Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 14 may 2023-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

DİM-dən “Qazfqazinfo”ya verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1302 namizəddən 14 nəfəri imtahana gəlməyib.

371 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 170 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 14-də keçirilən imtahanda 98 nəfər bu ilin,103 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 201 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 390 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 17 may saat 10:00-dan 18 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyulun 16-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 20 iyun – 4 iyul 2023-cü il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 13-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.


Share: