Xəstəliyini ondan gizlədilər, həkimlər övlad qadağası qoydu

Müstəqil.az şairə Nurəngiz Gün haqqında on maraqlı faktı təqdim edir.

Əslən Ərdəbildən olan Nurəngiz Quliyeva 21 sentyabr 1938-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ailədə üç bacı, üç qardaş olublar. Ana babası Mirzə Ələkbər Əfəndi Hacızadə dövrünün məşhur həkimi olub, kimsəsiz insanlara əl tutub. Görkəmli dramaturq Hüseyn Cavidin yaxın dostu Mirzə Ələkbər Əfəndi 1937-ci ildə “pantürkist” damğası ilə repressiya olunub.

***

O, orta məktəbi bitirəndən sonra 1 saylı Bakı Tibb Məktəbinə daxil olur. Buranı başa vurandan sonra isə İncəsənət universitetinə daxil olur. Azərbaycan Televiziyasının ilk diktorlarından biri kimi fəaliyyət göstərir, populyar verilişlərin aparıcısı kimi tanınır. 1979-cu ildən sonra o, böyük ədəbiyyata yazıçı kimi “Tanrı bəşər övladıdır” povesti ilə gəlir.

Ailəsindəki itkilər Nurəngiz Günü gənc yaşlarından haqlayır. Əvvəl atasını, daha sonra isə anasını və qardaşını itirir.

***

Bir müddət işlədikdən sonra o, televiziyadakı işindən könüllü ayrılır. İncəsənət universitetində müəllim kimi fəaliyyətə başlayır.

1965-ci ildə Fazil adlı insanla tanış olub ailə qurur. Bir il sonra Nurəngiz xanımın qızı Jalə dünyaya gəlir. Nurəngiz Günün ürəyində ciddi problem yarandığı üçün həkimlər ona növbəti dəfə ana olmağı qəti şəkildə qadağan edirlər.

***

Bu haqda qızı Jalə Əliyeva müsahibələrinin birində deyir:

“Anamın hələ gənc yaşlarında ürəyində problem var imiş. Həkim ona ikinci uşağı dünyaya gətirməyə qadağa qoyubmuş. Onun üçün mənim qardaşım və bacım olmayıb… Uşaq idim, bir gün evdə təsadüfən eşitdim ki, xəstəlik anamı hər an əlimizdən ala bilər. Çox qorxmuşdum”.

Deyilənə görə yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qəhrəmanı Təhminənin prototipi Nurəngiz Gün olub. Şairə “Ağlama Zaur, ağlama” adlı şer də yazıb. Sağlığında bu barədə müsahibələrinin birində deyir:

“Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə heç uyğun deyil mənim həyatımla. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Yəni bu filmi çəkə bilməyiblər. Təhminənin iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm. Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb”.

***

Mehriban və həlim xasiyyətli Nurəngiz Nur həmçinin çox mühafizəkar biri olub. Xüsusilə qızlara qarşı tələbkar olan şairə “Qızın səsi bərk çıxmaz, hər şeyə gülməz, bir kənarda sakit oturub dinləyər” kimi fikirlər səsləndirirmiş. 65 illik yubileyi keçiriləndə danışmaq üçün qızına söz verilir. Bu zaman o, təəccüblə qızına baxır. Bu o demək idi ki, qızı heç vaxt o olan yerdə danışmaz, fikir bildirməzdi, indi isə birdən-birə öz anası haqqında danışacaqdı.

Nurəngiz xanımın ürəyi xəstə olduğu üçün ailədə və yaxın ətrafda baş verən pis hadisələri ondan gizlədirmişlər. Hətta bir dəfə o, bacısı ilə xarici ölkədə səfərdə olanda ondan yenicə dünyasını dəyişmiş qardaşının ölümünü belə gizlədirlər. Qızı Jalə qohumlarına tapşırır ki, bu barədə anama heç kim məlumat verməyəcək. Mən bir gündə evimdən üç tabut çıxara bilmərəm. Nurəngiz xanım qardaşının xəbərini onun ölümündən iyirmi gün sonra Bakıya qayıdanda xəbər tutur.

Ömrünün son illərində şairənin böyrəkləri ona əziyyət verir. Həyəcanlanmaması üçün qızı ondan xəstəliyini gizlətməli olur. O, hər dəfə qızından həkimə nə üçün getdiklərini soruşanda qızı ona müxtəlif yalanlar deyir, sakitləşdirməyə çalışır. Nurəngiz xanım isə bu yalanlara uşaq məsumluğu ilə inanırmış.

***

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

 

Share: