Xanım baş nazirdən kanslerə sərt sözlər – “Rusiyanı bir az da siz…”

Almaniya Kansleri Olaf Şolz Berlində Finlandiya Baş naziri Sanna Marinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ukraynadakı müharibə müzakirə olunub.

Şolz Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücumları dərhal dayandırmağa çağırıb: “Bu müharibəni dərhal dayandırın, silahlı qarşıdurmaya son qoyun.

Rusiya hərbi işğalı hər gün insan həyatına son qoyaraq irəliləyir. Dəhşətli müharibənin qurbanları arasında qadın, kişi və uşaqlarla yanaşı, inanılmaz sayda rus əsgəri də var”.

Ukraynanın Rusiya ordusuna qarşı müqavimətini “möhtəşəm” adlandıran kansler Putinin səhv hesabladığı məqamın bu olduğunu və Ukrayna xalqının rusdilli hissəsinin də Putin işğalına qarşı çıxdığını bildirib.

Şolz Almaniya və beynəlxalq tərəfdaşlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların artıq qüvvəyə minməyə başladığını deyib.

 

Marin isə açıqlamasında qeyd edib ki, hökuməti bu yaz Finlandiyanın mümkün NATO üzvlüyü ilə bağlı ictimai müzakirələrə başlayacaq.

“Biz təhlükəsizliyimiz haqqında danışacağıq, o cümlədən NATO-ya üzvlük məsələsini birlikdə müzakirə edəcəyik”, – Marin bildirib.

Marin həmçinin deyib ki, onun ölkəsi xarici siyasət məsələlərində geniş konsensusa arxalanmaq ənənəsinə malikdir.

Baş nazir Almaniyanın Rusiyadan qaz və neft almağa davam etməsinə də toxunub:

“Bəli, Rusiyanın müharibəsini bir az da biz maliyyələşdiririk. Amma Avropa Birliyinin müxtəlif ehtiyaclar var və biz bilirik ki, Almaniya qaz və neftə olan tələbatının böyük hissəsini Rusiyadan təmin edir”.

Mənsur Rəğbətoğlu

Share: