Xəbərin varmı, Vətən…

Səhər ƏHMƏD

(Şeirlər)

Sənə parçalı-buludlu bir hava göndərirəm,
Yağış da yağa bilər,
Şimşək də çaxa bilər,
Günəş də çıxa bilər.

Sənə parçalı-buludlu bir sevda göndərirəm,
Həsrət də ola bilər,
Nifrət də ola bilər,
Xoşbəxt də edə bilər,
Bədbəxt də edə bilər.

Mən hərdən çox səs-küylü,
Hərdən lal sükutluyam.
Nə qədər bədbinəmsə,
O qədər ümidliyəm,
Bir az payız kimiyəm,
Parçalı-buludluyam.

***

Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin,
Bu qürbət ölkələrin
qərib gecələrində
Çox uzaq görünürsən.

Xəbərin varmı, Vətən,
Xəbərin varmı, sənin,
Ən gözəl şəhərlərin
Otel pəncərəsindən
Çox uzaq görünürsən.

Vağzal salonlarından,
Hava limanlarından,
Özgə səmalarından
Çox uzaq görünürsən.

Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin,
Ömrümün ötüb gedən
Uzaq günləri kimi
Çox uzaq görünürsən,
Çox uzaq görünürsən.

***
Rəsmini çəkmək istədim
həyatın.
Sevincin, umudun,
həyəcanın.
Götürüb yalqızlığın 
rəsmini cəkdim.
Həsrətin toz basmış üzündə,
uzun bir
göz yaşı şəkli.

***

Biz günah ola bilməzdik,
Biz savab olmalıydıq.
Bütün əyri suallara
Düz cavab olmalıydıq.

Mən hər dəfə büdrəyəndə
Sən əsa olmalıydın.
Mən yolunu azmış bəndə
Sən İsa olmalıydın.

Sən intihar eləyəndə
Mən səbəb olmalıydım.
Ya sən də yaşamalıydın,
Ya mən də ölməliydim.

Ömrün-bu uzun cümlənin
Vergülü olmalıydı.
Hər şey belə yazılıbmış
Və belə olmalıydı.

Share: