Veteran dənizçi İsrail Bayramov 70 illik yubileyini qeyd edir

İsrail Bayramov 3 may 1953-cü ildə Quqarkda dünyaya göz açıb. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirib. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutundan “su təchizatı” ixtisası üzrə məzun olub. 1985-1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda “gəmi mexaniki” ixtisasına yiyələnib.

İsrail Bayramov əmək fəaliyyətinə 1974-cü ildə “Sov.İKP XXI qurultayı” adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlayıb. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçib, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləyib. 1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının Texniki şöbəsində mühəndis kimi fəaliyyətı başlayıb. Bir müddət Qırmızı dənizdə “Yarenqa” gəmisində çalışıb. 1995-ci ildə Donanmanın Texniki istismar xidmətinin rəis müavini, 1996-cı ildə Texniki şöbənin rəisi olub.

O, 1998-ci ildə Qazaxıstanda neft çıxarılması üçün ilk süni adanın salınmasında iştirak edib. Elə həmin il Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi təyin olunub. 2014-2017-ci illərdə  Donanmanın rəisi, 2017-ci ildən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru işləyib.

İsrail Bayramovun əmək fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin sərəncamları ilə 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına, 2011-ci ildə “Tərəqqi” medalına, 2018-ci ildə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Bundan başqa, qocaman dənizçi 2010-cu ildə “Donanmanın fəxri işçisi” fəxri adı, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı, 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Şərəfli 70 illik yubileyi münasibətilə İsrail Bayramovu bütün ASCO ailəsi adından təbrik edir, ona cansağlığı, xoş əhvali-ruhiyyə və gözəl günlər arzulayırıq.

“Seanews.az”

Share: