Xəyanət təkcə basqasını sevmək deyil – El- Sevər

Bir şeir rublikası

 

Xəyanət təkcə basqasını sevmək deyil
Həm də məni sevməməkdir, qadınım.
İlk dəfə bunu tanrı etdı
Həvvanı sevdi

Arxasını ərinə çevirən qadının
Qarnındakı bəbəsini sığallaması da xəyanətdir, qadınım.
Sonra bunu İsa Məsih etdi
İnsanları sevdi.

Qışın oğlan çağında yağmayan qar da
Hələ yarpağını tökməyən ağac da xəyanətkardır, qadınım.k
Daha sonra da insanlar başladı
Sevgi uydurdular özlərindən
Bir-birilərini sevdi

İndi bildin ki
Hansı xəstəlikdən ölüb kentavrlar, qadınım,
Xəyanət tanrının xobbisidir, unutma.

Həyat o qədər əyləncəli  ki

Həyat o qədər əyləncəli ki,
avtobusda pul qabını çırpışdıra bilərlər.
Sən də utana-utana düşüb qaçarsan
Ananı söyər kandukdor.

Həyat o qədər əyləncəli ki,
İşıqları yanıb-sönən supermarketi
yarmaq eşqinə düşərsən.
Arxanca yüyürən qoruqçunu aldatmaq üçün
Dar-qaranlıq dalana girərsən
Ayağın nəyəsə ilişər.
bu qaranlıqda səni ələ verənin kimliyini bilməzsən

həyat o qədər əyləncəli ki,
qaşının partlamış yerindən üzünə isti qan axar
diksinərsən,
taparsan üzünü
iki əlli yapışarsan tapdığından göz çıxaran qaranlıqda

həyat o qədər əyləncəli ki,
polis bölməsində açılar gözlərin
sən demə, onlar bir az da qırmızıya çalarmış
güzgüdəki adam söylər bunu

həyat o qədər əyləncəli ki,
təsadüfən cibindən tapança və bir kibrit qutusu nəşə çıxar
polis zabiti iki qızı zorladığını da sənə xatırladar.

Həyat o qədər əyləncəli ki,
Dinləməyə məhkumsan taleləri
Başqaları kimi nəfəs almalı, başqaları kimi yeməli-içməli

Həyat o qədər əyləncəli ki,
Sevgilinin unutduğunu eşidərsən
Bir səhər
damağındakı siqaretlə fatihə verirsən ölənlərə

Həyat o qədər əyləncəli ki,
Saqqalının ağarmış yerinə gülər günəş
utanar külək saçlarından

Həyat o qədər əyləncəli ki,
Bir göz qırpımında ötüşər zaman
Qımışa-qımışa əl yelləyərsən ötən avtobusa.

Share: