Çox vaxt insan keçmişi xatırlayanda kövrəlir. Uşaqlıq illərini, köhnə küçələri, dağıdılmış evləri, artıq həyatda olmayan insanları yada salır.
Amma elə bir vaxt da gəlir ki, insan keçmişin özünə yox, keçmişdə qalan hansısa sistemə həsrət qalır. Hətta vaxtilə şikayət etdiyi, narazı olduğu bir sistem üçün bu gün “kaş yenə elə olaydı” deməyə başlayır. Bu, keçmişin yaxşılaşması deyil, bu günün pisləşməsidir.
Təhsil sistemində də qəribə bir mənzərə yaranıb. Vaxtilə Bakının hər rayonunda Təhsil Şöbəsi vardı. Xəzər rayonunda yaşayan müəllimin, valideynin, məktəbin problemi yarananda məsələni həll etmək üçün rayonun özündə aidiyyəti quruma müraciət etmək mümkün idi. İnsan tanış bir ünvana gedirdi, qarşısında konkret bir qurum, konkret məsul şəxslər olurdu. Heç olmasa bilirdi ki, problemini kimə deyəcək.
Sistem ideal deyildi. Əsla!
Orada da nöqsanlar vardı, bürokratiya vardı, narazılıqlar vardı. Bəzən məmur vətəndaşı eşitmirdi, bəzən məktəbin problemi aylarla həll olunmurdu. Amma bir üstünlük vardı ki, dövlət vətəndaşın yaşadığı yerə yaxın idi. İndi isə rayon təhsil strukturları ləğv olunub. Onların yerində daha böyük, daha mərkəzləşdirilmiş, daha “müasir” adlar daşıyan idarəetmə mexanizmləri yaradılıb. Nəticə?
Tutaq ki, Qızıldaş qəsəbəsində yaşayan bir valideynin məktəbli uşağının problemi yaranır. Valideyn məktəbdə məsələni həll edə bilmir. Məktəbdən yuxarı instansiyaya müraciət etmək istəyir. Rayon Təhsil Şöbəsi yoxdur. Deməli, valideyn üz tutur Bakının mərkəzinə.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə.
Buraya qədər hər şey normal görünə bilər. Amma sonra məlum olur ki, vətəndaşın ən böyük problemi artıq uşağının məktəbindəki problem deyil.
Ən böyük problem müraciət edə biləcəyi adamı tapmaqdır. Təhsil sistemində qəribə bir “səyahət” başlayır. Vətəndaş əvvəlcə probleminin kimə aid olduğunu öyrənməlidir. Sonra hansı idarəyə getməli olduğunu tapmalıdır. Sonra həmin idarədə onu qəbul edəcək şəxsi axtarmalıdır. Sonra da, nəhayət, əgər bütün bu mərhələləri keçə bilsə, problemini danışmalıdır.
Bu da təhsil idarəçiliyinin yeni modeli.
Əvvəllər problem rayonun o biri başında həll edilirdi.
İndi problem Bakının mərkəzinə qədər gətirilir.
Amma burada da həll ediləcəyinə zəmanət yoxdur.
Bəs buna nə ad verək?
Mərkəzləşmə optimallaşdırma, islahat,
yoxsa sadəcə vətəndaşın problemini özündən uzaqlaşdırmaq?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qəbul otağında yaranan mənzərə isə ayrıca bir tamaşadır. Dövlət idarəsindən çox bazarı xatırladan izdiham, bir-birinə qarışan səslər, narazı insanlar, gözləyən valideynlər, dərdini danışmağa çalışan müəllimlər…
İynə atsan yerə düşməz.
Hamı danışır, hamının problemi var, hamı nəsə istəyir.
Amma adamın ağlına bir sual gəlir ki, bu qədər insanın arasında onları dinləyən kimdir?
Dövlət idarəsinin mahiyyəti də elə burada başlayır. Vətəndaşın dərdini dinləmək, problemini araşdırmaq, səlahiyyəti daxilində həll etmək, səlahiyyəti yoxdursa isə onu aidiyyəti quruma düzgün istiqamətləndirmək.
Yoxsa vətəndaşı bir qapıdan digərinə göndərmək deyil.
Təəssüf ki, bu gün vətəndaşın qarşısında bəzən o qədər çox qapı açılır ki, sonda hansı qapının dövlətə, hansının məsuliyyətsizliyə açıldığını ayırd etmək çətinləşir. Ən qəribəsi isə odur ki, qurumlar dəyişir, adlar dəyişir, strukturlar dəyişir, amma vətəndaşın sualı dəyişmir:
“Mənim problemimi kim həll edəcək?”
Əgər bu suala cavab vermək üçün vətəndaş əvvəlcə bütün inzibati sistemi özü araşdırmalı, hansı qurumun hansı səlahiyyətə malik olduğunu öyrənməli, sonra da həmin qurumun içində məsul şəxsi axtarmalıdırsa, onda burada idarəetmənin sadələşdirilməsindən danışmaq çətindir. Çünki dövlət idarəsi vətəndaş üçün yaradılır.
Vətəndaş dövlət idarəsinə xidmət etmək üçün yaşamır.
Vaxtilə hər rayonun Təhsil Şöbəsi vardı. Xəzərdə yaşayan insan Xəzərdə, Sabunçuda yaşayan Sabunçuda, Qaradağda yaşayan Qaradağda öz problemini həll etməyə çalışırdı. İndi isə şəhərin müxtəlif yerlərində yaranan problemlər sanki bir mərkəzə yığılır.
Bir idarənin dəhlizinə, bir qəbul otağına, bir neçə kabinetə.
Nəticədə nə baş verir?
Vətəndaş müraciətləri, şikayətlər, narazılıqlar yığılır.
Amma problemin özü yerində qalır.
Bəlkə də ən böyük səhv elə budur ki, biz idarəetməni mərkəzləşdirərkən vətəndaşı da mərkəzə yığmışıq. Halbuki təhsilin özü mərkəzdə deyil.
Təhsil də müəllim də, şagird də məktəbdədir. Valideyn öz rayonundadır. Problem də çox vaxt elə həmin məktəbdə, həmin rayonda yaranır.
Onda niyə problemin həlli üçün hamı Bakının mərkəzinə gəlməlidir? Bəlkə rayonlarda təhsilin idarə olunmasına cavabdeh real və işlək nümayəndəliklərin olması daha məqsədəuyğundur?
Bəlkə vətəndaşı idarəyə gətirmək əvəzinə idarəni vətəndaşa yaxınlaşdırmaq lazımdır?
Bəlkə bir vaxtlar “köhnə”, “səmərəsiz” hesab edilən sistemin bəzi yaxşı tərəflərinə yenidən baxmaq lazımdır?
Çünki bu gün insanların keçmişə həsrət qalması heç də o demək deyil ki, keçmiş mükəmməl idi. Əsla. Keçmişin pis tərəfləri də vardı. Həm də çox.
Amma insanları keçmişin pisinə həsrət qoyan səbəb keçmişin yaxşı olması deyil.
Bu günün daha pis olmasıdır.
Bir sistem əvvəlkindən daha yaxşı qurulursa, vətəndaş da, müəllim də, valideyn də bunu hiss etməlidir.
Əgər bu gün insanlar:
“Kaş əvvəlki Təhsil Şöbələri qalaydı, heç olmasa gedib adam tapa bilirdik” deyirlərsə, onda bu, ciddi siqnaldır.
Bu, nostalji deyil. Bu, idarəetməyə verilən qiymətdir.
Əslində vətəndaşın idarənin adında heç bir marağı yoxdur. Onun üçün “şöbə” ilə “idarə”, “idarə” ilə “agentlik” arasında elə də böyük fərq yoxdur. Onun bircə dərdi varki, uşağının məktəbində problem yarananda kimə müraciət etsin?
Müəllimin hüququ pozulanda kimə desin?
Direktorla bağlı problemi olanda hansı qapını döysün?
Ədalətsiz qərarla üzləşəndə kim onun səsini eşitsin?
Əgər bütün bunların cavabı “Bakının mərkəzinə gəl”dirsə, onda biz idarəetməni vətəndaşa yaxınlaşdırmamışıq.
Əksinə, vətəndaşla dövlət arasında məsafəni böyütmüşük.
Bir vaxtlar rayonun Təhsil Şöbəsinə gedən vətəndaş indi şəhərin mərkəzinə gəlir.
Bir vaxtlar bir neçə dəqiqəyə çatdığı quruma indi saatlarla yol gedir. Bir vaxtlar konkret bir məsul şəxsi tapa bildiyi halda indi kabinetlər, strukturlar, səlahiyyətlər və vəzifələr arasında itib-batır.
Sonda da “Əvvəl heç olmasa belə deyildi…” dəyib, təəssüf hissi keçirir. Bu cümlə təhlükəlidir. Çünki bir dövlət sistemi üçün vətəndaşın keçmişin pisinə belə həsrət qalmasından ağır qiymət çətin ki, olsun. Ona görə də məsələyə bir az başqa tərəfdən baxmaq lazımdır.
Bəlkə daha bir idarə yaratmaq yox, mövcud idarələrin vətəndaşa necə xidmət etdiyinə baxmaq lazımdır?
Bəlkə yeni struktur yaratmaqdan əvvəl köhnə sistemin niyə işləmədiyini deyil, yeni sistemin niyə gözlənilən nəticəni vermədiyini soruşmaq lazımdır?
Bəlkə kabinetlərin sayını deyil, vətəndaşın həll olunan problemlərinin sayını hesablamaq lazımdır?
Çünki dövlət idarəçiliyinin uğuru nə qədər böyük bina tutmağında, nə qədər kabinetinin, nə qədər vəzifəsinin və nə qədər mürəkkəb strukturunun olmasında deyil.
Uğur çox sadə bir şeylə ölçülür. Görəsən, vətəndaş qapıdan içəri girəndə dərdini danışa bilirmi? Danışırsa, onu dinləyirlərmi? Dinləyirlərsə, problemini həll edirlərmi? Həll edə bilmirlərsə, heç olmasa onu düzgün ünvana yönəldirlərmi?
Əgər bunların heç biri baş vermirsə, onda idarənin adının “şöbə”, “idarə”, “mərkəz” və ya “agentlik” olmasının nə fərqi var?
Vətəndaş üçün qapının üstündəki lövhə yox, o qapının arxasında nə baş verdiyi önəmlidir.
Və bu gün insanların keçmişin pisinə belə həsrət qalması bizə bir şeyi göstərir:
Bəzən ən təhlükəli “islahat” köhnəni ləğv etmək deyil.
Köhnənin yerinə ondan daha pisini qoymaqdır.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















