Rafiq Əziz Xocalıdan olan uşaqların Türkiyəyə aparılmasından danışır: “O vaxt bizi Baş nazir qarşıladı”

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün qanlı Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Soyqırımı törədildikdən sonra faciə qurbanlarının övladlarının böyüdülüb, boya-başa çatdırılmasında birbaşa rolu olan şəxslərdən biri azərbaycanlı rəssam Rafiq Əzizdir. O, 31 il öncə mərhələli şəkildə yurd-yuvasından didərgin düşmüş şəhid övladlarının Türkiyəyə aparılmasında birbaşa olaraq iştirak edib. Əvvəlcə 31 nəfər uşaq Rafiq Əzizin iştirakçılığı ilə Türkiyədə bir aya yaxın müddətdə sosial-psixoloji reabilitasiya görüb və Azərbaycana geri qaytarılıb. Daha sonra Türkiyənin məşhur siyasətçilərindən olmuş Bədrəddin Dalanın təklifi ilə daha 10 qarabağlı uşaq Türkiyəyə aparılıb və orada B.Dalan tərəfindən himayə olunub.

Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin mövzu ilə bağlı “Report”a müsahibəsini təqdim edirik:

– Rafiq müəllim, 1992-ci ildə Xocalı faciəsi baş verən zaman Siz harada fəaliyyət göstərirdiniz?

– O zamanlar Azərbaycanda Təhsil Nazirliyinin rəsm müəllimlərinə nəzarət edən bir şöbəsində işləyirdim, həm də müəllimlik edirdim. Nazirlikdə işlədiyim dönəmdə Azərbaycanın demək olar ki, bütün rayonları gəzmişdim və rayonlardakı məktəblərdən xəbərim var idi. Ona görə də hansı məktəbdə rəsm müəlliminin olub-olmadığını bilirdim. Həmçinin məktəblərdə rəsm bacarığı olan istedadlı uşaqları da tanıyırdım. Xocalı faciəsi baş verdikdə isə artıq mən bir neçə il idi ki, həmin uşaqlara çalışırdım. Xocalı soyqırımı olmazdan əvvəl bilirsiniz ki, hələ birinci Qarabağ müharibəsi məsələləri var idi. Uşaqlar mənə “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda rəsmlər çəkib yollayırdı. O rəsmlər bu gün də məndə qalır. İstanbulda isə dəfələrlə həmin rəsmlərin olduğu sərgi keçirilib.

– Azərbaycanlı uşaqların Türkiyəyə aparılıb yardım göstərilməsində birbaşa olaraq iştirak etmisiniz. Necə oldu ki, həmin uşaqların Türkiyəyə aparılmasına qərar verildi?

– Mən o zamanlar həm də “İstedad” assosiasiyasında çalışırdım. Onda xəbər gəldi ki, Bakı təcili yardımına Xocalıdan uşaqlar gətirilib, gedib o uşaqlarla məşğul olun. Onda həm assosiasiyanın məsul katibi olduğuma görə, həm də illərlə uşaqlarla işlədiyim üçün məni psixoloqlarla bərabər oraya göndərdilər. Oradakı uşaqların vəziyyətini görüb çox pis oldum. Düşündüm ki, bu uşaqlar, onların gələcəyi və Azərbaycan üçün mən də nəsə etməliyəm. Beləliklə, “Qarabağ müharibəsi uşaqların gözü ilə” adlı çəkilən rəsmləri bir araya toplayıb, çərçivələdim. Baş verənləri dünyaya çatdırmaq üçün təxminən 100 rəsm götürüb öz hesabıma xarici ölkəyə getməyi qərara aldım. Tale elə gətirdi ki, İstanbula gəldim və mənə köməklik edəcək çox xeyirxah insanlarla qarşılaşdım. Mənə dedilər ki, Ərdoğan adlı bir esnaf var, onu tap, sənə bu işlərlə bağlı kömək edəcək. Gəlib onu tapdım. Həmin şəxs dedi ki, bu işlərlə mən yox, həyat yoldaşım məşğul olur. Onda Ərdoğan bəy həyat yoldaşı Şulən xanıma zəng edib dedi ki, Azərbaycandan əlində Qarabağa aid rəsmlər olan bir nəfər gəlib səninlə görüşmək istəyir. Mən həmin sözügedən Şulən xanımla görüşdüm və rəsmləri göstərib nə üçün gəldiyimi danışdım. Sabahı gün mənimlə bir toplantı keçirlidi. Onda mən izah etdim ki, ermənilər Xocalı şəhərinə hücum edib, insanları amansız şəkildə qətlə yetirib. Sağ olan uşaqlar isə xəstəxanalardadır. Bu gətirdiklərim də onların əl işidir. Beləliklə, ilk olaraq “Taksim Sənət Qalereyası”nda uşaqların əl işləri nümayiş olundu və bu sərgi Türkiyədə olduqca böyük marağa səbəb oldu, mətbuat orqanları bu sərgidən yazdı, davamlı müsahibələr təşkil edildi. Daha sonra məndən soruşuldu ki, biz o uşaqlar üçün başqa nə edə bilərik. Mən də dedim ki, istəyim indiki yardıma ehtiyyacı olan uşaqlara kömək edilməsidir. Onda Şulən xanımın fəaliyyət göstərdiyi “Leons” cəmiyyəti və Kanal 6 televiziyasına rəhbərlik edən Turqut Özalın oğlu Əhməd Özal mənə təklif etdilər ki, sərgi burada açıq qalsın, sən isə get Azərbaycandan 30 nəfər psixoloji yardıma ehtiyyacı olan uşağı Türkiyəyə gətir, biz onların hamısına köməklik göstərəcəyik. Beləcə mən Azərbaycana geri döndüm.

– 30 azərbaycanlı uşağı Türkiyəyə necə gətirdiniz?

– O vaxt mənə Xocalı İcra Hakimiyyətinin başçısı Elman müəllim köməklik göstərdi. O, şəxsən özü 30 uşağın toplanılmasında iştirak etdi. Həmin uşaqların içərisində Xocalıdan, Şuşadan və digər yerlərdən olan uşaqlar var idi. Mən uşaqları da götürüb Türkiyəyə gəldim. Bizi İstanbulda Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl, İstanbul valisi Hayri Kazakçıoğlu qarşıladı. Aparılan 30 uşaq bir ay müddətində Türkiyədə sosial-psixoloji reablitasiyaya cəlb olundu. Bizi o vaxt gətirib dənizin kənarında yerləşən gözəl bir məktəbin yataqxanasına yerləşdirdilər. Qaldığımız bir ay müddətində uşaqlara psixoloji yardımlar göstərildi və həmin uşaqlar elə gözəl şəraitdə qaldı ki, onlar Azarbaycana çox yaxşı əhval-ruhiyyə ilə qayıtdılar.

– “İstək” Vəqfinin rəhbəri, xocalılı uşaqları himayə edən Bədrəddin Dalanla tanışlığınız necə oldu?

– Biz bir ay ərzində Türkiyədə olanda, uşaqlarla bağlı məsələlər demək olar ki, hər gün qazetlərdə çap olunurdu. Türkiyədə olduğum müddətdə bir adam gəld ki, səni Bədrədddin Dalan deyə biri çağırır. O vaxt deyiləndə ki, Bədrədddin Dalan kimdir, mən heç onun kim olduğunu bilmirdim. Gedib Bədrədin Dalanla görüşdüm. O qəzetlərdən xəbərləri oxuduğunu və mənim kim olduğumu bildiyini söylədi, təklif etdi ki, Azərbaycandan olan, Qarabağ müharibəsi zamanı valideynlərini itirmiş, öz yurd-yuvasından didərgin düşmüş on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istəyir. Himayə edib, böyüdüb, boya-başa çatdırmaq üçün məndən 10 azyaşlı uşağı Türkiyəyə gətirməyimi söylədi. Mən də düşünüb, bu xeyirxah əmələ vasitəçi olmağa qərar verdim. Bədrəddin Dalanla görüşdükdən sonra 30 uşaqla birgə Azərbaycana geri qayıtdıq.

– Uşaqlar Azərbaycandan Türkiyəyə hansı formada aparıldı?

– O vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və Qarabağdan olan bu uşaqların Türkiyəyə gətirilməsində mənə dəstək oldu. 5-6 gün ərzində artıq uşaqlar seçildi. Bu uşaqlardan təxminən 4-5 nəfəri xocalılı, digərləri isə Şuşa, Laçın və Kəlbəcərdən idi.

– Türkiyəyə aparılan bütün uşaqlar valideynlərini itirmişdi ya valideynlərindən sağ olan var idi?

– Xeyr, əksəriyyət atasını itirmişdi. Anaları sağ idi. Aparılan uşaqlardan ikisi bacı-qardaş idi. Biz o zaman qərara gəlmişdik ki, tək oğlanı aparaq. Amma onda anası bizə yaxınlaşıb qızının da aparılmasını istədi. Qadın bizə danışdı ki, ermənilər həyat yoldaşımın başını kəsdi, amma bizi sağ saxladı və dedi ki, biz sizi ona görə öldürmürük ki, siz ölənə qədər bu əzabla yaşayasınız. Yəni o uşaqlar belə bir faciə görmüş ailənin övladlarıdır. Nəhayət 1992-ci ilin 15 sentyabrında 10 uşağı götürüb Türkiyəyə gəldik.

– Sizi Türkiyədə kim qarşıladı?

– Uşaqları və məni Bədrəddin Dalanın adamları qarşıladı. 1992-ci ildə azərbaycanlı şəhid övladlar “İstək” vəqfinə təhvil verildi. Mən Azərbaycana geri qayıtmaq istəyəndə Bədrəddin Dalan buna icazə vermədi. Təklif etdi ki, Azərbaycana qayıdıb işimdən ayrılım, Türkiyəyə qayıdım və uşaqlara nəzarət edim, onları tək buraxmayım.

– Bəs Siz nə vaxt Türkiyəyə köçdünüz?

– Uşaqları Türkiyəyə gətirdikdən sonra onlara cavabdeh şəxs olaraq Azərbaycanda iş yerimdən istefa verib mən də İstanbula köçməli oldum və Bədrəddin Dalanla çalışmağa başladım. O, peşəkar rəssam olduğumu bilib, məni özünə mədəniyyət və incəsənət üzrə müşavir təyin etdi. Bu, indiyə qədər də davam edir. Mən 1992-ci ildə Türkiyəyə köçdüm. Ailəm isə üç il sonra yanıma gəldi.

– Uşaqların sonrakı taleyi necə oldu?

– Onlar çox gözəl şəraitdə oxudulub böyüdüldü. Universitetə qəbul oldular. Hətta aralarında doktorantura təhsili belə alanlar oldu.

– İndi həmin uşaqlarla əlaqələriniz varmı?

– Bəziləri ilə var, bir neçəsi Türkiyədə yaşasa da, Azərbaycana qayıdanlar da oldu. Hətta işi ilə əlaqədar Rusiyada olanlar da var. Ən önəmlisi odur ki, onlar böyüyüb, təhsil aldılar, iş-güc sahibi oldular, ailə qurdular və həyatlarına davam edirlər.

Share: