ÖLƏNLƏR üçün… Xatirə Rəhimbəyli yazdı

(Esse)

O ölürdü. Sifəti çox eybəcərləşmişdi. Gözləri bərəlmiş, burunu kiçilmiş, protez dişləri çıxarıldığından ovurdları batmış, dodaqları sovrulmuş, dərisi qırış-qırış olmuşdu…

O ölürdü. Sifətində qorxunc bir ifadə vardı. Ağzından ağır-ağır çıxan sözləri kələ-kötür və qorxunc mədəndən çıxarılan almaz kimi saf və qiymətli idi. Hər kəs qulaqlarını şəkləyib bu can üstdə olan insanın ağır-ağır alıb-verdiyi nəfəsin içindən o qiymətli sərvəti toplamaq istəyirdi. O,eşq barəsində danışırdı. Eşqin böyüklüyü və möhtəşəmliyindən söz edirdi. O, eşqdən adi insan kimi danışmırdı… Çünki o artıq adi insanlardan ayrılmışdı. O, mələklərin, pərilərin dünyasından danışırdı. Onun nitq aparatı köhnə və sınıq-salxaq radio idi,fəqət o radionun xırıltılı səsyayanı ilahi bir hikmətdən söz açırdı. O ölürdü…

O, eybəcərləşib ölürdü, fəqət onun içindəki eşq öz təravət və dəyərini qoruyub saxlamışdı… O,adi bir eşq yaşamamışdı… O, ilahi bir eşqdən söz edirdi. Həsrətin zindanında əzab çəkə-çəkə qəlbinin dərinliklərində gizlətdiyi, kiminsə toxuna bilmədiyi, görüb götürə bilmədiyi, illərlə sədəf inadının içində dəyərli bir mirvarı kimi qoruduğu eşqdən. Hamının sahib olmaq istədiyi, amma minbir bəhanə ilə uzaq durduğu, uğrunda nələri isə qurban verməkdən çəkindiyi, qorxduğu, utandığı eşqdən… İçindəki o mələk sevdasını qorumaq, yaşatmaq, əbədiləşdirmək üçün dışarısına hər cür əzabı rəva bildiyi eşqdən….

Tərəfsiz eşqdən danışırdı,sevilmədən sevməkdən, sevərək ucalmaqdan,sevərək durulmaqdan, arınmaqdan …

Qarşılıq gözləmədən, almadan sevməkdən danışırdı… Danışdıqca kiçilirdi, yığılırdı, büzüşürdü. Elə bil o ilahi sirr içindən çıxdıqca azalırdı. Elə bil bütün vücudu o ilahi sirdən ibarət idi. O ilahi sirr zərrə-zərrə köksündən uzaqlaşdıqca o da əriyirdi, azalırdı…
O ölürdü… Çox qocalmış, köhnəlmiş, eybəcərləşmişdi. Amma onun içindəki SİRR çox köhnə, uçuq, xaraba bir xəzinədəki daş-qaş kimi bərq vururdu. Hər kəs qulaqlarını şəkləyib bu xəzinədən pay götürmək istəyirdi. Və hamının içində gizli bir sızı vurnuxurdu: “Niyə bu xəzinəni vaxtında mən kəşf etməmişəm?”
O ölürdü… Var gücü ilə illərlə şüşə qəfəsdə saxladığı ilahi eşqinə azadlıq verməyə çalışırdı. Kirli zövqlərijn qanlı əllərindən qoruduğu o ağappaq göyərçinin şüşə qəfəsinə külüng çalırdı. O, ağappaq, tər-təmiz, ülvi eşq göyərçini qanad çaldıqca ətrafına eşq zərrələri səpəcəkdi… İllər, əsrlər, minilliklər boyu bu sehrli zərrəciklər ürəklərə qonacaq, təmiz ürəklərdə böyüyəcək, onları da böyüdəcək, qara qəlblərdə ən azından işıldaböcək olacaqdı…
O, ölürdü… Onun ilahi eşqi köhnəlmiş, büzüşmüş, qırılmış cismin dar dar qəfəsindən azadlığın fövqünə yüksəlirdi…

Share: