Yaddaş səyyahı – Fərid Hüseyn yazır…

Kulis.az Fərid Hüseynin yeni yazısını təqdim edir.

Yaxın günlərdə 60 yaşı tamam olan filologiya elmləri doktoru, alim Rüstəm Kamalın yazılarını 15 ildən artıqdır ki, maraqla oxuyuram. Rüstəm müəllim Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsində 2008-2009-cu illərdə “Azərbaycan ədəbiyyatı” fənnindən bizə dərs deyib. Bu o vaxt idi ki, indi imzaları təsdiq olunmuş bir sıra şair və yazıçılar “Yaradıcılıq” fakültəsində təhsil alırdı; Qismət, Fərhad Mete, Zərdüşt Şəfi, Əsəd Qaraqaplan, Feyziyyə, Rəbiqə Nazimqızı, Tapdıq Türksoy… Rüstəm Kamalın hər mühazirəsi bizim üçün yeni bir yaradıcılıq yoluna meyil yaradır, yaxud o vaxta qədər kor-koranə mənimsədiyimiz düşüncə sistemlərindən bizi qoparırdı. Rüstəm müəllim mühazirə zamanı elə maraqlı fikirlər söyləyir, emosional halı ona elə qənaətləri dedizdirirdi ki… …həmin dərslərdə apardığım qeydlər bu gün də dəftərçələrimdə yaşayır. Rüstəm müəllim bəzən kiminsə mətnlərinə münasibətdə amansız olurdusa da, sonradan bu “əsəb”in müsbət təsirini – ədəbi meyvələrini görürdük: Əsərləri tənqid olunan gənc yazarların yaradıcılığında zamanla keyfiyyət dəyişikliyi aydın duyulurdu. Bu isə Rüstəm müəllimin sözündəki inandırıcılıq gücü, sirayətetmə bacarığı ilə bağlı məsələ idi. Və biz bu gün də ədəbi dostlarla görüşəndə 15 il öncəki həmin dərsləri sevgiylə xatırlayırıq.

Daim maraqlı söz deyə bilmək Rüstəm Kamalın alın yazısıdır. Yaradıcı adamların əksəri həyatlarının bir dönəmlərində başqaları üçün maraqlı ola, yeni fikir söyləyə bilir, sonra isə təəssüf ki, sadəcə haçansa dediklərini təkrarlamaqla yetinirlər. Mən Rüstəm müəllimi 15 ildir tanıyıram və onun daim təzələnən filoloji mülahizələri çoxlarını heyrətləndirir. Və bəzən heyifsilənirəm ki, bu şifahi fikirlər uçub-gedir, yazılara köçmür. Bir sıra hallarda “kaş Rüstəm müəllimin yanında bir katib olaydı, ağzından tökülən dürləri toplayaydı”, deyə düşünürəm. Onun “Kitabi-Dədə Qorqud” dastanı, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Çexov, Frans Kafka və onlarca müəllif haqqındakı yazıları filoloji fikir tariximizdə yaşamağa haqqı olan mətnlərdir. O, akademik üslubda yazmır, amma onun qənaətlərinin mahiyyəti akademikdir, Rüstəm müəllim uzun yazmır, amma onun tezisləri, qısa fikirləri haqqında elmi əsərlər qələmə almaq mümkündür, o, əksərən bədii əsərlərdəki hansısa bədii detallarla işləyir, ancaq o detalların hər biri nəticədə müstəqil konsept yara bilir.

Rüstəm müəllim yazdığı məqalələrdə biz bir sıra şair və yazıçıları fərqli yöndən tanıya bilirik. Məsələn, hamımızın “sevgi şairi” sandığımız Nüsrət Kəsəmənlini o, “ölüm şairi” kimi xarakterizə edir və dediyi fikirləri yazısında maraqlı fikirlərlə təsdiqləyir. Yaxud “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı esse və məqalələri bu ölməz bədii nümunənin yenidən şərhinə ehtiyac olduğunu oxuculara aydın şəkildə göstərir.

Rüstəm müəllim mayasında dərin elmi mətləblər olan yazılarını mətbuatda esse kimi təqdim edir. Bu, onun elmi iddialardan uzaq bir alim kimi xarakterinin göstəricisidir. Bu gün içərisində fikir olmayan, ciddi tonlu içiboş yazıların elmi məqalələr kimi sırındığı bir dövrdə o, öz dərin məzmunlu mətnlərini bu cür sadə təqdimatlarla oxucuların ixtiyarına verir. Düşünürəm ki, zamanla Rüstəm müəllimin yazılarındakı detallar, qaldırılan məsələlər böyük tədqiqat əsərlərinin mövzuları olacaq. Çünki onun esseləri oxucularda fikir doğuran, onları düşünməyə təşviq edən mətnlərdir. Bu gün həmin mətnlərdə, bəlkə də, kimlərəsə sadəcə yozumlar kimi görünən detallar haçansa təsdiqini tapmış qənaətlər kimi yenidən oxucuları düşünməyə vadar edəcək.

Rüstəm müəllimin “Yusif Vəzirin vida dəftəri” adlı çox gözəl bir yazısı var. Müəllif həmin yazıda Yusif Vəzir Çəmənzəminlinin gündəlikləri ilə taleyi arasında maraqlı paralellər aparır. Mətnin bir yerindən sonra artıq Yusif Vəzir Çəmənzəminlinin əsərləri ilə gündəlikləri sanki birləşir və onun tale portretini yaradır. Bu yazıda müəllifin baş qəhrəman olması haqqında Rüstəm müəllim heç bir fikir demir, amma yazıdan bu nəticəyə gəlinir ki, baş qəhrəman müəllifin tale ortağıdır, yazıçı qələmə aldıqları ilə öz ömrünün anlarını obrazlarının həyatına transformasiya edir. Deməli, Yusif Vəzir Çəmənzəminli öncə gündəliklərində gələcəyini yazırdı, sonra isə əsərlərində. Yəni onun taleyi öncə özü üçün, sonra başqaları üçün yazılan mətn idi. Rüstəm müəllimin mətnlərində bu cür dərin mətləblər çoxdur.

Rüstəm müəllim esselərini sanki alimdən daha çox, yazıçı kimi yazır. O, “Qırıq-qırıq, yarımçıq və bütöv” adlı essesində yarımçıq qalan əsərlərin mahiyyətindəki bütövlüyü çox gözəl bir mövzuya çevirir. Mətndən belə nəticə hasil olur ki, oxucunun yarımçıq əsərlərin mövcud variantları ilə yetinərək oxumağımız belə, həmin əsərlərin bütövlüyünə dəlalət edir. Rüstəm müəllim bu cür maraqlı düşüncəsi ilə bir daha göstərir ki, əsərlərin yarımçıq qalma səbəbləri o bədii mətnləri bir bütövə çevirir.

O, azsaylı ədəbi təndiqçilərdəndir ki, yazıçıya nəyi necə yazmaq barədə yollar göstərə bilir. Rüstəm Kamalın hekayənin süjeti ilə, mövzu seçimi ilə bağlı düşüncələri inandırıcılığı ilə seçilir. Məsələn, “Tarixi roman yazsaydım” adlı məqaləsində Rüstəm müəllim heç bir tarixi əsər yazmış yazıçını tənqid etmir, amma tarixi roman yazmağın elə yollarını göstərir ki, o üsullardan kənarda yazılan əsərlərin sadəcə pafos yığını olduğunu anlayırıq: “Mən yazıçı olsaydım, XIX əsr Azərbaycan tarix səhnəsinin “yadelli”sindən – Xasay xan Usmiyevdən ayrıca tarixi-bioqrafik roman yazsaydım və cəsarətlə Şuşa şairlərinin həcvlərindən nümunələr, A.Dümanın “Qafqaz” əsərindən parçalar, rus şairlərindən sətri tərcümələri bu mətnin “hörüyünə hörərdim”. Uzaq hərbi qarnizondan Şuşaya gələn məktubları, axırda isə Xasay xanın son monoloqunu daxil edərdim… Mən Selcan xatunun bioqrafiyasını yazsaydım, əsərə Trabzon memarlığı ilə bağlı esse, Haynrix fon Ditsin bioqrafiyasını, İstanbul alman səfirliyindən bəzi sənədlərini və “Dədə Qorqud” qəhrəmanlarını daxil edərdim və onları tarixi hadisələrin real şahidləri edərdim”. Adətən, ədəbi tənqidçilər yazıçıya ağıl öyrədəndə qələm adamları onlara deyirlər ki, əgər daha yaxşısını bacarırsansa, yaxud dediklərini qələmə almaq bu qədər asandırsa, özün yaz. Bunu Rüstəm müəllimə demək olmaz. Çünki o çox maraqlı hekayələr də yazır. Məsələn, “Gecənin öyküsü” adlı qısa hekayəsində ailə münasibətini təbiət hadisəsi fonunda anladır. Onun hekayəsində adamların münasibətləri insan və pişik arasındakı bağlılıq kontekstində açılır. Və Rüstəm müəllimin yazı dilində qətiyyən elmi üslubdan gəlmə ağırlıq, soyuqluq duyulmur. Əksinə, bədii lirizm, oynaq və təsirli dil onun nəsr üslubuna xasdır. (“Əmim nə qədər yeyin-yeyin getsə də, Dəyirman dərəsindən əsən meh onu gəlib ötdü”).

Rüstəm Kamalın cavabını aradığı suallar çox maraqlıdır: “Şairlərimiz və yazıçılarımız rus zabitlik kodeksi ilə sufi-irfan əxlaqını necə birləşdiriblər?”. Və o bu suala “Çiyinlərində polkovnik və general nişanları gəzdirən Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qutqaşınlının, Abbasqulu ağa Bakıxanovun və Ömər bəy Şirvaninin tövbə məqamları” kontekstində cavablar arayır. O, yazıçıların həyatlarındakı düyünlü məqamlarla onların təhtəlşüurunun mahiyyətini açır. Sonra həmin “tapdığı açarları” oxucuya da təqdim edir və o açarlarla həmin müəlliflərin əsərlərinin qapısından asanca içəri daxil olmaq mümkündür.

Rüstəm müəllimin yazılarında həm də çoxlarının ağlına gəlməyən müqayisələr görürük. Məsələn, Mikayıl Müşfiqin “Çoban” poeması ilə Mixail Bulqakovun “Ustad və Marqarita” romanı arasında sükutun insan həyatındakı rolu kontekstində elə qəribə bağlılıqları ortaya çıxarır ki, sanki müqayisəsi mümkünsüz görünən mətnlər oxucuya bir-birinin davamı olan ədəbi nümunələr kimi təqdim olunur. Yaxud başqa bir yazısında koronavirusu “eşq epidemiyası” timsalında “Romeo və Cülyetta”nın sevgisi fonunda anladır. Eşqə düşmək insanın ixtiyarında olmadığı kimi, epidemiyadan yayınmaq da, əslində, mümkünsüzdür. Yaxud eşq bir sıra hallarda təmasdan başladığı kimi, virus da təmasdan keçir. Rüstəm müəllim mənəvi məsələlərin fiziki mahiyyətini esselərində dərindən şərh edir.

Rüstəm müəllimin “Yeriş haqqında esse”si onun yazıçı kimi həssaslığını bir daha təsdiq edir. O, bu yazısında əvvəlcə ədəbi mətnlər vasitəsilə şəhərlərin, bədii qəhrəmanların xarakterini açır, sonra müəlliflərin dili ilə yerişin fəlsəfəsini izah edir, sonda isə bu həyati detalla həm əvvəldə dediklərinə, həm də yeriş haqqındakı uşaqlıq yaddaşında formalaşmış düşüncələrə bədii ilmələr vurur: “Atam deyirdi ki, baban cavanlığında yol gedəndə qollarını sağa-sola ata-ata yeriyirdi. Yerə baxa-baxa yeriyənlərlə arası yox idi. Təkəbbürlü adam haqqında deyirdi: “Köpəkoğlu elə yeriyir ki, elə bil yeri-göyü bu yaradıbdı. Atam deyirdi ki, kişi insanın yerişinə baxıb qiymət verirdi. Və onun müşahidəsi o qədər dəqiq və sərrast olurdu ki, sonralar ikinci ada-ayamaya çevrilirdi. Müharibədən qayıdandan sonra bir daha kimsənin yerişinə fikir vermədi, ayama qoşmadı. Çünki özünün bir ayağı yox idi…”.

Rüstəm müəllimin müşahidələrinə diqqət edəndə bir məqamı da anlayırıq ki, indi onun üçün ən maraqlı “kitab” həm də öz yaddaşıdır. Çünki o müqayisələr aparmaq üçün əksər hallarda öz həyatına, yaddaşına müraciət edir.

Rüstəm müəllimin ən təsirli yazılarından biri “Güzgü” hekayəsidir. Onun müharibədən qayıtmış və fiziki qüsuruna görə güzgüyə baxmayan babasının öləndən sonra aynaya köçmüş əksi (ruhu) barədəki bu mətndə həm də bir fəlsəfi məqam ortaya çıxır: Deməli, müharibələr xalqların yaddaşındakı güzgüyə köçür, beləcə hər gələn nəsillərin simasına çevrilir. Müharibə xalqların güzgüsüdür…

Bu günlərdə bu yazını yazmaq üçün əllidən artıq yazısını yenidən oxuduğum Rüstəm müəllimin yaradıcılığı haqqında çox söz demək olar. Çünki onun mətnləri həm özləri vacib mətləbləri şərh edir, həm də şərhə açıqdır. Amma neyləyəsən ki, ürəkdən keçənlərin hamısını yazıb bitirmək namümkündü.

Sonda 60 yaşı tamam olan ədəbi tənqidçini, alimi, müəllimimizi – Rüstəm Kamalı bir daha ürəkdən təbrik edir, ona səadət dolu ömür arzulayıram.

Share: