Türk dünyasının söz yaddaşı: Əlişir Nəvai və Abdulla Oripov irsinə ehtiram – Aysel Fikrət

Türk dünyasının söz yaddaşı: Əlişir Nəvai və Abdulla Oripov irsinə ehtiram – Aysel Fikrət

 

Özbəkistan Respublikasında 8–15 may 2026-cı il tarixlərində keçirilən, klassik türk ədəbi düşüncəsinin böyük zirvəsi Əlişir Nəvainin 585 illiyinə və Özbəkistanın Xalq şairi, Xalq Qəhrəmanı Abdulla Oripovun 85 illiyinə həsr olunmuş bu ədəbi-mədəni festivalda iştirak etmək mənim üçün böyük qürur və mənəvi məsuliyyətdir.
Əvvəlcə dahi mütəfəkkir, klassik özbək şairi Əlişir Nəvaini dərin ehtiramla yad etmək istəyirəm. Əlişir Nəvai yalnız özbək ədəbiyyatının deyil, bütövlükdə türk dünyasının böyük söz və fikir dahisidir. O, türk dilinin qüdrətini, ana dilinin bədii imkanlarını, milli sözün mənəvi və poetik gücünü əsrlər öncə dünyaya göstərmiş böyük şəxsiyyətdir. Onun yaratdığı əsərlər düşüncənin böyük amalı kimi bu gün də öz dəyərini qoruyur.
Nəvainin yaradıcılığı onun şəxsiyyətini anlamaq üçün də ilkin qaynaqdır. “Xəmsə”si, divanları, elmi-filoloji və dini-təsəvvüfi əsərləri onun yalnız şair deyil, həm də alim, mütəfəkkir, xeyriyyəçi və mənəviyyat yolçusu olduğunu göstərir. “Nəvai” təxəllüsü avaz, ahəng, nəğmə və ruh qidası mənalarını daşıyır. Doğrudan da, onun sözü əsrlərdir türk dünyasının mənəvi nəvası kimi səslənir. “Fani” təxəllüsü isə dünyanın keçiciliyi qarşısında əbədi mənaya yönələn müdrik bir ruhun ifadəsidir.
Bu gün ehtiramla yad etdiyimiz Xalq şairi Abdulla Oripov isə müasir özbək poeziyasının parlaq zirvələrindən biridir. Abdulla Oripov özbək poeziyasının görkəmli nümayəndəsi, Özbəkistan Xalq şairi, Özbəkistan Qəhrəmanı, dövlət və ictimai xadim olmuşdur.
O, özbək xalqının milli ruhunu, Vətən sevgisini, insan taleyini və mənəvi ucalığını böyük poetik qüdrətlə ifadə edən sənətkardır. Onun “O‘zbekiston — Vatanim manim” ruhu ilə səslənən poeziyası bütöv bir xalqın Vətənə bağlılığının, qürurunun və mənəvi kimliyinin ifadəsidir. Abdulla Oripovun yaradıcılığında Vətən yalnız torpaq deyil, insanın taleyi, vicdanı, mənəvi dayağı və qürur mənbəyidir. O, sadə sözlə böyük həqiqətləri deməyi bacaran şair idi; onun şeirlərində xalqının nəfəsi, torpağının səsi, insan qəlbinin ağrısı, ümidi və işığı yaşayır. Özbəkistan Respublikasının Dövlət Himninin mətninin müəllifi kimi Abdulla Oripov xalqının dövlətçilik yaddaşında da əbədi yer qazanmışdır.
Mən Abdulla Oripovun 85 illiyinə həsr olunmuş bu tədbirdə çıxış etməkdən çox qürur duyuram. Çünki onun yazıb-yaratdığı ədəbi dövr mənə çox doğmadır. Dünən şairin ev-muzeyində olduğum zaman oradakı ab-hava məni dərindən təsirləndirdi. Onun qız övladlarını və həyat yoldaşını gördükdə Abdulla Oripov mənim gözlərim önündə təkcə böyük bir şair kimi deyil, həm də bir ata, bir həyat yoldaşı, bir ailə ocağının mənəvi dayağı kimi canlandı.
Mən də bir şair övladıyam. Ona görə bir övladın ata irsini yaşatmasının, onun yaradıcılığını qorumasının, o ocağı sönməyə qoymamasının nə qədər müqəddəs bir missiya olduğunu yaxşı anlayıram. Dünən şairin həyat yoldaşının mənə Abdulla Oripovun kitabını hədiyyə etməsi mənim üçün böyük xatirə oldu. Üzərində dördlüklər yazılmış o kitab mənə sadəcə bir nəşr kimi deyil, sözün, ruhun və böyük bir ömrün yadigarı kimi çox doğma gəldi.
Əziz ədəbiyyata könül vermiş dəyərli insanlar!
Bizdən əvvəl yaşayıb-yaratmış, ədəbiyyata böyük töhfələr vermiş şair və yazıçıları anmaq, onların irsini yaşatmaq bizim mənəvi borcumuzdur. Əgər biz onları unutsaq, zaman da bir gün bizi unutdurar.
Azərbaycan və Özbəkistan xalqları ortaq türk mədəniyyətinin, ortaq söz yaddaşının və mənəvi qardaşlığın daşıyıcılarıdır. Nizaminin, Füzulinin, Nəsiminin sözü ilə Nəvainin, Baburun, Abdulla Oripovun sözü arasında dərin mənəvi bağlılıq vardır. Bu bağlılıq ruh qohumluğudur.
Əlişir Nəvai klassik türk sözünün əzəmətini, Abdulla Oripov isə müasir özbək poeziyasının mənəvi gücünü təmsil edir. Onların irsi yalnız öz xalqının deyil, bütün türk dünyasının ortaq gücünü tərənnüm edir.
Ürəyimdə çox qəribə bir hiss var. Mənə elə gəlir ki, illər əvvəl atamın Özbəkistan səfərində Abdulla Oripovla tanışlığı, əlbəttə ki, olub. Bu gün ilk işim arxiv şəkillərində Özbəkistan xatirələrini vərəqləmək olacaq. Yadımdadır, atam oradan mənə özbək paltarı, qardaşlarıma araxçın gətirmişdi. Özbəkistan o vaxtdan mənə çox maraqlı gəlirdi.
Böyük və mənalı hissdir insanın doğma atasının ruhunu və müqəddəs poeziya irsini yaşatmaq, onu nəsildən-nəslə yetirmək. Şairə xanımı bu barədə ürəkdən təqdir edirəm. Ona valeh olmamaq mümkün deyil. Onun atasının xatirəsinə olan sədaqətində mən həm övlad məhəbbətinin ucalığını, həm də şair ruhunun ölməzliyini gördüm.
Bu önəmli festivalda iştirakım üçün Abdulla Oripov adına ev-muzeyinə, festivalın Azərbaycan təmsilçisi İlqar Türkoğluna dərin təşəkkürümü bildirirəm. Burada olmaq, bu böyük adların işığında söz söyləmək, türk dünyasının ədəbi yaddaşı ilə bir daha üz-üzə dayanmaq mənim üçün unudulmaz mənəvi qazancdır.

Share: