Telman İsmayılov Avraam Russonu niyə öldürtmək istəsin?

O gündən bəri ərkim ötən dost-tanış və həmkarlardan bir suala səmimi cavab vermələrini istəyirəm, soruşuram ki, Telman İsmayılovun qətl sifarişi verdiyinə inanırlarmı?

Cavablar haçalanır, inanan da var, inanmayan da. İnananlardan biri deyir ki, rəhmətliyin nəvəsi, Rusiyada qətl, dələduzluq, oğurluq, reketçilik işlərinə ə sasən bizimkilər baxır, burda nə təəccüblü iş var.

İnanmayanlar da deyir ki, ruslar torba tikməkdə, qara “piar” aparmaqda ustadırlar, Telmanı pullarına görə şərləyirlər.

Adam qalır belə, həqiqətin harda olduğunu bilmir.

Elə adamlar var ki, hətta Telman İsmayılovu killer tutub adam öldürtdüyü təsdiqlənəcəyi təqdirdə də qınamır, deyir, kimi öldürdübsə, düz eləyib, dinc duraydılar, əsas odur ki, o, “Çerkizov” bazarında minlərlə adama çörək verirdi. “Heç bilirsən, nə qədər sabirabadlı, ucarlı, göyçaylı, şəmkirli onun hesabına öz kəndlərində necə evlər tikdirib, ailələrinə, qohum-əqrəbalarına əl tutub?”, – bir nəfər kontr-sual qoyur.

Düzü, Telman İsmayılovun minlərlə azərbaycanlını himayə etməsi, onlara pul qazanmaq imkanı yaratması barədə söhbətləri gendən-genə eşitmiş adam kimi bu arqumentin qabağında deyəcək sözüm yoxdur. Amma yenə də bu, Rusiya kriminalistlərinin işidir ki, onlar Telmanın sabirabadlı və şəmkirlilərin ana vətəndə özlərinə yaxşı evlər tikdirmələrinə kömək etməsinin onu cinayət məsuliyyətindən azad edib-etmədiyinə dair qərar versinlər.

Elə adam da var ki, həyatına baş tutmamış sui-qəsd təşkil edilənlərdən biri olan müğənni Avraam Russonu nəzərdə tutaraq deyir ki, o petux elə vurulsa, yaxşıydı.  Bu xüsusda da cinayət-prosessual məcəllələr durumu izah etməkdə aciz qalır. Tutaq ki, Avraam Russo elə deyildiyi kimidir, cinsi azlıqlara mənsubdur, bu halda onun həyatına sui-qəsd etmək caizdirmi?

Üstəlik, qaranlıq qalır, Telmanla Avraamın nə alıb-vermədiyi ola bilər ki, iş adamı müğənnini öldürtmək istəsin? Hamımız bilirik ki, əslində Telman müəllimin müğənnilərlə arası həmişə saz olub, Şakiradan tutmuş Nadir Qafarzadəyə qədər hamısını çox istəyib, açılışlara, qonaqlıqlara dəvət edib, yaxşı qonorar verib və sair və ilaxır. Nə oldu, elə bircə Russo onun qəzəbinə gəldi? Qəliz məsələdir.

Telman İsmayılov özü isə nə adıçəkilən şəxsin, nə də adı çəkilməyən qurbanların qətlində ittiham edilməsi ilə razılaşmır, deyir, sübut edərəm ki, o qətllərdə və sui-qəsdlərdə əlim yoxdur.

Adam iddialı, ötkəm, əmin danışır. Hərçənd dünyada elə bir sifarişçi yoxdur ki, çıxıb desin, bəli, filankəsi mən vurdurmuşam, filan qətl də mənlikdir. Bunu heç ömürlük həbs cəzası alan əkə-bükə mafiozlar da demirlər. Kim durduğu yerdə mühakimə olunmaq istəyər ki?

Bu baxımdan məşhur həmyerlimizin sonuncu açıqlaması özünümüdafiə qrafasına girir və hüquq-mühafizə orqanları üçün keçərli ifadə sayılmır. Müstəntiqlər əmindirlər ki, Telman İsmayılov Butırkada, Lefortovoda daha səmimi ifadələr verər, istintaqla faydalı əməkdaşlıq edərdi.

Amma o da qaçıb gedib oturub Fransada. Fransa isə elə bir ölkədir ki, Telmanın qətl sifarişi verdiyi birmənalı şəkildə sübut olunsa da, özünə sərf etmirsə, onu heç bir ölkəyə verməz. Bu, dürlü-dürlü terror təşkilatlarını, keçmiş və gələcək diktatorları, minlərlə insanın qətlinə görə axtarılan hərbi caniləri himayə edən Fransadır, deyirsiniz, yəhudi əsilli milyarder biznesmeni qandallayıb Moskvaya verəcək?

Bu məsələyə dair belə bir arqument də var ki, təqsiri yoxdursa, İsmayılov nədən Moskvadan Antalyaya, oradan da Fransaya qaçıb, getsin təslim olsun, günahı yoxdursa, ona heç nə edə bilməzlər.

Yox, bu, sağlam arqument deyil. Kim beşulduzlu hoteldən çıxıb çoxguşəli ulduzları olan “vor”ların ağalıq etdiyi dörd divarın arasına girər? Hələ də yaşının bu vaxtında. Özü də Rusiya kimi qanun tələb edənlərə “idi na yuq” nidası ilə cavab verilən bir yerdə…

Ağlı başında olan ən məsum, ən günahsız adam da Moskvada ağzıbirə düşmək istəməz. Oralarda o qədər adam “Kapital”ı yazdığını boynuna alıb ki… Moskva təcridxanaları Quantanamo kimi bir yerdir və Telman İsmayılov bunu bilir.

Hər halda, məsələnin gəlib bu yerə çıxması çox pis oldu, Rusiyada yaşayan azərbaycanlıların gül kimi reputasiyası vardı, Telmanın üzündən zay oldu getdi.

Samir Sarı

Share: