Rusiyalı ekspert: “Azərbaycan qalib dövlətlərin yeni liqasına qoşuldu”

“Azərbaycanda xalqın 25 ildən çox arzuladığı – Qarabağ müharibəsində qələbəni reallaşdıran güclü və müasir ordu formalaşdırılıb”.

Bunu “Report” Rusiya bürosuna açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

“Azərbaycan xalqını iki il əvvəl əldə etdiyi parlaq zəfər münasibətilə təbrik edirəm. Bu zəfər naminə Azərbaycan xalqı çox şeylər edib. Qarabağ müharibəsində qalib gəlməklə Azərbaycan yeni dövlətlər liqasına – Qaliblər Liqasına qoşuldu. Şübhəsiz ki, bu qalib ruhu gələcəyin çox fərqli layihələrində özünü göstərəcək, Azərbaycana müasir yüksək texnologiyalı iqtisadiyyat qurmağa, cəmiyyəti konsolidasiya etməyə kömək edəcək. Cəmiyyətin daxilindəki belə münasibətlər mümkün münaqişələrin və təxribatların qarşısını alacaq, milyardlarla investisiya cəlb etməyə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına şərait yaradacaq”, – o deyib.

Ekspert İkinci Qarabağ müharibəsində qələbədə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rola malik olduğunu vurğulayıb.

“Azərbaycan xalqının əsl qəhrəmanına çevrilmiş, adını ölkə tarixinə qızıl hərflərlə yazdırmış Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasında şəxsən böyük rola malikdir. İlham Əliyev bu qələbənin qazanılması üçün bir sıra mühüm vəzifələri reallaşdıra bilib. O, xalqın siyasi iradəsini Qarabağın azad edilməsində cəmləşdirə bilib, qüdrətli qalib ordu yaradıb, qüdrətli orduya sahib olmaq üçün düzgün iqtisadi siyasət yürüdüb, sürətli iqtisadi inkişafı təmin edib”, – deyə S.Markov bildirib.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində dünyada ölkə haqqında müsbət imic, müsbət ictimai rəy formalaşıb. O, Azərbaycanın müttəfiqi olan Türkiyənin xüsusi rola malik olduğunu əlavə edib.

“Azərbaycan xalqına sülh və tərəqqi, Cənubi Qafqaz regionunda müxtəlif ölkələrin bir-biri ilə qarşılıqlı əlaqədə olacağı qüdrətli inkişaf mərkəzinin yaradılmasını və Azərbaycanın bu inkişafın lideri olmasını arzu edirik”, – politoloq fikrini tamamlayıb.

Share: