Səlim Babullaoğlu  ilə Peterburq kitab salonu və Brodski barədə söhbət

S. Babullaoğlu: “Bunu hər imkan düşdükcə onların nəzərinə çatdırmaq lazımdır”

 Azərbaycan Yazıçılar Birlyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu 17-19 may tarixlərində XVIII Beynəlxalq Sankt-Peterburq Kitab Salonunda iştirak edib. Kitab salonu Sankt-Peterburq Hökuməti, Rusiya Kitab Şurası, Ermitaj Dövlət Muzeyinin dəstəyi ilə növbəti dəfə Saray Meydanında təşkil olunub. XVIII Beynəlxalq Kitab Salonu Peterburqun 2023-cü ildə MDB ölkələri mədəniyyət paytaxtı elan olunması və şəhərin 320 illik yubileyinə həsr olunub. Səlim Babullaoğludan səfər təəssüratlarını və tədbir barədə fikirlərini bölüşməsini xahiş etdik.

Açıklama yok.

-Bu tədbirə əslində AYB-nin I katibi Çingiz Abdullayev getməli idi. Amma səhv etmirəmsə Vyanaya səfəri vardı deyə mən getməli oldum. Beynəlxalq kitab salonu adından da bəlli olduğu kimi 18-ci dəfə keçirilirdi. Bu il Sankt-Peterbruqun 320 illiyidir və həm də şəhərin yubileyinə həsr olunmuşdu tədbir. Şəhərin düz mərkəzində, “Dvorsovıy Ploşad” da açıq havada qurulan səhnə və çadırlarda təşkil olunmuşdu salon. Mən açılış mərasimində və “MDB ölkələri-ortaq tarix-ortaq mədəniyyət-gələcəyə baxış” mövzulu “dəyirmi masa”da iştirak etdim. Çıxış etdim, xeyli fikir mübadiləsi etdik. “Dəyirmi masa”ya Rusiya Yazıçılar İttifaqı Peterburq şöbəsinin rəhbəri, şair Boris Orlov moderatorluq edirdi. Çoxmillətli Yazıçılar Birliyinin sədri Viktor Kokosov, RF Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoaktyor Yuri Kanoplyannikov, yazıçı Sergey Rats, Tacikisttan Yazıçılar Birlyinin sədr müavini Rövşön Mövsümov, eləcə də başqa yazıçı, şair və tərcüməçilər iştirak edirdilər.

-Çıxışınızda nədən danışdınız?

– Azərbaycan-Rusiya ədəbi əlaqələrindən, son illərdə ədəbiyyatların qarşılıqlı tərcüməsi və mübadiləsindən, Azərbaycanın rusdilli ədəbiyyatından, rus dilinin Azərbaycandakı vəziyyətindən. Və bir xüsusi məsələdən. Mən rus mətbuatı və mediasının qərəzli çıxış və reportajları, xüsusən Azərbaycan əleyhinə tutduğu mövqeni qabartdım. Və həm opponentləri, həm auditoriyanın başa salmağa çalışdım ki, bu mövqe ilk növbədə rus xalqına münasibətdə yalnışdır, rus xalqını zəhərləyir, həmçinin mədəniyyət və ədəbiyyat adamlarının uzun illər ərzində qurduqları xoş münasibətiləri asanlıqla heçə endirir. Dedim ki, rus ziyalılarının bu məsələdə əgər səmimidirlərsə öz sözlərini söyləməli, öz mövqelərini ortaya qoymalıdırlar.

Açıklama yok.

-Sizcə təsiri olacaqmı?
– Bunu hər imkan düşdükcə onların nəzərinə çatdırmaq lazımdır.

-Əhval-ruhiyyə necədir Rusiyada, Peterburqda?  Təəssüratlarınız…

-Ordan başlayım ki, mən Rusiyanın Moskva başda olmaqla bir çox şəhərlərində olmuşam. İlk hissim budur ki, Peterburq fərqli şəhərdir və xüsusən Moskva ilə müqayisədə adamları daha mədəni, hətta xeyli mədənidirlər. Şəhərin özü də. Arxitektura göz oxşayır. Hətta insan psixikasına sakitləşdirici təsir edir. Amma müharibə səbəbiylə əlbəttə ki, sönüklük və ruh düşkünlüyünü hiss elədim. Xeyli insan bu müharibə ilə razılaşmır.

-Sosial şəbəkədən izlədik. Deyəsən İosif Brodskinin evini ziyarət etmisiz..?

-Bəli, doğrudur. Mən Brodskininin şeir və esselərini dilimizə hələ 20 il əvvəl, hətta bir az da artıq olar, tərcümə eləmişəm. Şeirlərini, texnikasını çox sevdiyim, yüksək dəyərləndirdiyim şairlərdən biridir. Təbii ki, Peterburqa gedib də onun evini, ev-muzeyini ziyarət etməyə bilməzdim. Bəlkə də kitab salonuna getməyimin əsas səbəbi də eblə bir imkanımın olmasına görə idi. Əslində Peterburqa səfərim çox qısa idi, cəmi bir günlük də demək olar. Onun isə 8 saatı tədbirə həsr olundu, axşamüstü 5-dən 8.30-a qədər isə muzeydə oldum. Yaxşı ki, muzey 9-a qədər işləyirdi. Böyük estetik həzz aldım.

Açıklama yok.
Belə səfərlərin ən yaxşı tərəfi isə həm də kitab almaq imkanıdır. Xeyli kitablar aldım. Həm kitab salonundan, həm muzey kompleksinə daxil olan kitab dükanından.
Sizinlə bir təəssüratımı da bölüşüm. Brodski deyir ki, mənim kompozisiya hissimi Peterburqun memarlığı formalaşdırıb. Mən buna əmin oldum. Neva çayı boyunca Brodskinin uzun misralarına bənzəyən, ruh oxşayan, bəlkə bir qədər iqlimin evlərin üzərinə atdığı soyuq çalarla, monoton ovqatlı bina sırasını, küçələri görəndə buna əmin oldum. Bəlkə nə vaxtsa bu barədə yazdım. Hərçənd təəssüf edirəm ki, səfərim cəmi bir günlük idi.

Açıklama yok.

-Uğur olsun, hələ çox belə səfərlər olacaq yəqin.

-Sağlıq olsun, inşAllah.
Söhbətləşdi: Faiq Balabəyli

 

Share: