“Müəllim bir ömrü deyil, neçə-neçə ömrün sabahını yetişdirən insandır.”
İllər çox şeyi dəyişir. Məktəb yolları uzaqda qalır, sinif otaqları xatirəyə çevrilir, parta arxasında əyləşən uşaqlar böyüyüb həyatın ayrı-ayrı yollarına üz tuturlar. Amma zamanın dəyişə bilmədiyi, yaddaşdan silə bilmədiyi bir doğmalıq var: ilk müəllim doğmalığı. Onun səsi, baxışı, qayğısı, bir vaxt ürək-dirək verən sözü illərin arxasından yenə əvvəlki hərarətlə gəlib insana çatır. İlk müəllimin adı çəkiləndə yaddaşda məktəbə açılan ilk qapı, dəftərin ağ səhifəsinə yazılan ilk hərf, ilk dəfə eşidilən “afərin” və uşaqlığın saf məktəb sevinci oyanır. İnsan neçə yaşında olursa-olsun, ilk müəllimini xatırlayanda yaddaşının bir guşəsində yenə həmin balaca məktəbliyə çevrilir.
Müəllimin ömrünü təqvimlə, illə ölçmək çətindir. Onun əsl ömrü yetişdirdiyi şagirdlərin həyatına paylanır. Bir vaxt öyrətdiyi hərf sonralar yazılan kitaba, öyrətdiyi rəqəm böyük bir hesaba, verdiyi nəsihət doğru bir həyat qərarına çevrilir. Müəllim bəzən özü də bilmədən bir insanın taleyində elə bir iz qoyur ki, həmin iz illərin arxasından gələcəyə uzanır. Elə buna görə də müəllim əməyi görünən işdən daha böyük, deyilən sözdən daha uzunömürlüdür. Müəllimlik öz ömründən başqalarının ömrünə pay verməkdir. Hər şagird müəllimdən bir zərrə bilik, bir söz, bir xatirə götürüb gedir. İllər sonra həmin uşaqların hərəsi bir ailənin, bir peşənin, bir həyat yolunun sahibi olur, müəllimin verdikləri isə onların yolunda səssizcə yaşamaqda davam edir. Müəllimin böyüklüyü də bundadır: onun əməyi sinif otağının hüdudlarını aşaraq yüzlərlə insanın həyatında öz bəhrəsini verir.
Müəllimlik sadəcə peşə deyil. O, insanın düşüncəsini, dünyagörüşünü və mənəvi dəyərlərini formalaşdıran şərəfli bir missiyadır. Cəmiyyətin gələcəyini quran hər bir peşənin başlanğıcında müəllim əməyi, müəllim sözü və müəllim qayğısı dayanır. Bu baxımdan müəllimlik böyük biliklə yanaşı, sonsuz səbir, yüksək mənəvi məsuliyyət və insan sevgisi tələb edən fəaliyyət sahəsidir. Əsl müəllim yalnız elm öyrədən deyil, həm də öyrətdiyi elmin arxasında dayanan mənəvi dəyərləri yaşadan insandır. O, şagirdinə biliyin gücünü göstərməklə yanaşı, həmin bilikdən doğru istifadə etməyi, insanlara və cəmiyyətə faydalı olmağı da öyrədir. Buna görə müəllim ömrünün sonuna qədər həm öyrədən, həm də öyrənən insandır.
İbtidai sinif müəlliminin insan həyatında yeri isə bir qədər də başqadır. Çünki uşağın məktəb dünyasına açılan ilk qapısında onu qarşılayan, balaca əlindən tutub hərflərin, rəqəmlərin, kitabların aləminə aparan ilk müəllimidir. Uşaq qələmi necə tutacağını ondan öyrənir, ilk hərfini onun baxışları altında yazır, ilk sözünü onunla hecalayır. Dəftərin ağ səhifəsində əyri-üyrü yazılan bir hərf düzələndə bəzən şagirddən çox müəllim sevinir. Bir rəqəm doğru yazılanda, bir cümlə sərbəst oxunanda müəllimin üzündə görünən sevinc uşağın yaddaşında iz salır. Şagirdin ilk bilik sevinci çox vaxt ilk müəlliminin sevinci ilə başlayır. Belə müəllim uşağa yalnız yazmağı, oxumağı, saymağı öyrətmir. Ana qayğısı ilə şagirdinə yanaşır, onu sevir, qoruyur, həyata hazırlayır. Məktəbə ilk dəfə ürkək addımlarla gələn balacanın əlindən tutmaq, gözündəki qorxunu inama çevirmək, “bacarmaram” dediyi yerdə “bacararsan” söyləmək də müəllimliyin kitabda yazılmayan dərslərindəndir. Bəzən bir uşağın göz yaşını silmək, sevincinə qoşulmaq, səhvini xətrinə dəymədən düzəltmək müəllim əməyinin kiçik görünən, lakin insan yaddaşında böyük yer tutan məqamlarıdır.
Yardımlının neçə-neçə övladının məktəb xatirələrində məhz belə bir müəllimin adı yaşayır: Ədibə müəllimə Ağayeva. Onun ömrünün böyük bir hissəsi məktəbə, sinif otağına, uşaq səsinə, təbaşir tozuna, dəftər-qələmə, ən başlıcası isə şagird sevgisinə bağlanıb. İllər ötüb, siniflər dəyişib, partalar arxasına yeni uşaqlar əyləşib. Dünən onun qarşısında əlifba öyrənən balacalar böyüyüb, özləri ata-ana, bəziləri baba-nənə olublar. Amma yaddaşlarda bir ad əvvəlki doğmalığı ilə qalıb: Ədibə müəllimə.
Ağayeva Ədibə Azadxan qızı 12 iyul 1944-cü ildə Yardımlı rayonunda zəhmətkeş ailəsində anadan olub. 1951-ci ildə Yardımlı rayon M.F. Axundov adına orta məktəbin birinci sinfinə daxil olub. 1961-ci ildə həmin məktəbin onuncu sinfini bitirərək orta təhsil alıb. 1962-ci ildə M.F. Axundov adına Pedaqoji kursu bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnib. O, əmək fəaliyyətinə 1963-cü ildə Yardımlı rayon 2 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. 1963–1971-ci illərdə həmin məktəbdə çalışaraq savadı, müəllimlik bacarığı və şagirdlərə qayğıkeş münasibəti ilə seçilib. 1972-ci ildə ailə qurub, beş övlad böyüdüb. Bir tərəfdən öz övladlarının anası, digər tərəfdən yüzlərlə uşağın müəllimi olub. Evdə ana qayğısı, məktəbdə müəllim məsuliyyəti daşıyıb. Valideynlərin ona etibar etdiyi uşaqlara doğma münasibət bəsləyib, onların qayğısını çəkib, sevincinə sevinib, uğurlarını öz uğuru sayıb.
1972-ci ildən pedaqoji fəaliyyətini Bozayran kənd tam orta məktəbində davam etdirib və 2011-ci ilə qədər bu məktəbdə ibtidai sinif müəllimi işləyib. Beləliklə, 48 ilə yaxın pedaqoji fəaliyyəti ərzində bilik və bacarığını uşaqların təlim-tərbiyəsinə, onların savadlı və mənəvi cəhətdən yetkin insan kimi formalaşmasına həsr edib. Bozayran məktəbinin sinif otaqlarında Ədibə müəllimənin səsi uzun illər eşidilib. Qarşısındakı uşaqlar dəyişib, onun müəllim sevgisi isə dəyişməyib. Hər yeni birinci siniflə yol yenidən başlanıb: qələm tutmağı öyrənən balaca əllər, hərfləri qarışdıran uşaqlar, lövhəyə ilk dəfə qalxmağın həyəcanı, ilk “əla”nın sevinci… Ədibə müəllimə bu yolu hər dəfə şagirdləri ilə birlikdə, səbirlə addımlayıb.
Bir uşağın ilk hərfini düzgün yazması kənardan adi görünə bilər. İlk müəllim üçün isə həmin balaca hərfin arxasında böyük zəhmət dayanır. Bu gün dəftərə yazılan ilk hərf sabah oxunacaq kitabların, alınacaq təhsilin, seçiləcək peşənin başlanğıcıdır. Ədibə müəllimənin əməyinin dəyəri də məhz belə kiçik görünən, əslində isə böyük gələcəyin əsasını qoyan uğurlarda özünü göstərib. Ədibə müəllimənin təhsil sahəsində göstərdiyi xidmətlər Bozayran kənd sakinlərinin yaddaşında xüsusi yer tutur. O, uzun illər ərzində yüzlərlə şagirdə dərs deyib, onların ilk biliklərinin və təhsil bünövrəsinin formalaşmasında böyük zəhmət çəkib. İbtidai sinif müəllimi kimi şagirdlərinin yalnız savadlanmasına deyil, tərbiyəsinə, dünyagörüşünün və mənəvi keyfiyyətlərinin formalaşmasına da xüsusi diqqət göstərib.
Onun müəllim qayğısı zəng çalanda bitməyib. Hansı uşağın dərsdə çətinliyi olduğunu, hansı şagirdin daha artıq diqqətə ehtiyac duyduğunu, kimin ürəyinə bir xoş söz lazım gəldiyini müəllim baxışı çox vaxt sözsüz duyub. İllərin təcrübəsi ona uşağın üzündən sevincini də, nigaranlığını da oxumağı öyrədib. Bozayran kəndində çalışdığı uzun illər ərzində Ədibə müəllimə özünü savadlı, məsuliyyətli, zəhmətkeş və fədakar pedaqoq kimi tanıdıb. Şagirdlərinə müəllim qayğısı ilə yanaşı, ana nəvazişi göstərməsi onun ən gözəl xüsusiyyətlərindən biri olub. Buna görə də o, təkcə şagirdlərinin deyil, onların valideynlərinin və bütövlükdə kənd camaatının hörmət və rəğbətini qazanıb.
Kənd müəlliminin taleyi illər keçdikcə el-obanın həyatı ilə elə bütövləşir ki, onun ömrünün izlərini neçə-neçə insanın həyat yolunda görmək olur. Dünən parta arxasında dərs dediyi uşaq illər sonra yol üstündə qarşısına çıxır. Saçlarına dən düşmüş həmin insan ona yenə əvvəlki doğmalıq və ehtiramla “müəllimə” deyə müraciət edir. O an sanki illər aradan çəkilir, zaman geriyə dönür. Müəllimin gözündə qarşısındakı insan yenə əlində qələm tutan, ilk hərfləri yazmağa çalışan balaca şagirddir. Müəllimlik peşəsinin ən böyük mənəvi mükafatlarından biri də elə budur – illər, onilliklər keçsə də, insanların yaddaşında “mənim müəllimim” olaraq qalmaq.
Ədibə müəllimənin çoxillik pedaqoji fəaliyyətinin ən qiymətli bəhrəsi də yetişdirdiyi şagirdlərdir. Onun sinfində ilk təhsilini alan yüzlərlə uşaq sonralar müxtəlif peşə və ixtisaslara yiyələnib, cəmiyyətdə öz yerini tutub. Hərəsi bir ömür yolu seçib, müxtəlif sahələrdə çalışıb, uğurlar qazanıb. Bu uğurların başlanğıcında isə onlara ilk hərfi yazdıran, ilk sözü oxudan, ilk hesabı öyrədən müəllimin zəhmətindən də bir pay var. Axı hər böyük yolun bir ilk addımı olur. Həkimin yazdığı səlis xəttin də, müəllimin oxuduğu kitabın da, mühəndisin apardığı mürəkkəb hesablamaların da başlanğıcında bir vaxt öyrənilmiş ilk hərf, ilk söz, ilk rəqəm dayanır. Həmin başlanğıcın yanında isə çox zaman bir ibtidai sinif müəllimi olur- uşağın əlindən tutub onu bilik dünyasına aparan ilk müəllim.
Ədibə müəllimənin ən böyük qazancı da məhz budur: vaxtilə öyrətdiyi hərflərin, rəqəmlərin, verdiyi biliklərin və aşıladığı mənəvi dəyərlərin bu gün yetişdirdiyi insanların həyatında yaşaması. İllər ötür, şagirdlər böyüyür, yollar ayrılır, nəsillər dəyişir. Amma ilk müəllimin izi yaddaşdan silinmir. Çünki müəllim ömrünün davamı bir qədər də yetişdirdiyi şagirdlərin ömründə yaşayır.
2011-ci ildə uzun və şərəfli pedaqoji fəaliyyətini başa vuraraq təqaüdə çıxıb. Ancaq müəllimlik elə bir peşədir ki, ondan sözün həqiqi mənasında təqaüdə çıxmaq olmur. Sonuncu dərsin zəngi çala, jurnal bağlana, hər səhər gedilən məktəb yolu xatirəyə çevrilə bilər. Amma müəllim adı insanın ömründən ayrılmır. Bir dəfə “müəllimə” deyə səslənən insan illər, onillər keçsə də, şagirdlərinin dilində yenə müəllim olaraq qalır.
Müəllimin əməyinin bəhrəsi həmişə dərhal görünmür. Bəzən bir şagirdə deyilən doğru söz illər sonra onun mühüm həyat qərarına çevrilir. Ona verilən inam öz gücünü kəşf etməsinə, aşılanan elm sevgisi isə böyük uğurların başlanğıcına səbəb olur. Müəllimin bir uşağın qəlbində yaratdığı dəyişiklik zaman keçdikcə həmin insanın ailəsinə, ətrafına və gələcək nəslə də ötürülür.
Bu gün Ədibə müəllimənin vaxtilə əlindən tutub qələm tutmağı öyrətdiyi uşaqların hərəsi bir həyat yolundadır. Onların övladları, nəvələri məktəbə gedir. Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma bir müəllimin verdiyi bilik və tərbiyə görünməz bir körpü kimi nəsildən-nəslə keçir. Ədibə müəllimə Ağayevanın keçdiyi yol belə bir müəllim əməyinin gözəl nümunəsidir. 48 ilə yaxın müddətdə neçə-neçə uşağın ilk məktəb sevincində onun payı olub. Kimisinin əlindən tutub ilk hərfini yazdırıb, kimisinin səhvini səbirlə düzəldib, kimisini bir xoş sözlə ruhlandırıb. Şagirdlərini yalnız növbəti sinfə deyil, böyük həyata hazırlamağa çalışıb.
İndi illərin arxasından həmin məktəb yollarına baxanda yüzlərlə şagirdin izi görünür. O izlərin hər birində bir müəllim əməyi, bir müəllim səbri, bir müəllim məhəbbəti yaşayır. Ədibə müəllimənin ən qiymətli həyat əsəri yetişdirdiyi insanlardır. Çünki müəllimin yazdığı ən dəyərli kitab kağız üzərində deyil, şagirdlərinin həyatında yazılır. İllər sonra onun qarşısına çıxıb əvvəlki məhəbbətlə “Ədibə müəllimə, mən sizin şagirdiniz olmuşam” deyən hər bir insan keçilmiş müəllimlik yolunun canlı bəhrəsidir. Bir vaxt balaca sinif otağında yandırılan çıraq bu gün də öyrədilən hər hərfdə, oxunan hər kitabda, qazanılan hər uğurda və ilk müəllimini unutmayan şagirdlərin qəlbində yanır.
Və müəllim ömrünün işığı da elə budur: insanın özündən sonra belə başqalarının yolunu aydınlatmaq.
Samir Əsədli





















