Tanıdığım çoxlu uşaqlar, yeniyetmələr, gənclər var. Hər birinin özünəməxsus müsbət və mənfi cəhətləri olur. Ancaq 15 yaşlı Cahangir onlardan fərqlənirdi.
Onu kiçik yaşlarından tanıyırdım. Çox imanlı, əxlaqlı, mədəni, tərbiyəli və diqqətli bir uşaq idi. Atası, jurnalist Samir Qurbanovla dost olduğum üçün rayona gedəndə həmişə onların qonağı olurdum. Cahangir də bizim qulluğumuzda durar, hərdən mənə müxtəlif suallar verərdi. Mən danışanda isə həmişə böyük diqqətlə qulaq asardı. Dərslərini yaxşı oxuyurdu. Təbii ki, onun belə tərbiyəli və savadlı böyüməsində ailəsinin böyük rolu olub. Bu gözəl keyfiyyətlər ilk növbədə ailədə aldığı tərbiyədən və gördüyü nümunədən qaynaqlanır.
Bu il Biləsuvar rayonu Nizami Gəncəvi adına
1 nömrəli məktəbdə də yeni təmayül sinifləri yaradılıb. Şagirdlərin bilik və bacarıqlarının, maraq və potensialının nəzərə alındığı bu siniflərə qəbul olmaq üçün imtahan keçirilirdi.
Cahangir Qurbanov da imtahan verərək həmin təmayül sinfinə qəbul olmuşdu. Bu, onun dərslərinə olan münasibətinin, biliyinin və gələcəyə hazırlığının göstəricisi idi. Onun qarşıda gözəl bir gələcəyinin olacağına inanır, böyük ümidlər bəsləyirdik.
Təəssüf ki, həyatın bizim üçün yazdığı ən ağır sınaqlardan biri ilə qarşılaşdıq. Cahangir artıq həmin sinifdə oxuya bilməyəcək, qurduğu arzuların ardınca gedə bilməyəcək…
Bəzən bir uşağın gələcəyi ilə bağlı qurduğumuz arzular onun yoxluğu ilə yarımçıq qalır. Amma Cahangirin xatirəsi bizə bir məsuliyyəti də xatırladır: uşaqlarımızı yalnız dərsləri və uğurları ilə deyil, onların daxili dünyası, düşüncələri və hissləri ilə də tanımalıyıq.
Cahangir kimi ağıllı, tərbiyəli, gələcəyinə ümid bəslədiyimiz uşaqların hər birinin həyatına daha diqqətlə yanaşmalıyıq.
Əziz Cahangir… Sənin üçün qurulan arzular yarımçıq qaldı. Amma sən bizi düşündürən, öyrədən və unutmayacağımız bir xatirəyə çevrildin.
Etiraf etmək istəyirəm: Cahangirsiz bu dünyada hiss etdim ki, onu hamı kimi mən də lap çox istəyirmişəm. Bəzən bir insanın yoxluğu onun həyatımızdakı yerini bizə daha dərindən göstərir…
Yerin behişt olsun. Allah səni rəhmət eləsin. İnşallah, əmi kimi söz verəm ki, nə qədər həyatda varamsa heç vaxt səni unutmayacağam.
Ruhun şad olsun.
Uca Allah sənə yar olsun, əziz Cahangir…

Dövrümüzdə uşaqlarımıza daha çox diqqət və nəzarət lazımdır. Valideyn uşağının yalnız dərsləri ilə deyil, onun düşüncələri, dostları, sosial media fəaliyyəti, keçirdiyi hisslər və davranışındakı dəyişikliklərlə də maraqlanmalıdır. Məktəbdə isə müəllimlər uşağın davranışında yaranan fərqləri vaxtında görməli və valideynlə əlaqə saxlamalıdırlar.
Təbii ki, Cahangirin tərbiyəsində, dərslərində və əxlaqında heç bir problem yox idi. Mən onu həmişə ağıllı, mədəni, tərbiyəli və nümunəvi bir uşaq kimi tanımışam. Onun faciəli şəkildə aramızdan getməsi isə bizə bir daha göstərir ki, uşaqların daxili dünyasına, keçirdikləri hisslərə və düşüncələrinə daha həssas yanaşmalıyıq.
Uşaqları yalnız böyütmək kifayət deyil — onları dinləməli, anlamalı, hiss etməli və qorumağı bacarmalıyıq.
“Kimliyimiz və Kamilliyimiz” Mənəvi İnkişaf İctimai Birliyi adından əziz dostum Samir Qurbanova və Qurbanovlar ailəsinə bir daha dərin hüznlə başsağlığı verirəm. Allah Cahangiri tanıyan bütün yaxınlarına, doğmalarına səbir, dözüm versin.

Müşfiq Malik Muğanlı
“Kimliyimiz və Kamilliyimiz”
Mənəvi İnkişaf İctimai Birliyin sədri,
AYB-nin üzvü, şair-yazıçı, publisist





















