Qırmızı donunu sarı xəzana dəyişmiş güllər

(Xatirə-Hekayə)

Uzağa gedən bir gündə “Qırmızı torpaq” məhləsinə havadan vertalyotla həmişəbahar bildiyimiz qızılgüllər və onlara bağlanmış vərəqlər səpələnmişdi. Vərəqlərdə yazılmışdı: “Mənim Arzum! Sənin Yusifin!”

Qəzəbimə səbəb olan, dünyada analoqu olmayan bu romantik hərəkətə qarşı bu işi törədən kəndlimiz olan bu oğlanın ünvanına dünyanın ən ağır söyüşlərini söyüb, bir sözlə kobudluğumun əlamətlərini göstərmişdim. Utandığımdan, baxmayaraq ki, ipə-sapa yatmayan dəli bir qız olsam da bir müddət qonum-qonşunun üzünə çıxa bilməmiş, özüm özümü ev dustağına çevirmişdim. 


Bu romantik günün özəlliyini unuda bilməyib dili ağzına girməyən qonşularımızsa hər oturduqca təkrar-təkrar o günü xatırlayır, elə bil mənim nəslimə söyürdülər. 


Xoşbəxtlikdən bütün məhləyə, həyətlərə səpilən bu güllərdən bir dənəsi də olsun bizim həyətə düşməmişdi. Ən böyük toxtaqlığımı da elə ondan almışdım. Hər dəfə üzümü göyə tutub deyirdim: “Al eeeee… Sən səpələməklə deyil ki. Sənə bu da azdı, Qara Yaqubun oğlu!”.


El-aləmin kənd soveti, aqronom, briqadir, dönə-dönə Azərbaycanın deputatı kimi tanıdığı bu oğlanın atası olan zəhmətkeş, üzüağ kişinin təbii rəngini – qaralığını üzünə elə vurmuşdum ki, ürəyimdən qızılgüllərin tikanlarından da artığı çıxmışdı…….
Romantik gündən illər keçmişdi. Deyir: “Sən saydığını say, gör fələk nə sayır.”
Mənim gözümdən qaçırıb, Yusifin hər zaman özü ilə daşıdığı, uçarkən geyindiyi hərbi geyimi olan çantasını babagildən (Yusifin atasıgildən) gətirib mamamgilin evinin çardağında gizlətmişdilər, yəni mənim gümanım gəlməyən bir yerdə.
Günlərin birində birdən elə bil mənə – “Çardağa qalx” – dedilər. Heç bir tərəfi görünməyən üstünə qara çadır çəkilmiş çantanın içindən Yusifin əynindən çıxardığı, uçarkən geyindiyi paltarları qoxlamaq üçün bağrıma basıb burnuma yaxınlaşdıraraq üzümü göylərə tutub nalə çəkib fəryad qoparmaq istəyəndə gözlərim azacıq gün işığı düşən peç turbası ilə dam örtüyü arasında sıxışıb bir-birinə sarılmış başıaşağı iki qızılgülə sataşdı. Qırmızı donunu sarı xəzana dəyişmiş güllər uzaq romantik günün xatirəsini danışırdılar.

Təkcə bunu deyə bildim: “Mənim Yusifim, sənin Arzunam!”

Arzu Nehrəmli

Share: