Səfər dəftərçəsi… – Aysel Fikrət yazır

Səfər dəftərçəsi… – Aysel Fikrət yazır

İnsanların çox qəribə vərdişləri var. Uzaq səfərə çıxanda bəziləri özləri ilə kiçik bir dəftərçə götürürlər.

 

Yol boyu gördüklərini, eşitdiklərini, rastlaşdıqları maraqlı insanları, yadda qalacaq hadisələri həmin dəftərçəyə köçürürlər. Elə bil qorxurlar ki, yaddaş nə vaxtsa onları aldadar, səfərin ən gözəl anları zamanın içində itib gedər.
Mən bunu bu dəfə Özbəkistan səfərində daha dərindən hiss etdim. Biz Taşkənd, Səmərqənd və Buxara şəhərlərində olduq. Yanımda şair və yazıçı dostlarım vardı. Hər biri bir ayrı aləm idi. Biri pəncərədən uzaqlara baxıb fikrə dalırdı, biri dəftərçəsini açıb nəsə qeyd edirdi, biri yol boyu dayanmadan yazırdı, biri isə sakitcə yuxuya gedirdi. Mən isə onlara baxırdım və düşünürdüm ki, hər insan özü ilə bir kitab gəzdirir. Kimi onu dəftərə yazır, kimi üzündə daşıyır, kimi susqunluğunda gizlədir, kimi də yuxusunun dərinliyində qoruyur.
Bizim Özbəkistana səfərimizin əsas səbəbi dahi özbək şairi Əlişir Nəvainin 585 illiyi və Özbəkistanın Xalq şairi, Xalq qəhrəmanı Abdulla Oripovun 85 illiyi münasibətilə təşkil olunan ədəbiyyat festivalında iştirak etmək idi.

Amma bu səfər yalnız rəsmi tədbirlərdən, çıxışlardan, görüşlərdən ibarət olmadı. Bu səfər mənim üçün həm də tarixlə, yaddaşla, ortaq türk ruhu ilə, insanlarla və öz iç dünyamla görüş oldu.
Əvvəlcə Taşkənd şəhərinə gəldik. Yol yorğunluğu hələ üstümüzdən çəkilməmişdi; bir az nəfəs aldıq və sonra səfərin ilk ciddi dayanacağına — İslam Sivilizasiyası Mərkəzinə yollandıq. Azərbaycan nümayəndə heyətinin də daxil olduğu festival iştirakçıları burada qonaq oldular.
Muzey çox maraqlı və zəngin idi. Bizə bildirdilər ki, bu mərkəz öz miqyası və təqdimat forması ilə Guinness rekordları səviyyəsində diqqət çəkən məkanlardan biridir. Əlbəttə, belə bir muzeyi üç saat ərzində tam gəzmək, bütün ekspozisiyaları dərindən anlamaq mümkün deyildi. Amma türk dili üzrə danışan bələdçimiz bizə çox böyük köməklik etdi. Gülərüz, diqqətli və anlayışlı bir gənc idi. Onun sayəsində biz muzeyə daxil olduğumuz ilk andan qədim dövrlərdən başlayaraq bugünkü Özbəkistana qədər uzanan böyük bir tarixi yolçuluğa çıxdıq.
Bu yolçuluqda yalnız Özbəkistanın deyil, bütövlükdə türk dünyasının izləri görünürdü. Ortaq tariximiz, ortaq mədəni yaddaşımız, İslam sivilizasiyasına verdiyimiz töhfələr müxtəlif eksponatlar, interaktiv təqdimatlar və müasir texnologiyalar vasitəsilə gözümüzün önündə canlanırdı. Tarix burada yalnız bu divarlardan asılmış yazılar deyildi o, səsə, işığa, görüntüyə, hərəkətə çevrilmişdi.
Mənə elə gəlir ki, Özbəkistana gedən hər bir insan Taşkənddə bu muzeyi mütləq ziyarət etməlidir. Çünki bu məkan sadəcə bir muzey deyil, yaddaşla görüş yeridir. Burada insan keçmişi yalnız oxumur, onu hiss edir. Özünü böyük bir sivilizasiyanın içində, əsrlərin arasından keçən bir yolun üzərində görür.

Bu səfərin ən maraqlı tərəflərindən biri isə muzeydə baş verən kiçik, amma yadda qalan müzakirələr idi. Bizimlə birlikdə müxtəlif türk xalqlarından nümayəndələr də vardı: özbəklər, qazaxlar, qırğızlar, türklər, azərbaycanlılar və digər iştirakçılar. Türkiyədən gəlmiş jurnalist, şair və aparıcı Hamiyə Dimoğlu Çınar bələdçinin izahlarını diqqətlə dinləyir, bəzən isə onu saxlayaraq müəyyən tarixi məqamlarla bağlı öz fikirlərini bildirirdi. O, xüsusilə ortaq türk tarixi ilə bağlı məsələlərə həssas yanaşırdı. Düşünürdü ki, muzeyə gələn hər bir qonağa verilən məlumatlar mümkün qədər dəqiq, düzgün və tarixi həqiqətə uyğun olmalıdır.
Bu müzakirələr bəzən kiçik debatlara çevrilirdi. Hamiyə xanım bələdçini saxlayır, fikrini izah edir, türk tarixi ilə bağlı bildiklərini bölüşür, bəzi məqamların daha doğru təqdim olunmasını istəyirdi. Digər iştirakçılar da maraqla bu söhbətlərə qoşulurdular. Əslində, bu, səfərin ən canlı anlarından biri idi. Çünki burada tarix kitab səhifəsindən çıxıb insanların dilində, yaddaşında və hissində davam edirdi.
Bələdçimiz üçün vəziyyət bəlkə də asan deyildi. Çünki qarşısında sadəcə adi turist qrupu yox, türk dünyasının müxtəlif ölkələrindən gəlmiş, tarixə və mədəniyyətə həssas yanaşan insanlar vardı. Xüsusilə Azərbaycan və Türkiyə nümayəndələrinin bəzi məsələlərə diqqətlə yanaşması onu daha ehtiyatlı danışmağa vadar edirdi. Amma bələdçi çox təmkinli, gülərüz və anlayışlı idi. O, deyilən fikirləri diqqətlə dinləyir, çox vaxt da gülümsəyərək belə cavab verirdi: “Mənim təlimatlarım belədir, amma siz haqlısınız, siz düz deyirsiniz.”
Bu cavabın özündə də bir səmimiyyət vardı. Hiss olunurdu ki, o, sadəcə əzbərlədiyi məlumatı danışan bir bələdçi deyil, qonaqların münasibətini anlayan, onlara hörmətlə yanaşan bir insandır. Bəlkə də həmin gün muzeyin eksponatları qədər bu kiçik mübahisələr, bu fikir alış-verişləri də yadda qaldı. Çünki ortaq tarix yalnız divarlarda, vitrində, yazılı mənbələrdə yaşamır. Ortaq tarix bəzən belə söhbətlərdə, ani etirazlarda, bir cümlənin düz deyilməsi üçün göstərilən həssaslıqda yaşayır.
Festival boyunca bizə kömək edən, qonaqlara bələdçilik edən Rahmat Boboion da bu səfərin yadda qalan insanlarından biri oldu. O, təşkilati məsələlərdə hər kəsə diqqətlə yanaşır, qonaqların rahatlığı üçün çalışırdı. Belə səfərlərdə bəzən səhnədə görünənlər qədər, arxa planda zəhmət çəkən insanların da rolu böyük olur. Rahmat Boboion da bu mənada festivalın səmimi və qayğıkeş simalarından biri kimi yaddaşımda qaldı. Halbuki Rəhmət də orada olan hər kəs kimi festival iştirakçısı idi. Gözəl şeirlər müəllifidir.
Taşkənddəki ilk günümüz yalnız İslam Sivilizasiyası Mərkəzi ilə yekunlaşmadı. Daha sonra nümayəndə heyəti Yeni Özbəkistan Parkında, İstiqlaliyyət meydanında oldu, Əmir Teymurun heykəli önündə xatirə şəkilləri çəkdirdi. Təəssüf ki, mən bu hissəni qaçırmalı oldum. Özümü bir qədər yaxşı hiss etmədiyim üçün taksi ilə otelə qayıtdım və dostlarımı orada gözlədim. Axşam isə artıq növbəti günlərin görüşləri barədə düşünürdük. Qarşıda bizi daha mənalı, daha duyğulu ünvanlar gözləyirdi.
Səhər tezdən Abdulla Oripovun ev-muzeyinə yollandıq. Bu ev ilk baxışdan sadə, doğma, insanın içini isidən bir kənd evi təsiri bağışlayırdı. Amma qapısından içəri daxil olan kimi anlayırdın ki, bu, sadəcə ev deyil, böyük bir şairin ömrünün, nəfəsinin, xatirələrinin yaşadığı müqəddəs bir məkandır. Evin hər guşəsində Abdulla Oripovun izi vardı: əşyalarında, kitablarında, yazı masasının səssizliyində, divarlara hopmuş xatirələrdə.
Bu evdə onun ailəsi də yaşayır. Bu mənə çox təsir etdi. Çünki belə evlərdə xatirə yalnız qorunmur, həm də yaşadılır. Hər otaq, hər əşya, hər baxış insana deyir ki, şair dünyadan köçsə də, onun ruhu bu evdən getməyib.
Festival boyunca bizim yanımızda olan Abdulla Oripovun qızı Şairə xanım isə mənim yaddaşımda ayrıca bir obraz kimi qaldı. Onun məğrur siması, atası ilə bağlı hər məqamda hiss olunan dərin sevgisi, özünü aparma tərzi mənə çox doğma gəldi. Bəlkə də ona görə ki, mən də bu hissləri yaşamışam. Mən də şair atanın xatirəsini ömrü boyu içində daşıyan bir övlad olmuşam. Atamın düşüncələri, arzuları, şeirləri, istəkləri, bütün həyatı necə mənim ruhuma, varlığıma hopubsa, Şairə xanımda da eyni duyğunu gördüm. Onunla ünsiyyətimiz çox olmasa da, sanki içimdə onunla bir doğmalıq yarandı. Çünki bəzi insanlar çox danışmadan da insana yaxın olur. Onları sözlə yox, taleyin oxşarlığı ilə anlayırsan.
Abdulla Oripovun ev-muzeyinin həyətində mənim üçün ayrıca yadda qalan bir görüş də oldu. Orada Nəsibə xanımla (Nasibaxonim) tanış oldum. O, ebru sənəti ilə məşğul olurdu. Su üzərində rənglərlə şəkil yaratmaq, boyaların suyun üzərində necə açıldığını, necə bir-birinə qarışmadan yeni bir forma aldığını görmək mənim üçün çox maraqlı idi.
Həmin gün Nəsibə xanımın köməyi ilə mən də su üzərində şəkil çəkməyə başladım. Əvvəlcə bu sənət mənə sadəcə maraqlı göründü, amma fırçanı əlimə alıb rənglərin suyun üzərində necə canlandığını gördükcə anladım ki, ebru sənətinə qarşı içimdə xüsusi bir maraq yaranır. Onun yönləndirməsi ilə güllər və müxtəlif naxışlar çəkdim. Əlbəttə, Nəsibə xanım mənə kömək edirdi, amma o şəkilləri öz əlimlə yaratdığım üçün onların hər biri mənə çox doğma gəldi.
O, mənə dedi ki, bu işə qabiliyyətim var. Bu söz məni həm sevindirdi, həm də ruhlandırdı. Çünki insan bəzən özü də bilmədən hansısa yeni bir sənətə, yeni bir duyğuya yaxınlaşır. Ebru da mənim üçün həmin gün belə bir kəşf oldu. Ən maraqlısı çəkdiyim naxışlarla mənim xarakterimi açan kəlmələr deməyi oldu. Mənə hamının qaçıb gizləndiyi mövzuda ən çətin işlərin öhdəsindən gələcək olduğumu deyincə güldüm. Ruhun məhsulu olan naxışlar belə insanın daxili dünyasından xəbər verir.demək belə olurmuş.
Hazırladığım ebru işini Nəsibə xanım mənə təqdim etdi. Mən isə onu böyük həssaslıqla özümlə Azərbaycana gətirdim. Sonra ramkaya saldırıb otağımda asdım. İndi hər dəfə ona baxanda Abdulla Oripovun ev-muzeyinin həyəti, həmin günün ab-havası, Nəsibə xanımın səmimiyyəti və su üzərində rənglərin yaratdığı sehrli anlar yadıma düşəcək.
Mənə elə gəlir ki, bu səfərdən gətirdiyim ən əziz xatirələrdən biri məhz həmin ebru oldu. Orada aldığım mükafatlar, təltiflər, diplomlardan qat-qat çox dəyərlidir. Amma su üzərində öz əlimlə yaratdığım o rəngli xatirə mənim üçün tamam başqa məna daşıyır. Çünki o, sadəcə bir şəkil deyil; səfərin ruhundan, bir anın gözəlliyindən, yeni tanışlığın səmimiyyətindən və insanın öz içində kəşf etdiyi gizli bir maraqdan doğan yadigardır.
Ev-muzeyində keçirilən tədbir çox möhtəşəm və duyğulu keçdi. Əvvəlcə rəsmi çıxışlar oldu. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan gələn nümayəndələr bu ədəbi məclisdə bir araya gəlmişdilər. Azərbaycan nümayəndə heyəti də öz layiqli yerini tutmuşdu. İlqar Türkoğlu başda olmaqla, ölkəmizi təmsil edən şair və yazıçılar bu görüşə xüsusi rəng qatırdılar. Ayrı-ayrı türk kökənli xalqların təmsilçiləri bir-birinə hədiyyələr təqdim edir, çıxışlar edirdilər. Musiqi nömrələri səsləndirilirdi. Nümayəndə heyətində mərhum şair Cavad Cavadovun qızı Jalə Cəfərova xanım, Adilə Nəzər, Birinci Qarabağ müharibəsi komandiri, qazisi, gözəl ruhlu Aida Şirinova və çağdaş Azərbaycan ədəbiyyatının bir çox dəyərli imzaları yer almışdı.
Aida Şirinova bu səfərdə yaddaşımda xüsusi qalan simalardan biri oldu. Birinci Qarabağ müharibəsinin iştirakçısı, vətənpərvər ruhlu şair kimi onun səsləndirdiyi şeirlər tədbirlərə ayrıca bir ovqat qatırdı. Onun sözündə yalnız poetik duyum yox, həm də yaşanmış həyatın, Vətən sevgisinin və mübarizə ruhunun izi hiss olunurdu.
Türkiyədən gələn tanınmış aparıcı və sunucu Arzu Yılmaz Dağdemir də tədbirin ən yadda qalan simalarından biri idi. O, Abdulla Oripovun ev-muzeyində keçirilən tədbirin birinci hissəsində Türkiyə tərəfdən aparıcılıq etdi. Onun özünəməxsus səsi, səhnə davranışı, Yunus Əmrədən və Mövlanədən səsləndirdiyi şeirlər tədbirə xüsusi bir ruh qatdı. Arzu xanım Türkiyədə tanınan, öz yolu, öz dəst-xətti olan aparıcıdır. Onu yaxından görmək, onun insanlığına, xarakterinə, dünyagörüşünə və fikir mübadiləsindəki səmimiyyətinə şahid olmaq mənim üçün çox xoş oldu . O həm də tədbirin aparıcılığını çox böyük məharətlə həyata keçirdi. Festivalın
Türkiyə təmsilçisi Cahid Günayı da xüsusi qeyd etmək istəyirəm. O, festivala əliboş gəlməmişdi. Özü ilə bayraqlar, bayraq nişanları, kitablar və müxtəlif hədiyyələr gətirmişdi. Gətirdiyi bayraqları digər dövlətlərin nümayəndələri ilə dəyişir, hər görüşə xüsusi bir qardaşlıq ruhu qatırdı. Onun çıxışları da çox səmimi və yadda qalan oldu. Cahid Günay mənə iki kitabını — “Hicran vaxtı” və “Vüsal vaxtı” kitablarını hədiyyə etdi. Bu kitablar həm adları, həm də bir-biri ilə bağlı poetik ruhu baxımından çox maraqlı idi. Kitabların üz qabığında verilmiş simvollar, xüsusilə papatyalar mənim diqqətimi çəkdi. Üz qabığında rəssam, şair dostumuz Sehran Allahverdinin işlədiyini dedikdə isə qürur duydum. Bu kitab hədiyyəsi də səfərdən gətirdiyim mənəvi xatirələr sırasında öz yerini aldı.
Oteldə keçirilən şeir gecələrinin birində Türkiyədən gələn şair Nurten Sezgin öz həyatından, öz taleyindən doğan bir şeir səsləndirdi və hamımızı kövrəltdi. Onun şeirindəki səmimiyyət, yaşanmışlıq və daxili ağrı salonda olan hər kəsə təsir etdi. Nurten xanım tədbirə qızı Sinem Keleşlə qatılmışdı. Sinem xanım çox ağıllı, zəkalı bir xanım kimi yaddaşımda qaldı. Ana və qızın səmimiyyəti, insanlarla münasibəti və ədəbiyyata olan yaxınlığı mənim üçün unudulmaz xatirələrdən biri oldu.
Qazaxıstandan gələn iştirakçılar arasında Alikulova Güldana Kaldibekkızı da mənim yaddaşımda xüsusi qaldı. O, çox şən, həyat dolu, istedadlı və səmimi bir insan təsiri bağışlayırdı. Qazaxıstanın Kurmanqazı adına Konservatoriyasının məzunu olmuş bu xanım vətənində tanınmış müğənnidir. Onun davranışında uşaq kimi saf, işıqlı bir enerji vardı. Belə insanlar səfərin ümumi ovqatına ayrıca rəng qatır. Güldana xanım da bu festivalda tanıdığım maraqlı və xoş xatirə kimi yaddaşımda qalan insanlardan biri oldu.
Həmin gün tədbirdə rəsmi çıxışlarla yanaşı musiqi nömrələri də təqdim edildi. Günün ikinci yarısında isə Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkiyədən gələn nümayəndələrə Abdulla Oripov adına, Atatürk adına, Turan Birliyi və Türk Birliyi adına medallar, təşəkkürnamələr və müxtəlif mükafatlar təqdim olundu. Bu təltiflər təkcə bir mərasim xarakteri daşımırdı; illər boyu ədəbiyyata, türk dünyasının mədəni yaxınlaşmasına, sözə və sənətə xidmət edən insanların əməyinə verilən qiymət idi.
Məni xüsusilə sevindirən məqamlardan biri gənc şair dostlarımızın da bu diqqətdən kənarda qalmaması oldu. Qəhrəman Kamiloğlu artıq illərdir bu ədəbi mühitin içindədir, Yazıçılar Birliyinin üzvüdür, iki kitab müəllifidir və öz imzasını formalaşdıran gənc qələm adamlarımızdandır. Onun təltif olunması məni səmimi şəkildə sevindirdi. Ülkər Nicatlı da uşaqlıq yaşlarından ədəbiyyata gəlmiş, ustadlar görmüş, poetik duyumu və gözəl qələmi ilə seçilən gənc şairlərimizdəndir. Onların mükafatlandırılması mənim üçün sadəcə rəsmi hadisə deyildi; əziz dostlarımın sevincinə ürəkdən şərik olmaq idi.
Bədii qiraətçimiz Gülnar Əhmədovanın da təltif olunması tədbirin yaddaqalan məqamlarından biri oldu. Onun sevincini görmək, bu sevincə ortaq olmaq çox xoş idi. Çünki belə səfərlərdə insan yalnız öz uğuruna yox, dostlarının uğuruna da sevinməlidir.
Bəzən bir mükafat təkcə onu alan adamın deyil, onun yanında olanların da yaddaşına yazılır. Orada təltiflərlə yanaşı iştirakçılara Abdulla Oripovun ailəsinin hazırladığı hədiyyələr də təqdim olundu. Hamı sevincli və fərəhli idi. Bu dostluq görüşməsinin ən gərəkli tərəfi də elə bu idi.
Təltiflər başa çatdıqdan sonra otelə qayıtdıq. Amma səfərin ədəbi ovqatı bununla bitmirdi. Ertəsi gün bizi Özbəkistan Yazıçılar Birliyində görüş gözləyirdi.
Özbəkistan Yazıçılar Birliyi çox maraqlı və özünəməxsus atmosferi olan bir məkanda, parkın içində yerləşir. Ətrafda müxtəlif mədəniyyət mərkəzləri, ədəbi mühitin nəfəsini hiss etdirən binalar vardı. Parkın həyətində Xalq şairlərinin heykəlləri qoyulmuşdu. Ölkəsinin şairlərinə böyük ehtiram və nəvazişi Özbəkistan ədəbi mühitini digər ölkələrə örnək kimi göstərilə bilər. Biz Yazıçılar Birliyinin konfrans zalına daxil olduq və orada gözəl bir tədbir baş tutdu.
Həmin tədbirdə mən də çıxış etməli idim Əvvəlcədən hazırladığım məruzəni tam oxumadım. Bunun bir səbəbi vardı: istəyirdim ki, gənc şairlərimiz də söz alsın, onlar da bu beynəlxalq ədəbi mühitdə öz səslərini duyursunlar. Təəssüf ki, vaxt darlığı buna imkan vermədi. Çünki tədbirdə müxtəlif ölkələrin nümayəndələri çıxış edirdi və təxminən iki saat davam edən görüşün sonunda zaman artıq yetərli olmadı.
Amma mən həmin gün başqa bir qərar vermişdim. Abdulla Oripovun ev-muzeyini gördükdən sonra içimdə tamam başqa bir duyğu yaranmışdı. Azərbaycandan düşünərək gətirdiyim şeirləri səsləndirmək əvəzinə, elə həmin gecə Abdulla Oripovun ev-muzeyinə həsr etdiyim yeni bir şeir yazdım. Bu şeir sanki öz-özünə gəldi. Mən onu yazmadım, elə bil o, həmin evin ruhundan, o evdə gördüyüm ata məhəbbətindən, övlad sevgisindən, xatirənin diri qalmasından doğuldu.

 

Abdulla Oripovun ev-muzeyinə

Qaranlıq, sakitlik, qatar səsləri,
Sanki uzaqlardan gətirir xəbər.
Sakitcə dinləyib səssizliyi mən,
Yenə yuxusuzam, yenə dərbədər.

Bir şair eşqinə yola düşmüşəm,
Gəlib yetişmişəm xatirələrə.
Çiçəkli bağ-bağça nə qədər doğma,
Sanki mən də burda böyüdüm elə.

Hər ötən şəkildə bir həyat donur,
Hər əşya bir ümid, bir təsəllidir.
Bu evin ruhunu belə şux edən
Mənə əyan olub, mənə bəllidir.

Bu yazı masası — eynən özüdür,
Bu çap makinası, bu da kitablar.
Nəvə-nəticələr farağat durub,
Kitab paylayırlar, imzalayırlar.

Burda bir şairin ruhu dolaşır,
Yetişir dostlara, yetişir yada.
Sözünün işığı sönmür bu evdə,
Dönür könüllərdə xəyaldan ada.

Atalar şair də olar, bağban da,
Hardadır ömrümün gözəl illəri?
Özü köçüb getdi fani dünyadan,
Taxt-tac qurubdu xatirələri.

A. F

Əlişir Nəvainin 585 illiyi və Abdulla Oripovun 85 illiyi münasibətilə hazırladığım məruzə-məqaləni tam şəkildə çap etdirməyi qərara aldım. Tədbirdə isə yalnız onun bir hissəsini danışdım. Daha çox Abdulla Oripovun ev-muzeyində gördüyüm ruhdan, onun övladlarının, nəvə-nəticələrinin böyük şairə olan sevgisindən, o evdə yaşayan ata məhəbbətindən söz açdım. Sonra isə həmin gecə yazdığım şeirdən bir parçanı oxudum. Çünki dostlarımı da o kürsüdən dinləmək istəyirdim. Yalnız təşkilatçılar qonaqların çoxluğundan vaxtı, zamanı bölə bilmədilər. Dostlar sonrakı günlərdə həm Özbəkistan TV-sinə, həm də şeir saatlarında özlərini daha gözəl göstərə və anlata bildilər.
Özbəkistan Yazıçılar Birliyindəki görüşdən sonra Taşkənddə daha bir önəmli ünvanımız Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi oldu. Burada Azərbaycan ədəbiyyatına, kitabına, musiqisinə və milli yaddaşına göstərilən ehtiram bizi çox sevindirdi. Mərkəzin kitabxanasına Azərbaycandan gələn şair və yazıçılar öz imzaları ilə kitablarını təqdim etdilər. Bir çox kitab təqdimatları keçirildi, müəlliflər yeni nəşrləri haqqında danışdılar. Xalq yazıçısı Anarın kitabının təqdimatı da həmin görüşün diqqətçəkən məqamlarından biri idi.
Tədbiri mərhum şair Cavad Cavadovun qızı Jalə xanım aparırdı. Onun aparıcılığı görüşə səliqəli, ciddi və ədəbi bir ovqat verirdi. Kitab təqdimatlarından sonra Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyini də gəzdik. Daha sonra Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert proqramında iştirak etdik.
Konsertdə Xalq artisti Azər Zeynalovun oğlu İsmayıl Zeynalov da çıxış etdi. Həmçinin məşhur “Yalla” qrupunun solisti, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov Heydər Əliyevin sevdiyi Azərbaycan xalq mahnılarını ifa etdi. Onu gördükdə gözlərimə inana bilmədim, hətta onunla şəkil də çəkdirmək istədim. “Yalla” mənim uşaqlıq illərimin ən sevimli qruplarından biri idi. Nəinki mənim, o dövrdə doğulub böyüyən hər kəsin. Tədbirdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və digər ölkə rəsmiləri, incəsənət xadimləri, festival iştirakçıları da iştirak edirdilər.
Bu görüş Azərbaycan nümayəndə heyəti üçün çox maraqlı və qürurverici oldu. Uzaq Taşkənddə Azərbaycan ədəbiyyatına, musiqisinə, mədəniyyətinə və Heydər Əliyevin xatirəsinə göstərilən ehtiramı görmək səfərin yadda qalan məqamlarından biri kimi hafizəmdə qaldı. Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsertin musiqili dəqiqələri, Qazaxıstan və Qırğızıstandan gələn nümayəndələrin şənliyi, rəqslər və ümumi bayram əhval-ruhiyyəsi həmin günü daha da yaddaqalan etdi.
Taşkənddə olduğumuz günlərdən biri də xüsusi gözəlliyi ilə yadda qaldı.

Həmin axşam şəhərin parklarından birinə yollandıq. Bu park sanki başdan-başa işıqlardan hörülmüşdü. Rənglər, səslər, insanların sevinci və bayram ovqatı bir-birinə qarışmışdı. Parkın içində gözəl bir göl vardı və həmin gölün üzərində musiqili fontan nümayişi təşkil olunmuşdu.
Bu gözəl mənzərə 9 May — Qələbə Günü münasibətilə keçirilən bayram tədbirlərinə təsadüf edirdi. Beləcə, bizə Özbəkistan xalqının sevincinə, bayram əhval-ruhiyyəsinə yaxından şahid olmaq nəsib oldu. Bu mənim üçün çox xoş və unudulmaz idi. Çünki bəzən səfərin ən gözəl anları əvvəlcədən planlaşdırılan tədbirlərdə deyil, gözlənilmədən qarşılaşdığın belə canlı, səmimi və xalq ruhunu əks etdirən məqamlarda yaşanır.
Bu axşamın baş tutmasında nümayəndə heyətimizin üzvü, tədbirə Rusiyadan qatılmış azərbaycanlı şair Solmaz Həsənova xanımın xüsusi rolu oldu. O, bizim üçün taksilər çağırdı, hamımızın rahat şəkildə həmin məkana getməsinə kömək etdi. Biz böyük sevinc və maraqla yola düşdük. Hər birimizin üzündə eyni həyəcan vardı: Taşkəndin bayram axşamını görmək, insanların sevincinə qarışmaq, həmin gözəlliyi öz gözlərimizlə seyr etmək.
Orada gördüyümüz mənzərəni sözlə ifadə etmək çətindir. Musiqinin ritminə uyğun hərəkət edən su, işıqların rəngdən-rəngə düşməsi, gölün üzərində yaranan sehrli görüntü, parkı dolduran insanların sevincli baxışları — bütün bunlar insan əli ilə yaradılmış gözəlliyin necə təsirli ola biləcəyini göstərirdi. Sanki su, işıq və musiqi birləşib Taşkəndin gecə səmasında ayrıca bir bayram dastanı yazırdı.
O axşam mən bir daha düşündüm ki, şəhərlərin ruhu yalnız onların qədim abidələrində, muzeylərində, tarixi küçələrində yaşamır. Şəhərin ruhu həm də onun axşamlarında, parklarında, bayram sevincində, insanların üzündəki təbəssümdə görünür. Taşkəndin həmin işıqlı axşamı da mənim yaddaşımda belə qaldı: rəngli, musiqili, sevincli və insanı uzun müddət tərk etməyən bir xatirə kimi.
Səfərimizin dördüncü günü artıq Səmərqəndə yola düşdük. Səmərqənd — qədim abidələri, məqbərələri, məscidləri və tarixin hər daşında nəfəs aldığı möhtəşəm bir şəhərdir. Bu şəhərə qədəm qoyanda insan sanki yalnız bir məkana deyil, əsrlərin içindən keçən böyük bir yaddaşa daxil olur.
Düzdür, Səmərqəndi bir qədər tələsik gəzdik. Bibi-Xanım məqbərəsində, Əmir Teymurun məqbərəsində olduq, qədim memarlığın, ucalığın, insan əli ilə yaradılmış əzəmətin qarşısında heyranlıqla dayandıq. Səmərqəndin ab-havası, küçələri, insanlarının sakit və mehriban ovqatı mənə çox yaxşı təsir etdi. Bu şəhərin özünəməxsus bir ruhu var: həm qədimdir, həm canlı; həm tarixdir, həm də bu günün nəfəsidir.
Səmərqənddə ən çox görmək istədiyim məkanlardan biri də Reqistan meydanı idi. Bu meydan Orta Asiyanın ən məşhur tarixi abidələrindən sayılır. “Reqistan” “qumlu yer” mənasını verir. Qədim dövrlərdə meydan Səmərqəndin siyasi, elmi və ticarət mərkəzi kimi tanınıb. Reqistan meydanı 2001-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Səmərqənd Tarixi Mərkəzinin əsas hissələrindən biridir.
Səmərqənddən sonra Buxaraya yola düşdük. Amma Buxara mənim yaddaşımda tamam başqa bir iz buraxdı. Elə bir iz ki, mənə elə gəlir, heç zaman silinməyəcək.
Buxarada qədim şəhərin içində yerləşən, sanki şəhər içində şəhər olan əski məkana daxil olduq. Sonradan dəqiqləşdirdim ki, bu məkan Ərk qalası, yəni Buxara qalası idi. Ərk qalası Özbəkistanın qədim və məşhur tarixi abidələrindən biridir. Əsrlər boyu Buxara hökmdarlarının iqamətgahı və dövlət idarəçiliyinin mərkəzi kimi fəaliyyət göstərib. Müxtəlif dövrlərdə Samanilər, Şeybanilər və Buxara əmirləri burada hakimiyyət sürüblər. XIX əsrdə qala Buxara Əmirliyinin siyasi mərkəzi olub.
Qala hündür torpaq üzərində tikilib, güclü müdafiə divarları və böyük giriş qapısı ilə seçilir. İçərisində məscid, xəzinə, taxt zalı, həbsxana və yaşayış otaqları yerləşir. Məhz buna görə bu qala insanda “şəhər içində şəhər” təsəvvürü yaradır. Bu gün muzey kimi fəaliyyət göstərir və Buxaranın tarixini yaşadır.
Əvvəlcə dar və uzun bir keçiddən keçdik. Sonra birdən-birə işıqlı bir genişliyə çıxdıq və qarşımızda qədim Buxaranın mənzərəsi açıldı. O an insana elə gəlirdi ki, real həyatda deyil, hansısa filmin, nağılın, tarixi bir dastanın içindədir. Oradakı meydanlar, dar keçidlər, qədim divarlar, muzey məkanları, həbsxana kimi qorunub saxlanmış yerlər — hamısı keçmişin canlı şahidləri idi.
Mənə elə gəlirdi ki, bu yerlərdə vaxtilə bir çox sovet filmlərinin səhnələri çəkilib. “Səhranın bəyaz günəşi”, “Ələddinin sehrli çırağı” kimi filmləri bu silsiləyə aid etmək olar. Hamısının dəqiq adlarını indi xatırlamasam da, həmin mənzərə mənə çox doğma gəldi. Sanki uşaqlıqdan gördüyüm filmlərin, eşitdiyim nağılların, tarixdən oxuduğum hadisələrin içində addımlayırdım.
Buxaranın ən böyük təsiri də məhz bunda idi: orada tarix sadəcə qorunmurdu, yaşayırdı. İnsan öz keçmişini bu qədər gözəl saxlaya biləndə, o keçmiş artıq yalnız muzey eksponatı olmur; xalqın ruhuna, şəhərin simasına, gələn qonağın yaddaşına çevrilir. Mən orada bir daha düşündüm ki, insanın tarixinə sahib çıxması, şəhərinin yaddaşını qoruyub gələcək nəsillərə ötürməsi ən böyük mədəniyyət nümunələrindən biridir.
Qədim şəhəri gəzdikdən sonra Buxarada başqa bir gözəl hadisəyə də şahid olduq. Həmin gün şəhərdə daha bir festival keçirilirdi və biz də təsadüfən həmin bayram ab-havasına qoşulduq. Bu, konsert proqramı idi. Meydanda müxtəlif türk dövlətlərinin bayraqları dalğalanırdı və onların arasında Azərbaycan bayrağını görmək bizi xüsusi sevindirdi. Uzaq bir şəhərdə öz bayrağını görmək insana qəribə bir doğmalıq hissi verir. O an anlayırsan ki, Vətən bəzən sadəcə torpaq deyil, uzaqda gördüyün bir rəng, bir bayraq, bir tanış səsdir.
Bu səfər mənə bir daha göstərdi ki, yalnız Türkiyəyə deyil, digər türk dövlətlərinə də mütləq səfər etmək, onların şəhərlərini, insanlarını, tarixini, ədəbiyyatını yaxından tanımaq lazımdır. Xüsusilə ədəbiyyat festivalları, şair və yazıçı görüşləri bu baxımdan çox önəmlidir. Çünki belə görüşlər yalnız rəsmi tədbirlər deyil; onlar xalqlar arasında söz körpüsüdür, fikir mübadiləsidir, dostluqdur, tanışlıqdır, yeni ilham qaynağıdır. Buxaranın axşamları bir ayrı gözəllik idi. Getdiyimiz ev-otel isə sanki kiçik tarixi saray idi. Hər tərəf qədim fiqurlarla bəzənmişdi, köhnə evdə ailənin özü də yaşayırdı. Əfsanənin içində yaşanılmış o bir günü də belə keçirdik.
Şair və yazıçıların, xüsusilə gənc qələm adamlarının belə səfərlərə qatılması onların dünyagörüşünü genişləndirir, yaradıcılıq imkanlarını artırır, başqa xalqların ədəbi nəfəsi ilə tanış olmasına şərait yaradır. Bəzən bir görüş, bir səfər, bir şəhər, bir muzey, bir söhbət insanda yeni şeirlərin, yeni yazıların, yeni duyğuların başlanğıcına çevrilir.

Bu səfər mənim üçün çox səmərəli və mənalı oldu. Səfərin təşkilində böyük əməyi olan festivalın Azərbaycan təmsilçisi İlqar Türkoğluya çoxlu təşəkkür düşür. Mənə elə gəlir ki, bu duyğulardan, bu görüşlərdən, bu şəhərlərin ruhundan hələ yeni-yeni şeirlər, yazılar, xatirələr doğulacaq. Çünki bəzən səfərlər bitmir. Təyyarə geri qayıdır, yollar tamamlanır, şəhərlər arxada qalır, amma insanın içində başlayan yol hələ uzun müddət davam edir.
Böyük fərəh və sevinc hissi ilə deyə bilərəm ki, Xalq şairi, Xalq qəhrəmanı Abdulla Oripovun adına təltif medalı ala bilməsəm də, onun qızını tanımaq, gecəni yatmayıb ona yazdığım şeiri oxumaq mənə izah etdi ki, şairin ruhu məni qarşılayıb və öz qonağından məmnun olub. Yəni mən orada şairi anlamayıb, ruhunu duymayıb qucaq dolu təltiflə və dolayısı yolla əliboş vətənə dönmədim. Əlbəttə, kiçik bir dəmir parçası qırılır, itir və ya ucları didilmiş sertifikat kitabçası, yaxud təsdiq olunmamış sənədə layiq görülmək və ya görülməməyin heç bir mənası yoxdur. Əsas sevgidir. Mən Vətəndən apardığım sevginin ikiqatı ilə Vətənə döndüm. Rəhbərimiz demişkən, Vətəndən Vətənə döndüm. Yaşasın Türk dünyası. Turan birliyimiz. Məqsəd, amal budur.
Azərbaycanın ədəbi mühitində də çevriliş olsun istərdim. Dəyər, qiymət barədə digər türk xalqlarından öyrənəcəyimiz çox şey var.
Taşkəndin işıqları, İslam Sivilizasiyası Mərkəzinin tarixi zənginliyi, Abdulla Oripovun ev-muzeyinin ruhu, Şairə xanımın atasına olan sevgisi, Nəsibə xanımın ebru sənəti, Solmaz xanımın səmimiyyəti, Hamiyə Dimoğlu Çınarın tarixə həssas yanaşması, Arzu Yılmaz Dağdemirin səsi və aparıcılığı, Cahid Günayın kitab hədiyyəsi, Ülkər Nicatlının böyük ürəyi, dostluğa kövrək sədaqəti, əzmi, şıltaqlığı səfər yaddaşımda hələ uzun müddət qalacaq. Nurten Sezginin məni ağladan kövrək şeiri, Sinem Keleşin səmimiyyəti, Güldana xanımın işıqlı enerjisi, Rahmat Boboionun qayğıkeşliyi, Azərbaycan Mədəniyyət Mərkəzində yaşadığımız qürur, Səmərqəndin əzəməti, Reqistan meydanının tarixi, türkü türkə tərcümə etməyim, onların hər birini anlamağım, özümü aşan sevgim, Buxaranın dolanbac nağıl küçələri və yol yoldaşlarımın unudulmaz simaları mənim yaddaşımda elə bir dəftərçəyə yazıldı ki, onu zamanın siləcəyinə inanmıram.

Səfər dəftərçəsi

Aysel Fikrət

Share: