İnsanın həyatında elə anlar olur ki, illər keçir, zaman dəyişir, çox şey unudulur, amma bir yaxşılıq yaddaşdan heç vaxt silinmir. Həmin yaxşılığın böyüklüyü verilən pulun, göstərilən köməyin miqdarı ilə deyil, insanın ən çətin anında yanında kimin dayanması ilə ölçülür.
Mənim əziz dostum, dəyərli qardaşım Yusuf Mustafayevlə bağlı belə bir xatirəm var. Bu, sadəcə bir dostun digərinə etdiyi maddi yardım haqqında hekayə deyil. Bu, çətin zamanlarda insanlığın, mərdliyin, dostluğun və ürəkdən gələn köməyin necə böyük mənaya çevrildiyini göstərən bir hadisədir.
O illər ölkəmizin ağır və çətin dövrlərindən biri idi. Respublikanın iqtisadi vəziyyəti ürəkaçan deyildi. İnsanların güzəranı ağırlaşmışdı. Xəstəxanaların imkanları məhdud idi, dərman tapmaq belə böyük problemə çevrilmişdi. Həmin günlərdə qızım hələ altı aylıq körpə idi. Birdən-birə xəstələndi. Ona “salmonellyoz” diaqnozu qoyulmuşdu. Altı aylıq uşağın xəstəliklə mübarizəsini izləmək valideyn üçün necə ağırdır, bunu yalnız yaşayanlar bilər. Ətrafdakı problemlər, xəstəxanaların vəziyyəti və dərman qıtlığı isə narahatlığımı daha da artırırdı. Təcili yardım maşını uşağı xəstəxanalardan birinə apardı. Həkimlər müayinə etdikdən sonra resept yazdılar və həmin dərmanları tapıb gətirməyimi istədilər.
Resepti götürüb xəstəxanadan çıxdım. O zamanın ən ucuz aptekinə geib, dərmanların qiymətini öyrəndim. Sonra cibimdə olan pula baxdım. Məlum oldu ki, məndə olan pul lazım olan məbləğin heç onda biri qədər deyil. İçimdə qəribə bir çarəsizlik yarandı. Söhbət özündən getmir. Özün birtəhər dolanarsan. Amma söhbət altı aylıq körpədən gedəndə vəziyyət tamam başqa olur. Nə edəcəyimi düşünürdüm. O anda ağlıma Yusuf Mustafayev gəldi.
Yusufa zəng etdim, vəziyyəti danışdım və ondan kömək istədim. Yusuf həmin axşam toyda olacaqdı. Mənə dedi ki, filan şadlıq sarayına gəl.
Getdim.
İnsan bəzən bir dostunun yanına hansı hisslərlə getdiyini özü də izah edə bilmir. Utanırsan, çəkinirsən, amma başqa yolun da yoxdur. Çünki ortada xəstə uşaq var. Yusuf sıxıldığımı görüb tamam başqa cür davrandı. Sanki mənim yox, öz uşağı xəstə imiş kimi yanaşdı. Mənim istədiyim məbləğin üç qatını verdi. Üstəlik, bunu elə bir tərzdə etdi ki, sanki böyük bir iş görmürdü. Əksinə, məni daha da rahatlatmağa çalışırdı.

Ərklə, doğma adam kimi dedi:
“Nə lazım olsa, mütləq xəbər et.”
Bu cümlə mənim üçün verilən puldan da qiymətli idi.
Çünki o gecə mən təkcə dərman almaq üçün pul tapmadım. Mən bir dostun varlığını, insanın dar günündə yanında dayanan bir ürəyin gücünü hiss etdim.
Həmin yaxşılığı illər keçsə də unutmaq mümkün deyil.
İnsanların bir-birinə “dostum”, “qardaşım” deməsi asandır. Amma dostluğun həqiqi qiyməti məhz çətin günlərdə bilinir. Yusuf Mustafayev mənim üçün belə dostlardan biri oldu.
Bizim münasibətimiz təkcə şəxsi dostluqla məhdudlaşmadı. Zaman keçdikcə yaradıcılıq yollarımız da kəsişdi. Mənim yazdığım sözlərə Yusufun bəstələdiyi və oxuduğu mahnılar yarandı. “Yavaş yeri”, “Yaradana qurban”, “Atamdan öyrənmişəm” kimi sözlərimə mahnılar bəstələdi və onları ifa etdi. Bu əsərlərin hər birinin öz taleyi, öz ovqatı, öz xatirəsi var. Şairin sözü bəstəkarın və müğənninin ifasında başqa bir ömür qazanır. Söz kağız üzərində qalmaqdan çıxır, insanlara çatır, yaddaşlara köçür.
Yusufun mənim sözlərimə münasibətində də həmişə bir səmimiyyət hiss etmişəm. O, sözü sadəcə oxumurdu; ona öz nəfəsini, öz duyğusunu verirdi.
Yusufla aramızdakı yaxınlığı daha da möhkəmləndirən başqa bir böyük sənət dostluğu da vardı — əziz qardaşım, böyük sənətkar Baloğlan Əşrəfov.
Baloğlanla Yusufun yaxınlığı bizim münasibətlərimizi də daha doğma etdi. Sənət adamlarının arasında yaranan belə dostluqların özünəməxsus bir istiliyi olur. Çünki burada yalnız şəxsi münasibətlər deyil, sənətə, sözə, musiqiyə və həyata olan ümumi sevgi də insanları bir-birinə bağlayır.
Baloğlanın dünyasını dəyişməsi isə hamımız üçün ağır itki oldu.
Belə itkilərdən sonra insan bəzi münasibətlərin əsl dəyərini daha yaxşı anlayır. Çünki həyatda elə insanlar var ki, onların varlığı bir ailənin, bir dost çevrəsinin, hətta bütöv bir sənət mühitinin mənəvi dayağına çevrilir. Baloğlan rəhmətə gedəndən sonra Yusuf yenə mənə arxa oldu. Elşad Qarayevlə birlikdə yanımda dayandı.
“Arxa olmaq” ifadəsi bəlkə də çox sadə səslənir. Amma həyatın müəyyən məqamlarında bu iki sözün çəkisi çox ağır olur.
İnsan dar gündə yanında dayananı unutmur.
İllər keçib. O vaxt xəstə olan altı aylıq körpə böyüyüb. Həyat öz axarı ilə davam edib. Ölkədə çox şey dəyişib. İnsanların həyatı dəyişib, zaman dəyişib, münasibətlər dəyişib. Amma bəzi xatirələr dəyişmir.
Mən Yusuf Mustafayevi xatırlayanda yalnız sənətkarı, mahnı oxuyan, mənim sözlərimə musiqi verən dostu xatırlamıram. Mən həmin gecə toyda olan və bir dostunun “mənim uşağım xəstədir” sözünü eşidəndə tərəddüd etmədən kömək edən insanı xatırlayıram.
Mən onun verdiyi pulun üç qat olmasını da xatırlayıram. Amma illər keçdikcə məbləğdən daha çox onun “Nə lazım olsa, xəbər et” sözləri yaddaşımda qalıb.
Çünki insanı yaşadan yalnız verilən maddi yardım deyil. İnsanı yaşadan, ən ağır anda tək olmadığını hiss etməkdir.
Yusuf bunu bacardı.
Sənətkar haqqında danışanda çox vaxt onun mahnılarından, səhnə fəaliyyətindən, yaradıcılığından söz açılır. Amma sənətkarı yalnız səhnədəki obrazı ilə tanımaq kifayət deyil. İnsanın böyüklüyü bəzən səhnədə deyil, heç kimin görmədiyi bir anda, bir telefon danışığında, bir çətin gündə etdiyi yaxşılıqda üzə çıxır.
Dostluğumuza dəyər verən, Baloğlan Əşrəfovun xatirəsini aramızda yaşadan dost, Baloğlanın ölümündən sonra Elşad Qarayevlə birlikdə mənə dayaq olan qardaş…
və ən əsası, həyatımın ən ağır günlərindən birində, altı aylıq körpəmin xəstəliyi qarşısında çarəsiz qaldığım anda əlini uzadan insan kimi qalır.
Bəli, belə yaxşılıqların tarixi olmur. Onlar nə köhnəlir, nə də unudulur. İnsan illər sonra geriyə baxıb anlayır ki, həyatında qazandığı ən böyük sərvətlərdən biri pul, şöhrət və ya vəzifə deyilmiş. Ən böyük sərvət — dar gündə yanında olan yaxşı insanlardır. Mən Yusuf Mustafayevi belə insanlardan biri kimi tanıyıram. Ona görə də bu xatirəni yazmaq mənim üçün sadəcə bir dost haqqında yazı yazmaq deyil. Bu, bir yaxşılığı yadda saxlamaq, bir dostun haqqını verməkdir. Bir insanın insana etdiyi yaxşılığı sözlərlə geri qaytarmaq cəhdidir.
Yusuf, qardaşım, sənə olan minnətdarlığımı bəlkə də heç bir söz tam ifadə edə bilməz. Amma bunu bilirəm:
İnsanın dar günündə uzatdığı əl heç vaxt unudulmur.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.















.jpg)






