Tutu Ağayeva – “Gözəgörünməzlər”in görünən və görünməyən tərəfləri.

 

Həyat sanki bir çay kimi gözlərimizin qarşısında axır, biz isə gah axın istiqamətində, gah da onun əksinə üzərək sonsuz okeanda çulğalaşırıq. Hələ çayın kənarında oturub, sadəcə tamaşa edən, qaya parçalarından fərqsiz, dünyaya sadəcə bir pəncərədən baxan insanları demirəm…
Görünəni hamı görür.
Bəs görünməyənlər?!
Özümüzü həyatın ən qaranlıq tərəfinə kökləyərək, ən bəsit şeyləri belə unuduruq. Dostluq kimi, ailə kimi, duymaq, hiss etmək kimi dəyərləri yaddaşımızın ən çiskinli səmtlərinə həbs edirik. Həyatın ehtişamını sirli-müəmmalı hadisələrdə axtarırıq. Halbuki, hər biri gözümüzün önündədir. Biz “görməməyi” seçirik!

Bəzən isə həyatdan “təcrid” olmanın yollarını axtarırıq. Bunun digər adı da, daha az “mühakimə olunmaq” istəyidir. Və beləcə hekayələr oxumağa başlayırıq. Personajlarla öz aramızda “emosional bağ” qururuq. Bu bağ “şüurlu” olduğu təqdirdə həyata dair nələrsə öyrənirik. Əks halda qalanı aldanışdır, yanılğıdır.

O cümlədən, Nemət Mətinin hekayələrinə nəzər salsaq, müəllifin qəhrəmanları “gözlərinə kədər sürtən, “ölü sükuta qərq olan”, “evin damını danışdıran”, mistik ovqata bürünən, hər kəsin uça bildiyi cəmiyyətdə “uça bilməyən” metaforlarla bəzədilmiş, əslində hər birimizin çox yaxşı tanıdığı, amma niyəsə xatırlamağı seçmədiyimiz, unutduğumuz qəhrəmanlardır. Müəllif hekayələrində tez-tez “boz” sözündən açar kimi istifadə edir. Boz binalar, boz gözlər və s. Bu da insanların bozluq içində qərq olduğunun təcəssümüdür. Bəs, bu qəhrəmanlar nə qədər “rasional” düşünə bilirlər? Əsas məsələ də buradadır.

Müəllifin “İnanılmaz təklif” hekayəsinə nəzər salaq.
Hekayəni diqqətlə oxuyanların yəqin ki, nəzərindən qaçmayıb, ilk cümlə. “Elçin Sərvinazı sevirdi”. Bu cümlə elə hekayənin açar nöqtəsidir. “Sevən” tərəf Elçin, güclü, dominant tərəf isə Sərvinazdır.
Elçinin ağlından sadəcə, “soyuna-soyuna” yatağa girib, sekslə məşğul olmaq keçir. Gələk, Sərvinaza. O, Elçini əlinin içi kimi tanıdığı üçün, “zəif” olduğunu bildiyi üçün, ona yataqda “inanılmaz təklif” edir. Təklif də, “kasıbçılıqdan qurtulmaq” üçün Elçinin varlı bir qadınla münasibət qurmasıdır. “Günah” artıq öz şəhvət dolu gülüşü ilə onları çoxdan ağuşuna alıb. Müəllif burada onların həyatının çətinliyini, belə bir təkliflə üzbəüz qalmaqlarının səbəbi kimi “kasıbçılığı” vurğulayır. Amma məsələ kasıbçılıq yox, fərqli duyğular, “dad” axtarışıdır. Hər insanın daxilində gizli, qaranlıq duyğular var. Sadəcə bəzi insanlara bu tərəflərini üzə çıxarmaq üçün, tətikləyən məqam lazım olur. Sərvinazı titrəşimə keçirən də, onların “kasıbçılıq” larıdır. Yəni yoxsulluq burada sadəcə fürsətdir. Çünki, mən əminəm ki, onlar bolluq içərisində olsalar belə, nə vaxtsa, bu təkliflə üzləşəcəkdilər. Elçin isə bu hekayənin Sərvinaz tərəfindən idarə olunan “kukla”sıdır. Elçin güclü xarakterə malik olsaydı, heç vaxt, lap acından da ölsə, bu “təklif”i qəbul etməzdi. Onun “sevgi”si də, müəllifin qeyd etdiyi kimi “bir evin açarının qiyməti” qədərdir. Sərvinazın sürücüyə vurulması, onunla münasibət qurması isə onun poliqam ruhlu olduğunu göstərir. Və nəticədə belə ailələr dağılmağa məhkumdur.

Papaq hekayəsində isə hər nə qədər mistik çalarlar özünü göstərsə də, bu hekayə həyatın acı gerçəklərini şillə kimi üzümüzə vurur. “Papaq” burada simvoldur. Görünmək istəməyənlərin, həyatla üzləşəbilməyənlərin, varoluş qavramını dərk edəbilməyənlərin simvolu. Qəhrəman burada özü ilə ziddiyətdədir. Bir yandan atasını söyür ki, onları atıb gedib, heç olmasa, anasına nəsə yazardı kimi fikirlərlə gileylənir. Digər yandan isə özü anasını 2 ildir ki, görməyə gəlmir, onunla maraqlanmır, amma fahişələrə vaxt tapır. Qəhrəman atasını belə görməyə “papaq”la gedir. Çünki onunla üzləşmək istəmir. Özü də daxilən bilir ki, hər nə qədər atasına qarşı qəzəbi, kini varsa da, özü elə atasının bir tayıdır. Dili ilə vurğulayır: — mən yeraltı dünyanın adamıyam, görünməsəm yaxşıdır. Bu da acizliyin bir təzahürüdür.

Rəssamın həyatı ~ həyat möcüzəli bir aləmdir. Rəssamlar öz əsərləri ilə insanın mənəvi aləmini zənginləşdirir, dolğunlaşdırırlar. Hekayədə rəssam öz günlüyünə ən ülvi hisslərini qeyd edir. Çünki orada səmimidir, özü ilə həmahəngdir. Qarın ahənglə yağmasını, dənizin onu xəyal dünyasına aparmasını, Xəzrinin onun rəsminin yaşamasına icazə verməyəcəyini bilə-bilə qətiyyətindən dönməyib rəsmi çəkməsi, anasına olan bağlılığı və “ölüm”dən sonra onun rəsmini çəkərək əbədiləşdirməsi (yeni bir başlanğıc olduğu üçün), Kəpəzin göz yaşlarını, təbiətin iki gözəlliyinin dumanla dağın vəhdətini bir arada verməsi, sonda öz istəyinə çatması, ən axırda isə əzəmətinin qarşılığı olaraq, “günəşə” çevrilərək, böyüklüyünü onu duyan hər kəsin qəlbində yaşadır!

İnsanlar daha çox unutmağı, sevdiyi bir çox şeyi ikinci plana atmağı, gözünün önündəykən görməməyi seçən varlıqlardır. Çünki həyatın üzərinə getmək, onunla qaynamaq hər kəsin işi deyil. Hər kəs bu iqtidara sahib deyil!

Share: