Yetmiş yaşa nə qaldı ki?..

Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”…
Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…
Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən olub. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb…
Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…
Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm – görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm – məsləhət Onunkudur”…
Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər.
El arasında belə bir ifadə var- canlara dəyən adam. Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən oğlandır…
Martın 26-sı İlqar bəyin doğum günüdür, 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Elman Eldaroğlu
Share: