“Türk dünyasının və Müsəlman Şərqinin ulduzu”

Türkiyənin “Təmrin” dərgisi Xalq yazıçısı Çingiz Abdullayevin doğum günündə xüsusi buraxılış hazırlayıb

Tükiyənin nüfuzlu “Təmrin” dərgisi Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birlyinin I katibi Çingiz Abdullayevin doğum günü ərəfəsində yazıçıya həsr olunmuş xüsusi buraxılış hazırlayıb. Xüsusi buraxılış milltəvəkili Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gəlib.“Dünyaca məşhur detektiv ustası: Türk dünyasının və Müsəlman Şərqinin ulduzu” başlıqları ilə çap dəriginin 125-ci sayı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın və millətvəkili, dok. Cavanşir Feyziyevin məqalələri ilə açılır. Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı Kamal Abdullanın, Xalq yazıçısı Natiq Rəsulzadənin, tanınmış yazıçı, şair və ədəbiyyatşünaslar- Vaqif Yusifli, Siyavuş Məmmdəzadə, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, Elxan Zal Qaraxanlı, Aydınxan Əbilov, Elnarə Qaragözova, Dumitru Bilan, Zeynəb Əliqızı və başqalının məqalə və yazıları təqdim olunur xüsusi buraxılışda.
Dəriginin materiallarını hazırlayan Azərbaycan Yazıçılar Birlyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu, məqalələrin tərcüməçisi gənc və istedadlı tərcüməçi Əbdülqadir Özqan, naşiri isə Şərəf Özsoydur. Nışrin koordinatoru tanınmış jurnalist Bəxtiyar Səlimovdur.
Millət vəkili Cavanşir Feyziyev “giriş yazı”sının bir məqamınd belə yazır: “Mən çox səfər edirəm. Hər dəfə də dünyanın müxtəlif böyük şəhərlərində olarkən hökmən mərkəzi kitab mağazalarını da ziyarət edirəm. Və hər belə ziyarət zamanı bir daha təsdiq tapıram ki, Çingiz Abdullayev ən məşhur, ən çox oxunan Azərbaycan yazıçısıdır. Bəli, o müasir Azərbaycanın yeganə yazıçısıdır ki, onun əsərlərini Londonun, İstanbulun, Moskvanın, Parisin, Belqradın, Buxarestin, Tiflisin mərkəzi və məşhur kitab mağazalarında, özü də Artur Konan Doyl, Aqata Kristi, Jorj Simenon, Stiven Kinq, Ceyms Xeydli Çeyz, Marinina kimi dünyaca ünlü, müxtəlif çalarlı detektiv ustalarının əsərləri ilə qonşuluqda görmək olar.
O eyni zamanda və həmişə ən acı həqiqətləri hamının eşidəcəyi tərzdə ucadan deməyi bacaran həqiqi vətənpərvərdir. Təkrar edirəm ki, o mədəni dəyərlərimizdən biri, qürur yerimizdir…”
Qeyd etmək istərdik ki, “Təmrin” dərgisi indiyədək Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar, Şirməmməd Hüseynov və digər görkəmli ədiblərimiz, aydınlarımızla bağlı xüsusi buraxılışlar hazırlayıb.

Share: