Soylu Atalı yazdı: Ölümün Qarasına

Xalqımızın ulusal gələnəklərindən, daha doğrusu, bayram gələnəklərindən ən ucası Yaz Bayramıdır – Xızır ruhunun Doğa ilə bütövləşdiyi bir bayram. Bu bayram – bizi ölənlərimizin ruhu ilə doğmalaşdıran, onların varlığını sevincimizə, sevgimizə qaytaran qutsal bir gələnəkdir.

 

Doğrudur, son çağlar bu bayramın özünün ruhu da öləziyib. Dadlı biş-düşlərdən çox da dərinə getməyən bir durumda gerçəkləşir. Ancaq bizim yaddaşımızda bu bayram daha anlamlı, sevincli, xatirəli qalıbdır. Bir çağlar Yaz Bayramı gələndə bütün el-oba tonqallar işığına bürünərdi. Hər evdə diləklər tonqallara çevrilərdi. Yaxın keçmişdə ölənlərin hər birinin adına ayrıca tonqal çatılardı. İşıqlanırdı ruhu, xatirəsi ölənlərimizin. İndi çox həyətlərdə tonqal qalanmır. Qalayanlar isə bircə tonqalı yetərli sayır. Ölənlərin adını tutmaları, ruhunu anmaları varmı, yoxmu, bəlli deyil. Biz də bircə tonqal çatırıq. Ancaq ölənlərimizin adını tutur, xatirələrini yad edirik…

Bundan sonrakı illərdə, görünür, ayrıca bir tonqal qalayacağıq həyətimizdə – əmim oğlu Qurbanın adını anmaq, ruhunu, xatirəsini işıqlandırmaq üçün.
Bu ilki yaz bayramının sevincindən, ovqatından çox uzaqlaşmamışdıq, acı bir soraq yayıldı – Qurbanın ölüm sorağı. “Ölüm Sorağı” öz-özlüyündə çox qorxulu, sarsıdıcı, üzücü olur. Həm də çox doğma, işıqlı, mərhəm. Möcüzədir, böyük sirdir, sehrdir. Həm için-için ağlayasan, göynəyəsən, həm də irmaq-irmaq durulasan. Tanrı hikmətidir.

Sarsılırsan, üzülürsən, çünkü bir daha üz-üzə oturub göz-gözə baxışmayacaqsan. Gülüşü ilə, kədəri ilə doğmalaşmayacaqsan. Balalarını, nəvələrini oxşamalarını izləməyəcək, ağılarını, nəğmələrini dinləməyəcəksən… Ancaq həm də dərs götürürsən, arılanırsan, durulursan. Onunla bağlı heç bir adilik içində qalmır, duyğulu xatirələr dirilir, böyüyür içində. İşqlandırır xəyallarını. Kədərlə işıqlanan ürək güclü olur. Mənə belə bir yüksək, qutsal kədər yaşatdı Talıblı soyumun Qurban bəyi. (Yeri münasibətimin qutsallığındadır). Xəyallar dünyamızda yenidən qardaşlaşdıq, qoşalaşdıq…

Açıklama yok.

Məndən üç yaş böyük olsa da, uşaqlığımız biryerdə keçib. Qardaşı Nəbi ilə bir sinifdə oxuyurdum. Dərsdən sonra bizə dərs keçərdi, tarixdən, coğrafiyadan bildiklərini öyrədərdi. Ayda bir yol başqa uşaqlarla yarışdırardı. Mənalı idi uşaqlığımız – Mənalı Günlərimizdə Qurban vardı.

Lök dərəsindən axan çay, Talıblı köyümüzü Kəpənəkçidən ayıran yarğanın dibi ilə, axıb Bolus çayına qarışır. Yayın ilk çağlarında bu çayda xırda balıqlar çox olardı. Qurban bizi başına yığıb balıq tutmağa gedərdi. Qayıdanda anası bu balıqları yağda qovurub süfrəyə qoyardı. İştahla yeyərdik. Dostluğumuzdan, biryerdəliyimizdən çox məmnun idik…

Qurban səkkizinci sinfi bitirəndən sonra Azərbaycana  – Sumqayıt şəhərinə köçdü. “Texniki Peşə Məktəbi”ni bitirdi. Bir neçə il Bakıda başqa bir “Texniki Peşə Məktəbi”ndə dərs dedi. O, kənddən Sumqayıta gedəndə çox pis olmuşdum. Özümü yalqız sayırdım. Onun kənddə yoxluğuna alışa bilmirdim. Sonralar məktəbi bitirib Bakıya getdim. Yüksək Oxula girib təhsilimi davam elədim. Elə o çağlarda axtarıb Qurbanı tapdım. İş yerinin Yataqxanası vardı, orada qalırdı. Tapandan sonra tez-tez görüşürdük.

Qurban çox sonralar Rusiyanın Perm şəhərinə köçdü. Burada xırda alqı-satqı işi qurdu. Canlı görüşlərimiz isə ortadan qalxdı. Ancaq telefon bağlantıları ilə ünsiyyətimizi sürürdük. Yenidən qohum olduq, bacımın qızını oğluna aldı. Arada bir görüntülü zənglərlə, fərqli qonularda, saatlarla söhbətlərimiz olurdu. Sonuncu dəfə bayramdan bir gün öncə qonuşduq. Talıblı soyumuzla bağlı axtarışlarımı, danışıq qrupu yaratmağımı çox bəyəndi, sevindi, alqışladı. Son çağlar tanışlaşdığımız yeni əmioğlanlarımızla Boçalıda canlı görüşməyi dilədi. Ancaq amansız ölüm diləyini gözündə qoydu…

Ölümə üsyan eləmək olmur. Qaçılmazdır, həyatı yeniləyir. Ancaq Ölümün vaxtsız gəlişinə ürəkdən bir türk qarğışı yağdırmaq keçir içimdən. İçimin qardaşını əlimdən aldığı üçün…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

29 Günəş Ayı, 45-ci il. Atakənd.

(mart, 2023. Bakı).

Share: