Taleyin qələmi qismət yazanda…

“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Heydər Əliyev

,, Ağıllı bir qadın xəzinədir,gözəl və ağıllı bir qadın gücdür”.
George Meredith

Yaradan hər insana böyük zəka və ağıl bəxş edib. Əgər insan bu nemətlərdən faydalı və mənalı amal uğruna istifadə etsə, inamla çalışsa gec-tez öz əməyinin qarşılığın alacaq və uğurlu bir həyat sürəcəkdir. Yetər ki, iradəli və əzmkar olsun.
Hər bir insan öz uğurunun memarıdır. İnsanın düşüncələri və bu gün etdikləri gələcəyinin təminatıdır. İnsan istəsə və özünə inansa, arzularına hər cür yol aça bilər. Həyata nəzər saldıqda Allahın bizə hər cür qüdrət bəxş etməsini aydın görürük. Uğurlu və ya uğursuz olmaq hər kəsin öz əlindədir. Bu həyatda daha gözəl yaşamaq üçün insanın bir məqsədi və hədəfi olmalıdır – o da özünə inam hissidir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya – qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir.
Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir.
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə Mehriban xanım kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız buna bariz nümunədir.
Şərqdə ilk dəfə qadına səsvermə hüququnun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində verildiyi buna sübutdur . Bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi olmuşdur.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür. . Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına bəslədiyi böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yer tutması üçün əzmlə çalışıb, bu zərif zümrənin YAP-ın həyatında fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə seçilib”.Haqqında bəhs etdiyim Həcər qeyrətli,Azərbaycanın fədakar qadınlarından olan professor İradə Hüseynovadır.
İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, Rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
İradə Hüseynova Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. O, Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. Professor İradə Hüseynova 300-dən çox elmi əsərin – Əliyevşünaslıq elminə töhfələr olan “Dövlətçilik naminə”. Bakı, 2001, 286s; “Müstəqilliyimizin təminatçısı”. Bakı, 2003, 502 s.; “Müstəqil Azərbaycan dövlətinin qurucusu”. Bakı, 2004, 472 s.; “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру”. Bakı, 2005, 503 c.; “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”. Bakı, 2021; adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində — “Qafqaz xalqlarının tarixi”. Bakı, 2006, 603 s.; “Heydər Əliyev və Qafqazda sülh prosesi”. Bakı, 2008, 670 s.; “История народов Кавказа”. Bakı, 2018 1248 səh; adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа”. Bakı, 2010, 956 c.; adlı ensiklopedik nəşrin; “Tarix. Zaman. Düşüncələr”. IV cilddə. Bakı, 2016–2020; çoxcildli əsərin müəllifidir.
Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının: “История Народов Кавказа” (Новый и новейший период). Bakı, 1998; “История Народов Кавказа” Bakı 2014, 168 s.; “Qafqazşünaslığa giriş” Bakı 2014, 63 s.; “Qafqazın siyasi sistemi” (Azərbaycan və rus dillərində), Bakı, 2016, 28 s., 36 c.; “Qafqazın xarici siyasəti” (Azərbaycan və rus dillərində), Bakı, 2016, 28 s., 32 c.; “Qafqaz və Yaxın Şərqin ərəb ölkələri” (Azərbaycan və rus dillərində), Bakı, 2016, 16 s., 20 c.; “Qafqaz tarixinin aktual problemləri” Bakı, 2017, 40 s.; “Qafqazda etnik münaqişələr” (Azərbaycan və rus dillərində) Bakı, 2018; “История Народов Кавказа. Учебное пособие” Bakı 1999, 86 s.; dərs vəsaitinin, magistr hazırlığı üçün “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2003, 110 s.; adlı tədris proqramlarının, Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin və digər tədris vəsaitlərinin müəllifidir.
İradə Hüseynova apardığı elmi tədqiqatlarına görə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən doqquz müəlliflik şəhadətnaməsi də almışdır.
2000-ci ildə Yeni Azərbaycan Partiyasının proporsional sistem üzrə seçkilərdə Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülmüşdür.
1999–2021 illərdə YAP-ın I-ci qurultayından VII-ci qurultayına qədər “Yeni Azərbaycan” partiyasının rəhbər orqanının — Siyasi Şurasının üzvü olmuşdur. Həmçinin Bakı Dövlət Universitetində “Yeni Azərbaycan” partiyasının Qadınlar şurasının sədri olmuşdur. 2014-cü il may ayında Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü seçilmişdir. 2014- YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini seçilmişdir.

2007- Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər Qrantının qalibi olmuş və TEMPUS Proqram çərçivəsində elm, təhsil problemləri ilə bağlı İsveçdə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişdir.
2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2011 ci ildə Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə,Avropanın ən məşhur elmi mərkəzlərindən biri olan Oksford Universitetində (Böyük Britaniya) keçirilmiş Avropa “Liderlər sammiti” tədbirində Azərbaycan alimi, təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynovaya Sokrat mükafatı təqdim edilmişdir.
İradə Hüseynova Azərbaycanda bu yüksək mükafata layiq görülmüş ilk qadın alimdir. Sokrat mükafatı bu və ya digər ölkədə milli elmin ən yüksək dərəcədə inkişaf etməsinin, onun alimlərinin dünyada ən yaxşı alimlər kimi tanınmasının rəmzidir. Bu nüfuzlu mükafatın laureatı olmağa namizədlər elm aləmində qüsursuz nüfuz sahibi olmaqla bərabər , tədqiqatlara sanballı şəxsi töhfə vermək və səmərəlilik meyarları əsasında seçilirlər.
Tarixi, siyasi-dövlətçilik problemləri ilə bağlı fəal çıxışlarına, elmi yaradıcılığına görə “Azərbaycan bayrağı” və “Qızıl qələm” mükafatları ilə təltif edilmişdir.
2012-ci il 2–5 sentyabr, 2013-cü il 19–21 noyabr tarixlərində YUNESKO-nun VIII və IX Bioetika, tibbi hüquq, insan hüquqları ilə bağlı beynəlxalq elmi konfranslarında geniş elmi məruzə ilə çıxış etmiş, xüsusi diplom və sertifikatlarla təltif olunmuşdur.
2015-ci ildə Heydər Əliyev irsini araşdıran ilk alim kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin inkişafında, elmin, təhsilin inkişafında və elmi kadrların hazırlanmasında xidmətlərinə görə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Zamanla birgə” İctimai Birliyinin qərarı ilə Fəxri diploma layiq görülmüşdür.
2015-ci ildə ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ilk elmi tədqiqatçısı, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi, həmçinin elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə “Bizim lider” təşkilatının qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.
2016-cı ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə “İlin alimi” fəxri adına layiq görülmüşdür.
27 dekabr 2016-cı ildə Azərbaycan Respublikasında tarix elminin və ali təhsil mədəniyyətinin inkişafında xidmətləri, yüksək şəxsi mədəniyyəti, vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyinə görə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
25 oktyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümü münasibəti və partiyada fəal ictimai- siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
2018-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın, və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə Fəxri diplomla təltif edilmişdir.
22 may 2018-ci il tarixində professor İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatına layiq görülmüşdür.
10 may 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” Beynəlxalq tituluna və mükafatına layiq görülmüşdür.
2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya Elminə göstərdiyi xidmətlərinə görə “Avropa Xidmət Ordeni” ilə təltif edilmişdir.
2019 — Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib
2019- Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən Azərbaycan Respublikası “Yubiley Medalı” ilə təltif edilmişdir.
2019- “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Ailəlidir, iki qizi, iki nəvəsi var.
Professor İradə Hüseynovanın timsalında biz görürük ki,qadınlarımız ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir. Ulu Tanrıdan dövlətimizə baş ucalığı gətirən nurüzlü,təmiz qanlı Azərbaycanlı İradə xanıma möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Uca Allah Azərbaycan dövlətimizə tərəqqi və rifah nəsib etsin.
Yeni yaşınız mübarək İradə Hüseynova ,ömrünüzə düşərli yaş olsun inşallah .

Leyla Məcidova

Share: