“Şahdağ” Turizm Mərkəzində yay mövsümünə start verilir

Yay mövsümünün başlanması ilə əlaqədar iyunun 29-u “Şahdağ” Turizm Mərkəzinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov jurnalistlərə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

O, hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

R.Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını vurğulayıb. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif  yay əyləncələrindən istifadə ediblər.

Mediatur zamanı, həmçinin bildirilib ki, hazırda turizm mərkəzində qonaqlar kanat yolu, böyüklər və uşaqlar üçün kvadrosikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, ziplayn, seqvey, “shahdag coaster”, atla gəzinti, velosiped əyləncələrindən istifadə edə bilərlər. Bu il  həmçinin mərkəz ərazisində olan göl də istifadəyə verilib və bunun da sayəsində qonaqlar həm üzə, həm də su əyləncələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, 2022-ci ilin statistik  məlumatlarına əsasən “Şahdağ” Turizm Mərkəzinə  109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində isə 60 minə yaxın şəxs qonaqlayıb.


Share: