Yaman solaxaydı ürək ağrısı, Sancısı şeirdən tutub yeridi…-Günay Umid

Müstəqil.az bu gün doğum gününü qeyd edən istedadlı şair Günay Ümidin şeirlərini təqdim edir:

 

Ölmüş şairin kitabı

Bu nimdaş ömür içində
İsinməyə güman saxla.
Ürəyini ürəyimə
Niyyət elə, nəzir bağla.

Ümidlərini götür, gəl,
Zülmətimi nurun boğsun.
Yaxasın aç pəncərənin,
Ürəyindən günəş doğsun.

Nə olsun e gecdir daha,
Şəninə seyr düzəldim.
Sonra keçim öz küncümə,
Vərəqdən şeir düzəldim.

Gəl bəndlərin üstə otur,
İlham küsüb nə zamandır.
Ən altdakı sətri çəkib
Fikri dağıtma, amandır.

Ağ vərəq kəfənim olsun,
Onsuz da deyiləm babın.
Qəlbinə baş daşı elə
Ölmüş şairin kitabın…

***

Qəza orucu

Gözlərimdə mürgü döyür,
Qədr gecəsindən qalmış yuxusuzluq.
Alatoranlıqda bir limon dilimi Ay ,
Dəmləməkdədi pürrəngi Günəş.
Yanında iki parça xatirə şəkəri ,

Hisslərimin ocağında
Şeir qızdırır ilhamım…
İstiotu sevirəm deyə,
Üstünə bir çimdik kədər də səpir.
Masa örtüsüdü ağappaq vərəq,
İştahı qabarmış qələmin
Ağzının suyu axır vərəqin üstünə.
Canıma daraşır
Nəfsimin hücumu.
Bu ziyafət ,
Pozdurur mənə orucumu.

***

Yaman solaxaydı ürək ağrısı,
Sancısı şeirdən tutub yeridi.
Taleyi ovucdan oxuyan şair,
Əllərim bir ovuc sığal yeridi.

İçimdə bu soyuq nədir, donuram,
Yaman üşüyürəm ürək əsəndə.
Daha dindirmirəm xəyallarımı,
Dilimi kəsmişəm kəlmə kəsəndə.

Duamın əlləri göyə uzanıb,
Hey dartır tanrının ətəyin yerə.
Bir şeir canı var ağrılarımın,
Çəkmişəm qələmin tətiyin yenə.

Elə yorulmuşam, bu yolsuzluğum
Yerisəm, bir addım zamandı, şair.
Dərd təzə dəmləyib göz yaşlarımı,
Gəl içək, soyutma, amandı, şair…

***

ODUNÇU

Gecənin ayaq səsləri,
Qara-qara döşənir
Yerin qulağına…
Bir külək üşüyür,
Bu səsin sorağına.

Bu ağac yenə də,
qamətindən asdığı
rüzgarı yelləyir
beşik budaqlarında.

Dizləri qabıq- qabıq çatlamış,
İllər yorğunudu bu ağac..
Ona torpaqda da uzanmaq yasaq…

Bu odunçu axır ki,
Dizlərini bükdü ağacın
Alov-alov uzanıb uyudu ağac.
Tüstüsündə gecə boğuldu,
İstisinə şeir doğuldu…
küləksə, ulaya-ulaya
beşiyini axtardı,
axtardı,axtardı..
o ağacın tüstüsünü çəkib ciyərlərinə
yuva oldu beşiyinə…
Tanrının dizlərinə qoyub başını,
Elə bərkdən susdu ki….
Bu sükutun səsində
Allahda susdu…

***

Üşüyən öpüş

Bir “can” sözü yaz, göndər,
İsinsin buz varaqda.
Darıxma, üşümərəm
Daha səndən uzaqda.

Belə ayrılıq olmaz,
Qoymusan naçar məni.
Qalın da geyinərəm,
Jaketin qucar məni.

Heç nə də istəmirəm,
Bir gülüş ağla mənə.
Həsrəti ovutmağa
Bir çiyin saxla mənə.

Əlimi üzünə sıx,
Od alsın yanağından.
Çayı şirin etməyə
Öpüş dər dodagından.

Bir “can” sözü yaz, göndər,
İnsafın olsun bir az.
Bəlkə onda havanın
Canı da qızdı bu yaz.

Günay Ümid

Müstəqil.az

Share: