım. Bir tərəfdən müharibə, digər tərəfdən formasiya, düşüncə, dövr dəyişirdi. Qəzetin məktublar bölməsində çalışırdım, həm də rusca yazan jurnalistlərin məqalələrini dilimizə çevirirdim. Atam oxuyub deyirdi ki, bax, filan cümlədən anladım ki, tərcümə səninkidir. Hətta tərcümələrimlə belə fəxr edirdi, heyf fəal jurnalistika ilə məşğul olmağımı görə bilmədi. Biz o vaxtlar ustadların yanında yazı yazmağa cəsarət eləmirdik. Bu baxımdan indi mətbuata gələn gənclərin işi daha rahatdır. Ən azı yazılarını sosial hesablarında paylaşa bilirlər.”- söyləyir.
1965-ci ilin sentyabr ayının 11-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1990-cı illərdən etibarən “Vətən səsi”, “Qarabağ”, “Azadlıq” kimi müxtəlif qəzetlərdə müxbir və mədəniyyət yazarı olaraq çalışıb. 2001-ci ildən televiziyada fəaliyyət göstərir. Space TV-də müxtəlif səhər və gecə proqramlarının layihə rəhbəri, ssenaristi və redaktoru olub, 2009-cu ildən ANS TV-nin baş redaktoru kimi çalışıb. 2011-ci ildən isə Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət göstərir. O, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində redaksiya kollegiyasının rəhbəri kimi fəaliyyətini davam etdirir, bir çox sənədli filmlərin ssenari müəllifi və redaktorudur…
Deyir ki:- “Azərbaycanda stress atmağın ən gözəl yolu şopinqdir. Amma xarici ölkələrdə əyləncə növü çoxdur. Bir müddət əvvəl rəfiqələrimlə İstanbula getdik – qız-qıza. Hamısı da öz mövqeyi, statusu olan xanımlardır. Gün ərzində gəzib yorulduq. Hamı otelə qayıtdı. Sonda Rövşanə Ağasəfqızı ilə mən qaldım. Dedik, gəl, gedək gecə klubuna, görək, ab-havası necədir. Əslində, bu, bizim beynimizdə qurduğumuz “bar”, “əxlaqsız məkan” anlamı deyil. Canlı musiqi ifa olunur, insanlar oxuyur, rəqs edir, içki içir, əylənir. Əxlaqa zidd heç bir şey yoxdur. Azadlıq var sadəcə. Bəlkə də kənardan bəsit görünə bilər, amma həqiqətən o məkanda adam stresdən qurtulur. Baxın, göydə ildırım çaxır, enerjisini boşaldır. Bizim beynimizdəki, bədənimizdəki gərginlik də mütləq çıxmalıdır. Ümumiyyətlə, azad ruhlu insanam və heç kimə görə dəyişməmişəm, bundan sonra da düşünmürəm ki, dəyişmərəm.”
Güclü, iddialı, uğurlu xanımdır. Ağıllı və məntiqi hərəkətləri ilə olduğu mühitdə asanlıqla seçilir. Bunlarla yanaşı, mehriban xarakteri ilə ətrafdakıların rəğbətini qazanmağı bacarır. Zərif və həssas ruhu var. Hər şeyə məntiqlə yanaşmağa çalışır…
“Soykökümlə, valideynlərimlə həmişə qürur duymuşam. Bir əmim məşhur filosof olub – Asif Ata, bir əmim bəstəkar – Rəşid Nəsiboğlu. Yəni ziyalı mühitdə böyümüşəm. Görünür, mənim ali missiyam iki başarılı insanı dünyaya gətirmək imiş. Bununla qürur duyuram. Ananın övladına görə duyduğu iftixar qədər gözəl hiss yoxdur, inanın. “Qaraqan” təxəllüsü ilə tanınan oğlum Elxanın istedadına əminəm. O, bu həyatla vuruşmağa başlayandan gah rəsm çəkdi, gah breyk-dansla məşğul oldu, gah idmanla, gah musiqi ilə. Çox tez şeir yazmağa başladı. Bilirdik ki, bu uşaqdan nəsə olacaq. İstedadı var. “A” adlı ilk romanını 17-18 yaşında yazdı. İlkini mən oxudum. Amma bir hərfini belə dəyişməmək şərtilə. Oxudum və anladım ki, genetika öz sözünü deyib. Gördüm peşəkar rəyinə də ehtiyacım var. Romanı istedadlı dostumuz Rəşad Məcidə göndərdim. İki gündən sonra sms yazdı ki, təbrik edirəm, sən yazıçı anasısan. Qızım Nərmin isə Türkiyədə, İtaliyada təhsil alıb. Çox savadlıdır. Yerin altını da bilir, üstünü də. İndi Amerikada yaşayır. Jurnalistdir. Uğurları ilə qürur duyuram.”- söyləyir.
Nə isə, bugünkü söhbətimin qəhrəmanı Afaq Vasifqızıdır. O, Azərbaycanda tanınmış jurnalist, ssenarist və redaktordur. Sentyabrın 11-i növbəti ad gününü qeyd edəcək. Qoy mənim bu söhbətim onun ad gününə hədiyyəm olsun. Təbrik edirəm!
Hörmətlə, Elman Eldaroğlu

Share: