Türk dünyasının əlifba problemi

Hələ XIX əsrin ortalarında böyük Azərbaycan mütəfəkkiri və böyük dramaturqumuz Mirzə Fətəli Axundzadə “türk dilləri üçün yeni əlifba” hipotezasını irəli sürməklə ərəb əlifbasının mürəkkəbliyi və dilimizi kifayət qədər ifadə edə bilməməsi bərədə araşdırmalara başlamışdı.  Böyük ədib türk və digər islam dilləri üçün daha səmərəli əlifbaya ehtiyac olduğunu israrla iddia edirdi. O, ərəb əlifbasının ortaya çıxardığı problemləri aşağıdakı kimi qruplaşdırırdı:

1.Ərəb əlifbasında saitlərin yazılmaması türk dilinin düzgün ve aydın ifadə edilməsini çətinləşdirir;
2.Ərəb əlifbasında hər hərfin iki və ya dörd cür yazılması bu əlifbanın mənimsənilməsini daha da mürəkkəblədirir;

3.Bu əlifbada nöqtələr və hərəkələrdən istifadə edilməsi yazının sürətinə mane olur.

Mənbələrə görə, təqribən 1857-ci ildən Mirzə Fətəli Axundov əlifbamızın dəyişdirilməsi uğrunda çalışmağa başlayır. Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin bir səbəbini köhnə ərəb əlifbasında görürdü. 1857-ci ildə ərəb əlifbasını dəyişdirmək məqsədilə fars dilində bir kitabçadan ibarət layihə tərtib edir. Bu xüsusdakı fikirlərini Yaxın Şərqdə həyata keçirmək məqsədilə 1863-cü ildə İstanbula gedir.

İstanbulda əlifbanın dəyişdirilməsi üzrə fəaliyyətini Mirzə Fətəli Axundov tərcümeyi-halında bu şəkildə izah edir:

“Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim, türkcə pyeslərimi və “hekayəti Yusif şah”ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi, hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər. Buna görə ki, yenə bu əlifba kitabçasında gəlmə tərkibində hərflərin bir-birilə birləşməsi təb işi üçün çətinlik törədirdi. Dedim ki, bu surətdə köhnə islam əlifbasında tamam bir dəyişiklik etmək lazım gəlir, yəni islam əlifbasının hərfləri də avropalıların yazılarındakı hərflər əsasında olmalı və yazı soldan sağa doğru yazılmalı, nöqtələri tamamilə atılmalı və hərflərin şəkilləri latın əlifbasından seçilməli və səsli hərflər tamamilə səssiz hərflərin yanınca yazılmalıdır. Xülasə, sillabi əlifbanı alfabeti əlifbaya çevirməli. Bu fikrin qəbulunda da İstanbul alim və vəzirləri müvafiqət göstərməlidilər və İstanbulda yaşayan İran səfiri Hüseyn xanın mənə ədavəti də osmanlıların müvafiqət etməzliyini qüvvətləndirdi. Xülasə, məqsədimə çatmadan İstanbuldan qayıtdım. Lakin Osmanlı dövlətində keçmiş islam əlifbasını dəyişdirmək xəyalım qəbul olunmadısa da, əlifbanı dəyişdirmək xüsusunda mənə təhsin fərmanilə Məcidiyyə nişanı bağışladılar. İstanbulda ikən Mirzə Hüseyn xandan bir çox acılıqlar gördüm ki, onların hamısını burada zikr etmək başağrısı olar. Bu adam keçmişdə öz dövlətinin Tiflis konsulu idi. Mənə ürəyində şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən xəbərsiz olub, onu öz dostum sanıb evində mənzil etdim. Axırda ədavəti meydana çıxdı və bütün Osmanlı vəzirləri yanında məni islam din və dövlətinin bədxahı nişan verdi. Məlum olduğu üzrə mənə ədavətinin səbəbi mənim pyeslərimin iranlıların çirkin əxlaq və adətlərini drama fənninin şərtləri üzrə həcv etməyim imiş. Bu adam drama fənnini və onun şərtlərini anlamadığından, dünya elmlərindən büsbütün bəhrəsiz olduğundan və hiyləgərlik, bəxillik, hirs və təməhdən başqa qabiliyyəti olmadığından, bu hərəkətin mənim iranlılara qarşı kin bəslədiyimi zənn edib. Onun ədavəti anlaşıldıqdan sonra evini tərk edib başqa yerdə mənzil tutdum”.

Göründüyü kimi, dahi mütəfəkkir əlifba probleminə olduqca konseptual yanaşaraq türk dünyası üçün bir ənənə qoyur. Amma əlifba problemi birmənalı qarşılanmır və spritual fanatizm zaman-zaman bu islahata qarşı çıxır. Belə ki, 1862-ci ildə o “Rovzətüssəfayi nasiriyyə mülhəqatı” əsərlərinin müəllifi Rzaquluxan Hidayətinin mənzum tarix əsərinə, 1863-cü ildə İran şairi “Şəmsüşşüara”nın qəsidəsinə dərin məzmunlu elmi məqalələrini yazır. Bu məqalələr onu incəsənətə, klassik şeirə, tarixə dərindən bələd olan zəngin və ətraflı məlumata malik bir alim kimi göstərməkdir. M.F.Axundov həmin illərdə “Mollayi-Ruminin məsnəvisi haqqında tənqid”, “Yek kəlmə haqqında”, “Yuma cavab”, “Türkiyə ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti” və s. siyasi, ictimai, tənqidi və fəlsəfi məqalələrini yazır. Bu dövrdə ədibin ən böyük və ciddi əsəri “Kəmalüddövlə məktubları” traktatıdır. Bu əsərdə dinin və ruhaniliyin kəskin surətdə tənqid edilməsi cəhalətin və fanatizmin hökm sürdüyü o zamankı mühitdə M.F.Axundovun həyatı üçün təhlükə yarada bilirdi. Mütəfəkkir bu barədə yazırdı: “Bir neçə vaxtdan sonra islam milləti də yeni əlifbanın və mədəniyyətin əngəl təşkil edən islam dini ilə fanatizmin olduğunu anlayaraq bu dinin əsasını yıxmaq, fanatizmi qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq və islamda protestantizmin lazım olduğunu isbat etmək məqsədilə “Kəmalüddövlə”ni yazmağa başladım”. [Mirzə Fətəli Axundovdan Heydər Əliyevədək “əlifba mücadiləsi” Irad’ Sarıyeva]

Bu traktatda din və cəhaləti tənqid etməklə M.F.Axundzadə əlifa problemini daha da qabarıq şəkildə təbliğ etməyə başlayır.

Axundzadənin vahid əlifba islahatı bir müddet unudulsa da XX əsrin əvvəlləindən etibarən yenidən gündəmə gətirildi və 1926-cı ildə 1-ci Ümumittifaq Türkoloji Qurultayında Sovet cəmiyyətində yaşayan türkdilli xalqların latın qrafikasına keçməsi barədə qərar qəbul olundu. Orta Asiyada yaşayan türklərlə birlikdə Azəri türkləri də həmin dövrdən latın qrafikasından geniş istifadə etməyə başladılar. Lakin “parçala, hökm sür” siyasəti yürüdən sovet imperiyası həm Anadoluda, həm də Sovet İttifaqında yaşayan türklərin eyni əlifbadan istifadəsindən qorxaraq bunun qarşısını almaq fikrinə düşdü. Beləliklə “vahid sovet ailəsində vahid əlifba” fikri ortaya atıldı. O da maraqlıdır ki, “vahid sovet ailəsi”nin erməni ve gürcü üzvlərinin “vahid əlifba hərəkatı”na qoşulması lazım bilinmədi. Yerdə qalan bütün sovet xalqları “vahid əlifba” ideyasına tapınmalı oldular. [Azər Həsrət Azərbaycan türkünün əlifba dramı “Çağdaş Azərbaycan” 17 fevral 1999] Ardınca da 1939-cu ilin iyulunda Azərbaycanda (eləcə də digər türk cümhuriyyətlərində) kiril (rus) əlifbasına keçilməsi haqda qərar qəbul edildi. Bununla da Anadolu türkü ilə “sovet türkü” arasında əlaqələrin kökünə balta çalındı. Sonrakı mərhələdə rus əlifbasına kiçik dəyişikliklər də edilməklə bu əlifba 1991-ci il dekabrın 25-dək öz hüquqi qüvvəsini saxladı.

Amma Sovet ideoloqları nə qədər çalışsalar da türk millətinin kimliyini untdura bilmədilər. 80-ci illərin sonunda qüvvətlənən milli azadlıq hərəkatı həm də milli özünütanıma proseslərinə təkan verdi. Azərbaycanda yaşayan insanlar özlərinin türk olduğunu, saylarının isə yalnız 7 milyon deyil, digər türk ölkələrində yaşayanlarla birgə 200 milyondan artıq olduğunu anladılar. Məhz bunun sonucu olaraq 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul etdi.

Beləliklə, Sovet İmperiyası dağıldı, onun tərkibndə olan respublikalar müstəqillik qazanaraq öz hüquqlarını bərpa etdilər. İndi qarşıya belə bir sual çıxır: Türk dünyası əlifba problemini həll etdi mi? Türk dünyası tərcüməçi olmadan bir-birini başa düşür mü? Ortaq əlifba problemini hansı yolla həll etmək olar? Bu və ya digər suallar çağdaş dünyamızda bütün türk dilli dövlətləri və muxtar qurumları maraqlandırır. Bu istiqamətdə görkəmli türkoloqlar müəyyən işlər görmüş və hələ də görməkdə davam edirlər.

Görkəmli dilçi-türkoloq, altayşünas Afad Qurbanov dilçiliyin demək olar ki, bütün sahələrini əhatə edən elmi yaradıcılığa malik alim olmuşdur. Onun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutmuşdur. O, 34 hərfdən ibarət ümumtürk əlifbasının yaradılmasında və tərtib edilməsində Afad Qurbanovun xeyli əməyi olmuşdur. Vahid ortaq türk əlifbası layihəsinin ilk və əsas təşəbbüskarları və tərtibatçılarından olan A.Qurbanovun dediyinə görə: «Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir». Ortaq türk əlifba layihəsi Türkiyədə bütün türk xalqları alimlərinin nümayəndələrinin iştirakı ilə 1993-cü ildə müzakirə olunaraq bəyənilmişdir.

Türk dünyası üçün “ortaq dil” yaratmaq ideyası XX əsrin 80-ci illərində yenidən bir daha meydana çıxmışdır. Bu fikir müxtəlif dil problemlərinə dair Türkiyə, Azərbaycan və Özbəkistanda təşkil olunan qurultay, konqres, konfrans, simpozium və elmi seminarlarda, müasir zəruri ekstralinqvistik problem kimi diqqəti daha çox cəlb etmişdir. Ortaq dil məsələsi 1992-ci ildə Türk Dili Qurumu tərəfindən Ankarada keçirilən konfransda daha genişliyi ilə müzakirə obyekti olmuş və bunu digər türkdilli xalqların da nümayəndələri rəğbətlə qarşılayıb müdafiə etmişlər. 1999-cu ildə A.Qurbanov müasir türkoloji dilçiliyin ən başlıca problemlərinə həsr edilmiş «Ortaq türk ədəbi dili» kitabını çap etdirmişdir.

Görkəmli alim, Prof.Dr.Əhməd Bican Ercilasun tərəfindən ortaq əlifbaya keçidin müəyyən zaman müddətində və mərhələli şəkildə reallaşa biləcəyi məsələsi müzakirə obyektinə çevrilir. İlk mərhələdə türk dillərinin birinin və böyük ehtimalla Türkiyə türkcəsinin üstün dil olaraq istifadə edilməsi, ikinci mərhələdə bi dilin digər türk dillərindən bəzi ünsürlər alaraq zənginləşdirilməsi və beləliklə,Türk yazı dillərinin alt dil olaraq yaşamağa davam edə biləcəyi ifadə edilir. Bəzi mütəxəssislər isə üst dil və alt dil məsələsinə şübhə ilə yanaşır və ortaq əlifbada istfadə olunacaq hərf sayının bütün Türk dünyasının başa düşəcəyi şəkildə təyin olunması lazım olduğunu vurğuayırlar.

Göründüyü kimi, olduqca vacib bir məsələdir və hələ türk dünyası olaraq müəyyən nəticə əldə etməmişik. Müstəqillik qazandığımız vaxtdan bu günə qədər türk dünyası olaraq qurultaylar, konfranslar, simpoziumlarda bu mövzunu ana mövzu olaraq götürməmiş və müzakirə obyektinə çevirməmişik. Türk dünyası araşdırmaları simpoziumları əsasən iki ana mövzunu özündə ehtiva etməlidir:

1.Ortaq türk əlifbasına keçid

2.Türk dünyası dövlətləri arasında sərhədlərin açılması

Beləliklə, vaxt itirmədən Türk Dünyası və ya Türk Akademiyası tərəfindən ortaq əlifba mövzusunda genişmiqyaslı və hər bir təklifin nəzərə alına biləcəyi böyük bir qurum təsis olunmalıdır. İstər siyasətçilər, istər qeyri-hökumət nümayəndələri də bu işə fəal cəlb olunmalı və alınacaq hər bir qərar “Ortaq Əlifba Komissiyası” tərəfindən müntəzəm izlənməlidir.

 

Rövşən MƏMMƏDOV

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

 

ƏDƏBİYYAT

 

  1. Sarıyeva İ. Mirzə Fətəli Axundovdan Heydər Əliyevədək “əlifba mücadiləsi”. Bakı Xəbər, 20 mart 2015-ci il
  2. Azər H. Azərbaycan türkünün əlifba dramı “Çağdaş Azərbaycan” 17 fevral 1999
  3. Yolçuyeva A. Azərbaycanda latin qrafikali əlifbaya keçidin pedaqoji-psixoloji aspektləri haqqinda
  4. Kürşat Zorlu Ortak alfabe sorunu. tr.wikipedia.org/wiki/Ortak_Türkçe_alfabesi

XÜLASƏ

 TÜRK DÜNYASINDA ƏLİFBA PROBLEMİ

Rövşən MƏMMƏDOV

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Məqalə ortaq türk əlfbası probleminə həsr olunmuşdur. Hələ XIX əsrdə dahi mütəfəkkir M.F.Axundzadənin bu istiqamətdəki islahatları, onun ərəb əlifbasına münasibəti məsələləri bu məqalədə əks olunmuşdur. Bundan başqa, Sovetlər dönəmində əlifba islahatları, I Türkoloji Qurultayın ortaq əlifba məsələsi, müstəqillik qazanan türkdilli dövlətlərin ortaq əlifbaya keçməklə bağlı araşdırmaları və s. məsələlər məqalədə geniş əksini tapmışdır. Türk dünyasının görkəmli alimləri prof.Dr.A.Qurbanov, Dos.Dr. K.Zorlu kimi alimlərin əlifba yaradıcılığı barədə araşdırmalar məqalənin əsas mövzularından biridir. Məqalənin sonunda ortaq əlifba ilə bağlı bir sıra təkliflər irəli sürülür.

Açar sözlər: M.F.Axundzadə, ortaq əlifba, I Türkoloji qurultay, ortaq türk ədəbi dili, ortaq əlifba komissiyası

 

 

 

 

 

 

 

 

 

Share: