Bir neçə gün idi Lənkəran Dövlət Dram Teatrı yenidən söz-söhbət hədəfinə çevrilmişdi. Doğrusu, bunu şayiə hesab edirdim. Çünki bu heç inandırıcı görünmürdü. Sənətkarı sənət məbədindən uzaqlaşdırmaq olarmı? Amma heç demə olurmuş! Bu gün mən sənətdən – səhnədən uzaqlaşdıırılanlardan biri olan aktyor Allahverən Babayevin emosional hayqırtısını oxudum və buna inanmağa məcbur oldum.
Çox acınacaqlı haldır! Aktyor 40 il sərhasər çalışdığı teatrda işindən azad edilib!
Niyə?
Çünki onun 65 yaşı tamam olub!
Buna görə aktyora fəxri ad, Fəxri fərman, mükafat və sair verilməli ikən işdən çıxarılma əmri verilib! Nə üçün? Elə çıxır ona görə ki, çox səhv edib 65 yaşa çatıb?!
Bu nə yanaşmadır, bu nə münasibətdir, nə məntiqdir?.. Yaradıcılıq məbədi sayılan Teatr hara, yaş senzi hara!
Aman Allah, biz hansı zamana gəlib çatdıq?!
Mən Allahverən Babayevi Lənkəran Teatrının 3-5 ən mahir və təvazökar aktyorundan biri kimi tanıyıram. Onun “Şəhid bayraq” tamaşasında yaratdığı hərbi Komissarlıq nümayəndəsi obrazına görə təşəkkürümü bildirəndə o təvazökarlıq xəcalətilə utanırdı, “borcumuzdur” deyirdi. Bu cür şəxsiyyətlər əlbəttə min bir vasitəyə əl atıb özünü gözə soxmağa, fəxri ad almağa və digər imtiyazlar əldə etməyə çalışmayacaq. İndi onun fəxri adı yoxdur deyə sənətdən kənarlaşdırılması hansı sənət etikasına uyğun gəlir?! Adi bir tamaşaçı kimi adam özünü də günahkar hesab edir. Çox təəssüf edirəm ki, onun kimi, Qızılgül Quliyeva kimi, Miraslan Ağayev kimi böyük istedad sahibi aktyorlara qarşı bu cür amansız, əslində səbatsız tədbir görülüb! 65 yaş nə böyük həddir ki, ona görə illərin sənətkarları səhnədən uzaqlaşdırılır!? Bu adamlar paytaxta getmədən, əyalət teatrında qalaraq Milli Teatrımıza xidmət göstəriblər, əyalətdə gənc nəslin estetik tərbiyyəsinin formalaşmasına mühüm töhvələr veriblər. İndi bu yaşda onları bundan sonra oynanılacaq guya hansısa tamaşaya görə (“za vıxod”) səhnəyə buraxmaq təbii ki, müvəqqəti bir jest və ya uşaq başı aldatmaqdır. Amma…Amma unudulur ki, bu gündən hamı üçün var. Ancaq təəssüf ki, teatrın həmkarlar komitəsi, ya ağsaqqalları (əgər varsa) buna etinasızlıq göstərib.
Adam 30-40 il bu teatra xidmət göstərib ki, bir gün ona bir təpik vurub təqaüdə qovalar!? Ayrılan təqaüd heç dilənçi payı da deyil! Amma məsələ təkcə miskin təqaüd məbləğində də deyil. Guya bu cür siyasətlə sənətdə gəncləşmə aparılır? )) İstedadlı gənc öz ləyaqətli yerini özünün sənət uğurları ilə onsuz da tutub, tutur və tutacaq! Məsələn Saleh Əzimzadə. Guya hansısa digər bir istedadlı gənc gəldi, onu işə götürməyə boş ştat olmadı? İstedadlı gənclərdən daha biri Amil İbrahimli idi! Ştatda yer ola-ola onu yardımçı aktyor ştatına da qaytarmadılar. Niyə? Çünki sabiq baş rejissorun lüzumsuz iddialarına, hikkəsinə və kaprizlərinə ram olmamışdı! Yazıq uşağın yazmadığı yer qalmamışdı. Amil bir uşaqla acından ölürdü…. O sıradan çıxdı və baş götürüb getdi.
Allahverən kimi, Qızılgül kimi, Miraslan kimi aktyorlar bir-iki ilə yetişirmi?! Zamanında bu sənətkarlara fəxri ad verdirə bilməyən Lənkəran Teatrı, buna görə vicdan məsuliyyəti daşımırmı? Cəmi bir əməkdar (Sucəddin Mirzəyev) və bir xalq artisti (Qabil Quliyev) olan 136 ilin teatrı üçün bu nailiyyət çox cılız göstərici deyilmi? Niyə adlarını çəkdiyim bu sənətkarlara, o cümlədən 50-ə yaxın obrazın yaradıcısı, 30 illik təcrübə ilə Aynur Əhmədovaya və Əbülfəz Axundova, 50 ilin mahir aktrisası Şahrud Mehdiyevaya fəxri ad verilmir? Aynur və Əbülfəzi də sabah eyni aqibət gözləyir. Çünki adlarını qeyd etdiyim aktyorların əmək müqaviləsinə məhz fəxri adları olmadığı üçün xitam verilib! Deməli, bu adamlar min bir vasitəyə, min bir yola əl atıb hökmən fəxri ad almalı idilər. “Almaq” ifadəsi heç yaxşı səslənmir. Çünki satılan şeyi alarlar. Bu fəxri adlar onlara məhz verilməli idi! Teatr rəhbərliyi və ya Mədəniyyət Nazirliyi onlara fəxri ad verilmədiyinin ciddi əsaslarını göstərə bilərmi? Bu adamlar əyalət teatrında fədakarlıqla sənətə xidmət ediblər. Bir ay ərzində bəzən 40 tamaşa oynayan Allahverən Babayevə qarşı bu qədər sayğısızlıq heç insaf-mürivvət kriteriyalarına da sığmır. İnanmayanlar teatrın saytına və ya sosial şəbəkə statuslarına girib baxa bilər. Əgər Lənkəran Teatrı fiziki cəhətdən tam sağlam, heç bir töhməti, mənfi şakəri olmayan bu sənətkarları əl üstündə saxlamaq, qorumaq, yüksək dəyər vermək əvəzinə küçəyə qovursa, gənc aktyorlar bundan hansı nəticəni çıxardacaq? Təbii ki, daha kimsə fədakarlıq göstərməyəcək! Əmək qanunvericiliyinə görə işçi 65 yaşdan sonra təqaüdə çıxarıla bilər. Amma kollektivdə ona ehtiyac varsa, onun heç bir cəzası, töhməti yoxdursa, üstəlik fəxri fərman və titulları varsa, hər dəfə bir ildən çox olmamaq şərtilə 70 yaşına kimi müqavilə uzadıla bilər. Oxuyun qanunun 10-1 maddəsini.
Adlarını qeyd etdiyim aktyorlar da məhz bu kriteriyaya tam uyğun gəlirlər. Bəs Mədəniyyət Nazirliyi hansı haqla Teatr direktorlarını müqavilələrə xitam verməyə körükləyir və kollektivlə üz-üzə qoyur?! Əgər yaş həddi mühüm sayılırsa, bəs daha gərgin və əqli zəka hesabına çalışmalı olan Milli Məclisin özünə niyə şamil edilmir. Əmək qanunvericiliyini onlar təsdiq ediblər. Guya ölkədə işsizlik insanları ahıl yaşına çatmadan, təqaüdə “qovmaq” və yerinə yenilərini götürülməklə aradan qaldırılacaqsa, bu nonsesdir! Elə çıxır ki, sabah yaşı 65-i keçmiş şair və yazıçılara da yazmaq yasaq edilə bilər. Yaradıcı aləmə təqaüd və yaş həddi iddiaları ilə failiyyət məhdudluğu qoyulması həm də absurddur! Bunu dəstəkləyən şəxslər yəqin ki, sabah evlərində öz valideynlərinə də 65 yaşı keçdiyi üçün yaşam və valideyn sayılmaq məhdudluğu qoyacaq. Bir daha qeyd edim ki, əyalətdə teatr failiyyəti göstərmək çox çətindir. Aktyorlar babat dolanmaq üçün min bir digər işlərlə məşğul olurlar. Səhnədə isə onlar yaşayırlar! Bəli, məhz yaşayırlar! Bəs səhnə həyatını onların əlindən almağın əsil adı nədir? Azərbaycan dilində o sözü axtarıram! Sənətdən xəbəri olmayan şəxslər bunu anlamazlar. Amma təəssüf ki, sənətin içində olanlar da anlamaq istəmir! Bəlkə də buna görədir ki, gənc aktyorlar indi daha çox toylarda, nişan və xınayaxtı mərasimlərində müğənni və aparıcı kimi öz hünərini göstərməyə daha böyük üstünlük verir. Allahverən Babayevin iddiasına görə digər 26 Dövlət Teatrının heç birində bu addım atılmayıb. Bəs onda…
Əgər Mədəniyyət nazirliyi Lənkəran Teatrını bədii özfəaliyyət səviyyəsinə endirib, sonra onu dəyərsiz bir struktur kimi ləğv etməyi planlaşdırıbsa, çox təəssüf! Hərçənd ki, buna inanmaq da olmur. Bəs onda… Xanımlar, cənablar, fəxri ad, ləyaqətli əmək haqqı və ya yüksək təqaüd vermirsiniz, heç olmasa imkan verin sənətkarlar öz sənət ömürlərini sənətdə ləyaqətlə və könül xoşluğu ilə yaşaya bilsinlər!
Hafiz MİRZƏ






















