Yaşayış yerində vəhşi heyvan görsəniz, bu nömrəyə zəng edin

“Bakı şəhəri ətrafında, bağlarda vəhşi heyvanların peyda olması ilə bağlı müraciətlər artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, bu onunla əlaqədardır ki, yaşayış obyektləri ilə vaxtilə gördüyümüz çöllər, meşələr, açıq ərazilər demək olar ki, birləşib. Bu gün Bakı şəhəri 20-30 il əvvəlki Bakı deyil: “Əvvəl Bakı şəhəri Xırdalanda bitirdi, ondan o tərəfə açıq ərazi idi. Sonra Sumqayıt şəhəri gəlirdi, yenə boşluq ərazi, H.Z.Tağıyev qəsəbəsi idi və ondan sonra boşluq idi. Bu gün bütün bu ərazilər birləşib. Həmin mühitdə yaşayan vəhşi heyvanlar da yaşayış məntəqələrini “özününküləşdirib”. Bu təbii ki, xoşagəlməz haldır. Onlar insanlar üçün təhlükə törədə bilərlər. Bu məqsədlə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzdində komissiya yaradılıb. Yaşayış sahəsində vəhşi heyvana rast gələn vətəndaş məktub yaza və ya “168” saylı “Qaynar xətt”ə müraciət edə bilər. Bu halda lazımi tədbirlər görüləcək”.

Gülnar Əliyeva


Share: