Yubileyiniz mübarək, İndra xanım!

İkimiz də Sumqayıtın yetirməsiyik. Bu şəhərdə böyüyüb ərsəyə çatmışıq. Adını tez-tez eşitsəm də, həyatda çox nadir hallarda üz-üzə gəlmişik. Qırx ildən çox şəhərin maliyyə idarəsində çalışıb. İkinci dərəcəli dövlət qulluqçusudur. Xidmətləri dövlətimiz tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Şəhərin nüfuzlu sakinlərindən biridir…

Sumqayıtın ilk müfəttiş qadını olub. İşini elə qurub ki, adına heç zaman söz gəlməyib. Uzun müddət heç bir partiyanın üzvü olmasa da, şəhərin ictimai həyatında fəallardan biri olub. 1995-ci ildən YAP-ın üzvüdür. Partiyanın elə bir konfransı, qurultayı olmayıb ki, orada çıxış etməsin. Qazandığı uğurlara görə ailəsinə borclu olduğunu, dilə gətirir.
“Hər bir qadın üçün siyasi fəaliyyətdən, vəzifədən öndə ailəsi durur. Əgər mənim ailəm, həyat yoldaşım arxamda durmasaydı, iki dəfə deputatlığa namizəd ola bilərdimmi? Pərdəarxasında ailənin qüvvəsini hiss etmək siyasətdə olan bir qadın üçün çox böyük qürurdur.”- söyləyir.
Adı, elə soyadı da qəribədir- İndra Şəmsivari. Bu adı ona atası Hindistanın keçmiş baş naziri, məşhur İndra Qandinin şərəfinə qoyub. O da bu adla tanınıb, bu adla məşhurlaşıb. Şəhərdə çox az adam olar ki, onu tanımasın…
Deyir ki,- “1982-ci ilin 16 mart tarixindən etibarən dövlət qulluğunda çalışıram. Həmkarlarımdan mənə işi öyrədən, kömək edənlər çox olub. İlk yoxlamam hələ də yadımdadır. Getdim yoxlamaya, bir kişi müfəttiş vərəqə baxıb nəsə yazırdı, mən baxıb heç nə anlamırdım. Buna görə ağladım da və həmin vaxt müffəttiş Süleyman müəllim mənə dedi ki, hələ çox şeylər görəcəksən, darıxma, təlimatları oxu! Daha sonra elə oldu ki, mən hər vərəqi açanda orada bir fakt gördüm, artıq şəhərin bütün idarə və təşkilatlarında tanınmağa başladım, hamı deyirdi ki, müfəttiş İndira gəlib. İşlədiyim bu illər ərzində çox çətinliklər görmüşəm. Adını çəkməyəcəm, bir dəfə böyük bir müəssisəyə təftişə getmişdim. Yanacaq sürtkü materiallarını yoxlayırdım, gördüm ki, qarajda yeyinti var. Bunu qaralamaya yazıb qapıdan çıxmaq istəyirdim ki, mənə təzyiq göstərib, incitdilər. Təbii ki, çox qorxdum. Gəlib xəstəliklə bağlı üç günlük bülleten götürdüm, amma əlbəttə ki, qeydlərimi rəhbərimə çatdırdım. Akt tərtib olundu və həmin şəxslər cəzalandırıldı. Yadımdadır ki, bir müəssisəyə yoxlamaya getmişdim, şirkətin rəhbəri xaricdə səfərdə idi. Baxdım ki, sənədlərində çatışmamazlıq var. Baş mühasibə çatışmamazlıqları yazıb verdim. Ola bilər ki, səhv eləmişəm, amma mənim əsas amalım və düşüncəm o idi ki, müfəttiş başkəsən deyil, səhvləri göstərmək və izah etmək üçündür. Çünki yeyinti başqa şeydir, mexaniki səhvlər başqa. Bəlkə də bu gün mənim ailəmin – qalamın xoşbəxtliyi Tanrıdan aldığım xeyir-duanın sayəsindədir…”
Mehriban, gülərüz, səmimi xanımdır. Yüksək mədəniyyəti, intellekti, davranışı ilə fərqlənir. Özünə hörmət etməyi, ətrafdakılara sayğı ilə yanaşmağı, dəyər verməyi bacarır. İctimai fəallığı, işgüzarlığı ilə həmişə seçilib. Elə buna görə də təkcə Sumqayıtda deyil, ölkə miqyasında tanınır. Hər zaman rəsmiyyətdən, təkəbbürdən uzaq olub. Bir sözlə İndra xanım gözəl ana, sədaqətli rəfiqə, mehriban iş yoldaşı, mükəmməl qadındır…
Bu gün onun həyatında əlamətdar günlərdən biridir- 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Yubileyiniz mübarək, İndra xanım!
Hörmətlə, Elman Eldaroğlu
Share: