Yağışlar ağlayanda gecənin kirpiyində, İslanar xatirələr köksü üstə hicranın… – Azər Ağayev

Ruhun fəryadı

Bir ah düşər gecənin ovuclarından,
Yuxusunu qaçırar ulduzların,
Ayın kölgəsinə it hürər,
Ürəyin saat əqrəblərini dinləyər,
Divarlarda üşüyəndə baxışların
Yuxulu gözlərindən ağrılar keçər…

Sənin fikrini oğurlayanın
Əlləri rəqs edər gecələr uzunu
Kiminsə bədənində,
Dodaqları iz salar sinəsinə,
Barmaqları ucunda kimisə ovudar,
Saçlarını tökər çiyninə,
Yarı sərxoş gülümsəyər onun çöhrəsinə,
Sənə  verdiyi sözləri unudar…
Kimsə öpüşlərindən od tutar,
Saçlarında dincələr yorğun ruhu,
Gözlərindən işıq alar…

Səninsə  ərşə çəkilər yuxun,
Gecənin gözlərində
Dar ağacından asılar ruhun,
Ucalar fəryadı göyə…
Qarşılarsan sabahı
Taleyinə söyə-söyə…

***

Yoxluğunun havası

Ayrılığı çəkəndə
Saçımda dərd ağardı,
Yoxluğunun havası
Çətin dərddir, ağırdır.

Elə aldatdın məni,
Nağıla döndü bu eşq.
Sinəmi dağlayanda
Kamanda dindi bu eşq.

Ruhun çarpaz dağlanar
Bir özgə dodağında,
Başlayar üşütmələr
Həsrətin qucağında.

Gözlərini çırpınış,
Könlünü qəhər boğar.
Yoxluğumda bu dəniz,
Bu şəhər səni yorar.

Nə vaxtsa yada düşsəm ,
Saçlarının ucunda,
Qüruru gözündə sıx,
Hicranı da ovcunda…

***

Son şeir

Dodağında söz verdin, ayrılıq olmayacaq,
And içdin öpə-öpə, inandım uşaq kimi.
Bir ovuc saçlarından öpdüm, ayrılıq düşdü,
Qırıldı əllərində könlümün sarı simi.

Yağışlar ağlayanda gecənin kirpiyində
İslanar xatirələr köksü üstə hicranın.
Ürəyinin yaxası od tutar dörd divardan,
Nəfəsin buza dönər ağrıyanda sol yanın.

Səsim düşər yadına gecənin bir yarısı,
Ömrün şam işığında ərşə çəkilər yuxun.
Pərdənin o üzündə ay bir fəryad qoparar,
Göyün ahında yanar ulduzlar axın-axın.

Diri gözlə açarsan sabahı, günəş doğar,
Yoxluğumda üşüyər ruhunun sığal yeri.
Sönər dodağındakı təbəssüm qığılcımı,
Gözlərinin işığı daha qayıtmaz geri.

Boğazında qəhərə dönər dənlər quşların,
Balıqlar darıxanda sahilə çıxar, gülüm.
Daş inadın ağlınla ürəyin arasında
Uçurum dibindəki bir intihar, bir ölüm.

Yaxşı ki çıxıb getdin… Məndən getməyə nə var?!
Halı pərişan olub dönənlərdən sor məni.
Unutmağa çalışma, unutmaq asan deyil
Nəmli divarlar boyu kölgələrin səsini…

***

Divardakı kölgələr

Bir addım məsafədə qıvrılan lal baxışlar
Çarmıxa çəkilirdi nəfəsinin odunda.
Səhərin gözlərində hicranı ovutmağa
Əllərin qucaq yeri göy üzünün çatında.

Ovuclarına sənin üç şeir pıçıldadım,
Ruhumun əzaları titrədi dodağında.
“Eşq” dediyin yanmaqdır bir qadın saçlarından
Ayaq ucuna qədər sükutun ocağında.

Sol yanın gün işığı düşməyən tərəfində
Əlim göyərçin kimi köksündə dən gəzirdi.
Saçının sünbül eşqin zaman dəyirmanında
Saatın əqrəbləri ovuc-ovuc əzirdi.

Ömrün laləzar vaxtı dil açır, ayaq açır
Dəli, havalı könlün körpə, ərköyün nazı.
Nəmli divarlar boyu kölgələr rəqs edəndə
Çiynində çırpılırdı ötən bir ömrün tozu…

***

Soyuqların şeiri

Taleyindən yorğun düşən axşamın
Sabahında gəldin könül evimə.
Duaların yeddi göyü titrədən
Savabında gəldin könül evimə.

Elə gəldin, üşütmüşdün, ruhumdan
Bir nəfəslik qucaq açdım ovcuna.
Otur bir az, isti şeir dəmləyim,
Pıçıldayım saçlarının ucuna.

Xəzəl vaxtı yarpaq üstə mən sənin,
Tanıyaram, gəlsən, ayaq səsini.
Qurban olum, inciyəndə, küsəndə
Bir də çıxma saçlarından hirsini.

Bir dənizdir, dalğalanır baxışın
Qumral saçlar bəzəyəndə çiynini.
Günəş solğun, buludludur havalar,
Soyuq düşür, qalın geyin əynini.

Üşüsən, gəl payız vaxtı bir səhər,
Dərdlərini alım yorğun canından.
Gedirsənsə, birnəfərlik yer saxla
Yaşamağa bir ömürlük yanında…

Azər Ağayev

Müstəqil.az

Share: