Şəkidə dağətəyi hissədə yanğın başlayıb

Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 13:00 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın üç hektar ərazini əhatə edir. Ərazidə kol-kos, xəzəl və xırda ağaclar yanır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Daha bir yanğın hadisəsi saat 15:00 radələrində rayonun Oxut kəndində sakinlərə məxsus əkin sahələrində qeydə alınıb. Burada yanğının bir hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

 

Share: