Türkiyəli nazir: “BOTAŞ və SOCAR-ın qurduğu ortaq şirkət fəaliyyətə başlayacaq”

“Çox yaxın gələcəkdə BOTAŞ və SOCAR-ın qurduğu ortaq şirkət fəaliyyətə başlayacaq. Bununla da əlaqələrimizi daha da inkişaf etdirmək üçün əhəmiyyətli bir addım atmış olacağıq”.

Bu barədə Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib.

Nazir Türkiyə-Azərbaycan Enerji Forumunda mühüm açıqlamalar verib.

Fatih Dönmez bildirib ki, Türkiyə və Azərbaycan BTE, BTC və TANAP kimi böyük infrastruktur layihələri ilə regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verib.

“İnanıram ki, biz karbohidrogenlər sahəsində qət etdiyimiz yolun və birlikdə həyata keçirdiyimiz bir çox uğurlu əməkdaşlıq layihələrinin bərpa olunan enerji sahəsinə köçürülməsi ilə hazırkı əlaqələrimizə yeni təkan verəcəyik. Məqsədimiz möhkəm təməllərə əsaslanan, proqnozlaşdırıla və tətbiq edilə bilən rasional yol xəritəsi ortaya qoymaqdır. Və bu baxımdan xüsusən də bərpa olunan enerji də daxil olmaqla bütün sahələrdə fəaliyyətimizi davam etdiririk.

Vətən müharibəsi ilə işğaldan azad edilmiş bölgələrdə həyata keçirilməsi nəzərdə tutulan “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsində bundan sonra da istər dövlət, istər özəl sektor olaraq dost və qardaş Azərbaycanın yanında olacağıq.

Yaxın vaxtlarda biz enerji sektorunda əməkdaşlığı daha da inkişaf etdirəcək hökumətlərarası saziş imzalamağı planlaşdırırıq. Yenə də çox yaxın zamanda BOTAŞ və SOCAR-ın qurduğu müştərək şirkət fəaliyyətə başlayacaq ki, bununla da əlaqələrimizi daha da inkişaf etdirmək üçün mühüm addım atmış olacağıq”, – deyə nazir qeyd edib.

Mənbə: Haber Global

Share: