26 may 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Canpolad Ağaverdi oğlu Əsgərovun əziz xatirəsinə həsr olunmuş və yazıçı Sevinc Azadlının qələmə aldığı “Torpağa can Canpolad” adlı kitabın geniş mətbuat və ictimaiyyət üçün təqdimat mərasimi keçirilib. Tədbir muxtar respublikanın rəsmi dairələrini, ziyalıları, şairləri, qəhrəman qazilərimizi və şəhid ailələrini bir araya gətirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayıb. Ardınca, Vətənimizin suverenliyi, torpaqlarımızın bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov qonaqları salamlayaraq şəhidlik zirvəsinin müqəddəsliyindən bəhs edib. O, çıxışında vurğulayıb ki, Canpolad kimi oğulların qəhrəmanlığı Azərbaycan xalqının qürur mənbəyidir:
“Bu tədbir və Sevinc Azadlının qələmə aldığı bu qiymətli kitab sadəcə bir xatirə deyil, gənc nəslə bəxş edilən vətənpərvərlik dərsliyidir. Tarixi yaddaşımızı qorumaq, şəhidlərimizin adını uca tutmaq bizim həm insani, həm də milli borcumuzdur. Kollecimizin tələbələri bu qəhrəmanlıq dastanlarından nümunə götürərək yetişirlər.”

Direktorun çıxışından sonra kollec tələbələrinin böyük rəğbətlə hazırladığı, şəhid Canpolad Əsgərovun uşaqlıq, gənclik və şərəfli döyüş yolunu, eləcə də Vətənə olan sonsuz bağlılığını əks etdirən videoçarx nümayiş olunub. Videoçarx hər bir iştirakçıya duyğulu anlar yaşadıb.
Mərasimin rəsmi və bədii çıxışlar hissəsində dəvət olunan qonaqlar mövzu ətrafında geniş və təsirli nitqlər söyləyiblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülsad xanım Rüstəmova çıxışında dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqətdən danışıb. O, Canpolad Əsgərovun göstərdiyi şücaətin Azərbaycan gəncliyi üçün bir məktəb olduğunu, torpaqlarımızın məhz belə fədakar oğulların qanı sayəsində azad nəfəs aldığını bildirib və şəhid anasının qarşısında baş əydiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigar kitabın bədii və tarixi çəkisinə toxunub. Şəhidlərin ölməzliyini ədəbiyyatın dili ilə gələcək nəsillərə ötürməyin vacibliyini qeyd edən şair, “Torpağa can Canpolad” əsərinin hər sətirində bir qəhrəmanın ruhunun yaşandığını, Sevinc Azadlının bu əsərlə şəhidimizin adını söz sənətində də əbədiləşdirdiyini qeyd edib.
Kitabın redaktoru və ön söz müəllifi “Azərbaycan Mətbuatının 150 illiyi” yubiley medalı mükafatçısı
Təranə xanım Arifqızı öz ürək sözlərini şeir lirikası və vətənpərvərlik ruhu ilə bölüşüb. O, Vətən torpağının müqəddəsliyini, şəhidlərin canı bahasına bu torpağın ruzi və şərəf tapdığını qeyd edərək, Canpolad Əsgərovun adının Naxçıvanın və bütöv Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.

Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri İsmayıl Gülməmmədov şəhidlərin əziz xatirəsinin dövlət səviyyəsində hər zaman uca tutulduğunu qeyd edib. O, şəhid ailələri və qazilərlə işin təşkili istiqamətində görülən işlərdən bəhs edərək, Canpolad Əsgərovun adının və xatirəsinin Naxçıvan şəhərində hər zaman ehtiramla anılacağını, gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin mütəmadi olaraq dəstəklənəcəyini vurğulayıb.
Tədbirin ən təsirli və duyğulu anları şəhidimizi böyüdən və onunla eyni qanı daşıyan doğmalarının çıxışı zamanı yaşanıb.
Şəhidin bacısı Ramilə xanım Əsgərova və qardaşı Ramin Əsgərov çıxış edərək Canpoladın ailədə hər zaman qayğıkeş, həm də Vətənə, bayrağa sonsuz sevgi bəsləyən bir insan olduğunu xatırladıblar. Onlar Canpoladla fəxr etdiklərini, onun adının bu cür uca tutulmasının ailələri üçün böyük bir təsəlli olduğunu bildiriblər. Şəhidin doğmaları göstərilən bu yüksək diqqət, ehtiram və kitabın ərsəyə gəlməsində əməyi olan kollecin rəhbərliyinə və müəllif Sevinc Azadlıya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində kollecin tələbələri və məktəblilər tərəfindən vətənpərvərlik, şəhidlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib, iştirakçılara duyğulu anlar yaşadılıb. Bədii çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Proqramın möhtəşəm finalında isə rəsmi bədii heyətin müşayiəti ilə “Naxçıvan” xor qrupu səhnə alıb. Xor qrupunun ifasında səslənən Vətəni, torpağı və qələbə ruhunu tərənnüm edən ifalar tədbirə xüsusi əzəmət qatıb və xatirə gecəsini yüksək əhval-ruhiyyə ilə tamamlayıb.
Sonda müəllif Sevinc Azadlı tərəfindən imzalanmış “Torpağa can Canpolad” kitabı tədbir iştirakçılarına və qonaqlara təqdim olunub, şəhid ailəsi ilə birlikdə xatirə şəkilləri çəkdirilib. Bu unudulmaz tədbir şəhidlərimizin əbədi olaraq qəlblərdə yaşayacağını bir daha nümayiş etdirib.
Sevinc Azadlı



















