Yuxu – Elnur NƏHMƏDin  yeni hekayəsi

– Anam düz üç ildir, rəhmətə gedib, müəllim. Elə ki yanvar-fevral ayları gəlir, bütün problemlərim qarışır bir-birinə. Elə bil lənətə gəlirəm, yaşamaq belə zərrə qədər gözümdə qalmır. Yenə yayda dayanmadan işləyirəm, başım qarışır. Müəllim, insan problemlə yüklənəndə heç nəyin gözəlliyi qalmır vallah. Elə içimdən sınmışam ki! Ümid deyilən mənbənin özünə belə inamsızam…

Təyyub dayanmadan danışırdı. Bayaqdan saç düzəltdiyi maşınları və qayçıları iki-üç dəfə təkrar yağlamışdı. Danışdıqca gözləri alacalanır, tez-tez udqunaraq mənə baxırdı. Sanki balaca bərbərxanasına sığışmayan arzularını çölə daşıyırdı…
Onu rayonda hamı tanıyır, çünki o bu qəsəbənin, ətraf kəndlərin ən yaxşı bərbəridir. Bəzən qəbuluna düşmək üçün saatlarla növbənin çatmasını gözləyirsən. Adətən, Təyyub günboyu susur, kimsəylə bir kəlmə də kəsmir. Bu gün ona nə olmuşdu, görəsən?!
– Neçə gündür, Sərfi xalam yadıma düşür. Yazıq arvad altı uşaq böyütmüşdü. Hamısı 41-42 yaşında öldü. Anam o günləri görməsəydi, bəlkə də, ölməzdi, müəllim. Bayaqdan danışıram, heç əsas məsələni demirəm. Keçən ay yuxuda görmüşdüm ki, anam barmağından iki qızıl üzük çıxarıb mənə verir və deyir ki, Təyyub, götür bunları, ehtiyacın var. Müəllim, vallah, görürsən də nə qədər qazanıram?! Axı qızıla, pula ehtiyacım yoxdur! O yuxunu gördüyüm gündən bütün işlərim tərs gətirir. Canım ağrıyır sanki. Həkimə gedirəm, deyir, heç nəyin yoxdur. Səncə, bu nə deməkdir? Bu yuxunu sən yoza bilərsən?


Bir balaca diksindim. Mənə elə gəlirdi ki, Təyyub, sadəcə, ürəyini boşaldır. Sual gözləmirdim. Ona baxıb çiynimi çəkdim. Azca dayanıb yenə də davam elədi:
– Anam qalsaydı, müəllim….
Təyyub danışa bilmədi. Gözündən yaş axmağa başladı.
Artıq susa bilməzdim. Nəsə deməli idim. Axı biz neçə ilin dostu idik. Yaxşı günümüzdə, pis günümüzdə bir yerdə olmuşuq. Düşündüm ki, mütləq dostumu təskinləşdirəcək söz deməliyəm. Dedim ki, yuxuda mərhumun nəsə bağışlaması sənə duaçı olmasına işarədir. Bütün sıxıntıların aradan qalxacaq. Ölmüş şəxsin nəsə verməsi ən gözəl müjdədir, o da ki qızıl ola. Ata canı, ən gözəl yuxudur.
Həm də, ay Təyyub, deyirəm, nə gözəldir e, hər gün, hər saat dünyasını dəyişən yaxınlarımıza tərəf gedirik.Yaşlandıqca onlara yaxınlaşırıq. Bir gün mütləq o dünyada görüşəcəyik.
Bir az düşünüb əlavə etdim:
– Nəsə səhv iş görmüsən, bəlkə, ay Təyyub?
Bu sözləri demişdim ki, usta Təyyubun bərbərxanasına əlində əsa, hamının ağsaqqal kimi, seyid kimi hörmət etdiyi Mirhəsən kişi daxil oldu. İkimiz də ayağa qalxdıq. Saç-saqqalı ağarmış seyidimiz salam verib kandarda dayandı və əsasını yerə döyəclədi:
– Oğlum, Təyyub, gül kimi uşağı payimal eləməyin. Günaha batar, evləndirin onu, vallah, günahdır. Dinimizdə də buyurulub ki, valideyn övladını vaxtında evləndirməyə borcludur. Bir üzükdür, apar istədiyi birisinin barmağına tax.
Təyyubun oğlu 35 yaşına çatsa da, hələdə evlənməmişdi. Aradabir təpinirdik ki, ailə qursun. İki ayağını bir başmağa dirəmişdi.
Biz Təyyubla lal-dinməz bir-birimizə baxırdıq. İkimiz də qayğılı-qayğılı güldük.

Share: