Türkiyədə yaşayan “Qozan” jurnalist Xaşoginin qalıqlarını harada gizlədib?

Türkiyənin Yalova vilayətində yaşayan Səudiyyə Ərəbistanı təbəəsi Məhəmməd Əhməd Alfaozanın qətlə yetirilmiş jurnalist Camal Xaşoginin qalıqlarının yoxa çıxmasında, yaxud gizlədilməsində rolu var. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Prokurorluğu yayıb.

“İstintaqın gedişində müəyyən edilib ki, Xaşoginin qətlində şübhəlilərdən biri Mansur Otman Abbahusain hadisəyə bir gün qalmış Yalovanın Samanlı kəndində yaşayan Səudiyyə Ərəbistanı vətəndaşı, “Qozan” ləqəbli Məhəmməd Əhməd Alfaozanla əlaqə yaradıb. Söhbət Xaşoginin qalıqlarının məhv edilməsindən, yaxud gizlədilməsindən gedib. Bununla əlaqədar olaraq, orada axtarışlar aparılır”, – prokurorluğun bəyanatında deyilir.

Bu gün “Associated Press” agentliyi bildirib ki, Türkiyə polisi ölkənin şimal-qərbində yerləşən Yalova əyalətində jurnalist Camal Xaşoginin qətlinin istintaqı çərçivəsində iki villada axtarışlar aparır.

“Anadolu” agentliyi isə qeyd edir ki, villalardan birində polis oradakı quyunu nəzərdən keçirir. Əməliyyatda polis itləri və pilotsuz uçuş aparatlarından istifadə edilir.

Müstəqil.Az

Share: