MƏN NECƏ UNUDUM XOCALI DƏRDİN…- Əzizə Ağahüseynqızı

***

Yatıram…yuxuma girir girovlar,
Dururam…canımda şaxta,qırovlar,
Cismimi hər gecə ağrılar ovlar,
Mən necə unudum Xocalı dərdin?

Carəsiz düyünlü dərddi ərimir,
Yığvalı açılmır,suru yerimir,
Ruhumda bir sarı simdi kirimir,
Mən necə unudum Xocalı dərdin?

Alnına yazılan qovğadı,qaldı,
Bu odlar yurdunun başına gəldi,
Könlümü taladı,qəlbimi dəldi,
Mən necə unudum Xocalı dərdin?

Ömrün uralanan payız köçündə,
Xerasim ölçüdə,Xatun biçimdə,
Yanıqlı qaboydu sızlar içimdə,
Mən necə unudum Xocalı dərdin?

Sinəsi dağlanan AZƏRBAYCANDI,
Sorğusuz,sualsız tökülən qandı,
Şəhər bir gecədə alışdı,yandı,
Mən necə unudum Xocalı dərdin?

Unuda bilmirəm o qış gecəsin,
İnsanlar, qırğını,davanı kəsin!
Mən necə unudum,unudum ,axı!
Naləyə bələnən Kətik meşəsin?

Yatıram…yuxuma girir girovlar,
Dururam… canımda şaxta,qırovlar,
Cismimi hər gecə ağrılar ovlar,
Mən necə unudum Xocalı dərdin?

24.02.2023

Əzizə Ağahüseynqızı

Share: